Ən yaxşı tərbiyə - yaxşı nümunədir
Bizi izləyin

Qırmızı.az

Ən yaxşı tərbiyə - yaxşı nümunədir

Ən yaxşı tərbiyə - yaxşı nümunədir

Məşhur fransız filosofu Oqyüst Kant "Həyatda ən çox güvəndiyim şəxs müəllimdir, çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür." kəlamı ilə müəllimin xalqın, millətin taleyində oynadığı rolu xüsusi dəyərləndirmişdir.

Böyük rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinski isə demişdir: "Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür".

Ulu öndər Heydər Əliyev "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram." demişdir. Təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız "Xalq Müəllimi" fəxri adını mənmuniyyətlə qəbul etmişdir.

Xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla izah olunur ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində məhz müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malik bir qüvvə hesab olunur. Dövründən asılı olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi qəbul edilmişdir.

Müasiri olduğumuz cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək bir az çətindir. Lakin bir şey aydındır ki, müəllim və şagird, bu iki anlayış, bu iki əməkdaşlıq həmişə olub və qətiyyətlə demək olar, yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, insan cəmiyyəti mövcud olan hər bir dövrdə daim olacaqdır. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə biz müəllimlərin üzərinə düşür. Məhz müəllim öz şagirdlərini, tələbələrini müasir metodlara əsaslanan bilik və bacarıqlara yiyələndirərək gələcəyə yol açır.

Həyatımızın bütün sahələrində aparılan yeni islahatlar bir daha bunu sübut edir ki, müasir biliyə və təcrübəyə əsaslanan dünya inkişaf edəcəkdir. Yəni, sadəcə bilik toplamaq yetərli deyil, biliklərin bacarıqlara çevrilməsi əsasdır. Elm, təhsil və innovasiyalar müasir təhsil sistemində ən çox rastladığımız terminlərdəndir. Müasir təhsil sistemində tətbiq edilə biləcək müasir yanaşma və metodlar insanın həyatı boyu kompetensiyalara sahib olmasına yönəldilmişdir. Burada təhsilin pillərəri üzrə dünyanın təcrübəsini öyrənərək çoxlu nailiyyətlər qazanmaq danılmazdır.

İstər orta məktəb olsun, istərsə də ali təhsil ocağı, onların əsas statusu təkcə təhsil vermək, təhsil prosesini təşkil etmək deyil. Yəni, dərs keçmək xatirinə dərs keçmək deyil, hərtərəfli şəxsiyyətin inkişafına çalışmaq lazımdır. Bu yolda, bu sahədə bütün tədbirləri elə görmək lazımdır ki, görülən işi, aparılan islahatı, sadəcə olaraq, təhsil funksiyasını yerinə yetirmək kimi deyil, bütün sahələrə nüfuz edərək cəmiyyətdə status qazanmaq lazımdır.

Çalışmaq lazımdır ki, hər bir orta məktəb və ya ali təhsil ocağı təkcə regional miqyasda deyil, beynəlxalq miqyasda müəyyən arenaya çıxsın, təkcə respublika səviyyəsində deyil, xarici ölkələr tərəfindən lazımı səviyyədə tanınsın. Burada belə bir deyimi xatırlatmaq yerinə düşərdi. Deyirlər ki, Amerikada ali təhsil ocaqları ona görə güclü deyil ki, onlar güclü Amerika dövlətinin tərkibindədir, əksinə, Amerika ona görə güclü dövlətdir ki, onun güclü ali təhsil ocaqları var. Hər bir ali təhsil ocağı o dövlətin hərəkətverici qüvvəsi olmalıdır. Bu qüvvə də öz vüsətini hələ məktəbəqədər tərbiyyə müəissəsindən alaraq, orta məktəbdə daha da inkişaf etdirir.

Təhsil vermək nə qədər çətindirsə, onu qiymətləndirmək bir o qədər çətindir. Dahi rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoyun müdrik və bu məqamda çox yerinə düşəcək bir kəlamını xatırlatmaq istərdim: “Ən yaxşı tərbiyə - yaxşı nümunədir.”

Mən də bu kəlama istinad edərək, beynəlxalq səviyyədə əldə etdiyim xarici təcrübəmi hörmətli oxucularla bölüşmək istərdim.

Mən 14 ildir ki, orta məktəbdə fransız dilini tədris edirəm. Öz fənnimin tədrisində ən çox qarşılaşdığım problemlərdən biri şagirdlərimin fransız dilində ünsiyyətdən çəkinmələridir. Bu məsələ ilə əlaqədar olaraq, internetdə çox araşdırmalar etdim, universitetimizin metodisti ilə müzakirələr apardım. Aydınlaşdı ki, bunun əsas səbəbi, heç şübhəsiz ki, ünsiyyət mühiti zamanı həqiqi dil daşıyıcılarının olmamasıdır. Belə qərara gəldik ki, birlikdə elə bir iş edək ki, bizim tapacağımız çıxış yolu bu çətinlikdə şagirdlərə kömək olsun. Şagirdlər fransız dilində yazmaqla, oxumaqla yanaşı, həm də qramatik materialı şifahi danışıqda, öz nitqlərində sərbəst işlədərək onlara maraqlı olan hər hansı bir mövzuda ünsiyyət qura bilsinlər.

Beləliklə biz, mövzu kimi ekologiya və ətraf mühitin müzakirəsini seçdik, layihə yazdıq. “Let us jointly protect our planet!” (“Gəlin planetimizi birgə qoruyaq!”) adlı layihəmizi 8-10-cu sinif şagirdləri ilə 4 həftə müddətinə həyata keçirdik.

Məqsədimizə nail olmaq üçün biz nəinki yerli şagirdləri bu işə cəlb etdik, həm də Fransadakı məktəblərin şagirdləri ilə “online” və “offline” əlaqə saxladıq, onlarla birlikdə bir neçə aksiyada iştirak etdik, həmçinin məsələyə yerli və xarici mütəxəssisləri cəlb etdik. Biz həm də bu layihəni həyata keçirməklə bütün dünyaya planetimizin gələcəyinin məhz biz insanların əlində olduğunu çatdırmaq istəmişik.

2012-cil ilin fevral ayında mən və həmkarım Azərbaycanda “2008–2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı”nın dəstəyi ilə “Microsoft Azərbaycan” və “Mədəd Azərbaycan” tərəfindən keçirilən müsabiqədə iştirak hüququ qazanmış 400 təhsil layihəsi arasından “Let us jointly protect our planet!” (“Gəlin planetimizi birgə qoruyaq!”) adlı innovativ tədris layihəsi ilə 1-ci yeri qazandıq. Sonra həmin ilin mart ayında Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Microsoft Pil-Network “Partners in Learning European Forum 2012” (“Avropa Təhsildə Əməkdaşlıq Forumu 2012”) yə eyni adlı layihə ilə qatılaraq orada da 46 ölkə, 82 layihə arasından 6 nominasiya üzrə 4 yerdən birində ölkəmizi layiqincə təmsil edərək “Extending Learning Beyond the Classroom” (“Sinifdənkənar tədris”) nominasiyası üzrə II yerə layiq görüldük. Bunun nəticəsinin davamı olaraq, 2012-ci ilin noyabr ayında Çexiyanın paytaxtı Praqada keçirilən Microsoft Pil-Network “Partners in Learning Global Forum 2012” (“Ümumdünya Təhsildə Əməkdaşlıq Forumu 2012”) də ölkəmizi Avropanın timsalında dünya arenasında 200-dək dövlət, 750-dək müəllim arasında yenə də layiqincə təmsil edərək fərqləndik.

Bu Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılar - orta məktəb müəllimləri 3 gün ərzində öz layihələrini bu sahədə ixtisaslaşmış jüri heyətinə və Forum iştirakçılarına müxtəlif dillərdə təqdim edir, onları maraqlandıran sualları cavablandırırlar. Həmin günlərdə eyni zamanda "Microsoft" korporasiyasının məsul əməkdaşları ilə görüşlər keçirilir, müsabiqənin Avropa və Dünya Forumu qaliblərinin təqdimatları dinlənilir, Foruma qatılan bütün dünya ölkələrinin iştirakçılarının iştirakı ilə “WorkShop”lar keçirilir, həmçinin yerli təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir.

Məlumat üçün qeyd edim ki, "Microsoft" şirkətinin təşəbbüsü olan "İnnovativ müəllimlər" müsabiqəsi hazırda dünyanın 100-dən artıq ölkəsində reallaşdırılır. Müsabiqənin təşkilində məqsəd hər ölkədə qabaqcıl, yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə şərait yaratmaqdır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi və "Microsoft-Azərbaycan" tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq Proqramı"nın tərkib hissəsi olan tədbirə "Ultra", "Mədəd", HP və AzEduNet kimi təşkilatlar da dəstək verir. Bu müsabiqə öhdəsinə Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdlərin XXI əsr vərdişlərinə yiyələnməsinə şərait yaratmaq vəzifələrini götürüb. Seçim və final olaraq 2 mərhələdə təşkil edilən müsabiqəyə 2011-ci ilin noyabrından start verilmişdi. Müsabiqəyə təqdim olunan 400 layihədən 25-i finala vəsiqə qazanmış və 2012-ci ilin fevralında onlardan 6-sı qalib seçilmişdi. Həmin layihələrin 9-u Bakıdan, digərləri isə bölgələrdən idi. 2 layihə I yerə, 2 layihə II yerə, 2 layihə isə III yerə layiq görülmüşdü. Layihələr münsiflər heyətinə “online” təqdim edilmişdi. Münsiflər heyəti “Microsoft”un Azərbaycan üzrə məsul əməkdaşı və əvvəlki müsabiqə qaliblərindən təşkil olunmuşdu.

Lissabonda keçirilən Avropa Forumu rəsmi və bədii hissədən ibarət böyük bir tədbirlə başa çatmış, sonda qaliblərə sertifikatlar təqdim olunmuşdu.

Bizim “Global Forum” (Beynəlxalq Forum) a təqdim etdiyimiz və fəal təlim metodlarına – kommunikativ və layihə metoda əsaslanan “Let us jointly protect our planet!” (“Gəlin planetimizi birgə qoruyaq!”) adlı innovativ layihəmiz ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə edirdi.

Layihəmizin ən önəmli xüsusiyyəti orta məktəb və universitet müəllimlərinin birgə fəaliyyətlərinin ümumilikdə pedaqoji tədrisin keyfiyyətinin artırılmasına xidmət etməsidir. Layihəmiz çərçivəsində əldə edilmiş təcrübə pedaqoji fakültələri olan ali məktəblərdə müvəffəqiyyətlə tətbiq edilə bilər.

Layihəmizi reallaşdırmaqda məqsədimizi sadalamaq istərdim.

1. Layihənin gedişi ərzində şagirdlər ətraf aləmin qorunması; təbiətin, havanın, suyun çirklənməsi;

2. Təbii enerjiyə, suya qənaət; vəhşi heyvanların, meşələrin mühafizəsi; ətraf aləmin zibillənməsinin nəticələri haqqında maariflənmək, əldə etdiyi biliyi tədqiqat apararaq öyrənmək;

3. Ətraf aləmi qorumaq haqqında təkliflər vermək və fikirlərini əsaslandırmaq; ətraf aləmin zibillənməsinə qarşı hərəkət etmək, iş görmək; təbliğat aparmaq, həmyaşıdlarını bu işə cəlb etmək;

4. Özlərində həm dil və həm də sosial bacarıqlar formalaşdırmaq kimi vərdişləri təkmilləşdirmək və bu dilin vasitəsilə beynəlxalq arenaya çıxmaq;

6. Ən əsası isə XXI əsr bacarıqlarının şagirdlərdə formalaşmasına zəmn yaratmaq (veb2 alətlərdən istifadə, əməkdaşlıq, iş bölgüsü və s.);

5. Bütün bu işlərin beynəlxalq arenada yayılmasında xarici dilin (Fransız dilinin) vacib bir alət kimi istifadə olunması.

Bütün bu məqsədləri həyata keçirdikcə, şagirdlərdə çoxsaylı bacarıqlar formalaşır. Bunları qeyd etmək istərdim: XXI əsrin vərdişləri; əməkdaşlıq,ünsiyyət, qrupla işləmək,öz fikrini sərbəst söyləmək,təhlil etmək,tədqiqatçılıq, sosial vicdan məsuliyyətinin dərki və s. .

Qeyd etdiyim kimi, proyektimizin məqsədi fransız dilinin tədrisi üçün ekologiya mövzusunda ünsiyyət mühiti yaratmaq və şagirdləri fransız dilində ünsiyyətə cəlb etmək idi. Bu məqsədlə biz, şagirdləri fransız dilində danışmağa sövq edəcək yeni-yeni və müxtəlif ünsiyyət mühiti yaratmağı düşündük. Dünyada qlobal, ümumbəşəri bir problem olan, ətraf aləmin mühafizəsi, çirklənmənin qarşısının alınması ilə bağlı şagirdləri həmin il şəhərimizdə keçirilən “Eurovision” mahnı müsabiqəsinə gələn xarici turistlərlə - canlı dil daşıyıcıları ilə ünsiyyətə cəlb etdik. Burada da şagirdlər nitqlərində qrammatik materialların konteksdə necə işlədilməsinin əyani şahidi olur, öz fikirlərini ifadə etməyə səygöstərirdilər. Belə dil mühitində şagirdlər ünsiyyət, müzakirə, fikirlərini fransız dilində ifadə etmək bacarıqlarına yiyələnirlər.

Bu prosesdə həmçinin şagirdlərdə əməkdaşlıq, ünsiyyət,müzakirə, analiz, hesablamabacarıqları formalaşır. Bununla yanaşı, şagirdlər müstəqil fikir yürütmək, müşahidə etmək, təqdim olunan məlumatları analiz etmək, alınan biliklərin əhəmiyyətini dəyərləndirmək, bütün bunların sayəsində öz dünyagörüşünü formalaşdırmaq, faktlarla danışmaq, danışarkən öz fikrini əsaslandırmaq, müxalif fikrə hörmətlə yanaşmaq və s. bacarıqlara yiyələnirlər ki, bunlar da layihə metoduna xasdır.

Müzakirələrin fransız dilində təşkilini aktiv saxlamaq məqsədi ilə layihəmizlə eyni adlı facebook səhifəmizdə “Eurovision” mahnı müsabiqəsi tədbiri ilə bagli reklam şəkilləri yerləshdirdik, müzakirəyə frankofonları (həm Azərbaycanda, həm də xaricdə olan fransız dilli şagird, tələbə, müəllim - fransız dilini bilən hər kəsi) cəlb etdik və müzakirəni layihə mövzumuzla əlaqələndirdik. Bu, şagirdlərdə virtual ünsiyyət , fikir mübadiləsi etmək, fransız dilində öyrəndiklərini tətbiq etmək və İKT bacarıqlarını formalaşdırır.

“Eurovision” la bağlı şəhərimizə gələn xarici qonaqlarla şagirdlərin, tələbələrin dəniz kənarında, “Kristal Hall”un ərazisində goruş və söhbətlərini təşkil etdik, bu söhbətləri videolentə aldıq, şəkillər çəkdik. Bunları film şəklində hazırladıq. “Eurovision” la bağlı şagirdlərin hazırladıqları sujetlər / şəkillər facebook səhifəmizdə paylaşıldı.

Şagirdlər məktəbdə ekologiya problemləri, onun yaratdığı ciddi fəsadlar, həmyaşıdlarının bu problemlərin qarşısının alınmasında müəyyən qədər əhəmiyyətli rol oynaya biləcək bir məsləhət guşəsi yaratdılar. Bu guşədə şagirdlər müntəzəm olaraq, həmyaşıdları arasında aparılan maariflənmə işlərinin nəticələrini məktəbdaxili nəşr etdikləri divar qəzetində yayımladılar.

Bu fəaliyyətlə şagirdlərdə tətbiq bacarığı formalaşır. Bununla şagirdlər özlərində nəticə çıxarmaq, problemin həlli yollarını tapmaq, planlaşdırmaq bacarıqlarını formalaşdırır.

5 may 2012-ci il tarixində ADU-da Amerika Mərkəzində Respublika üzrə 65 nəfərin iştirak etdiyi “Dil tədrisində layihə metodundan istifadə” seminarında “Fransız dilinin tədrisində layihə metodundan istifadə” mövzusunda təqdimat etdik. Bunda məqsəd qalibiyyətimiz və Microsoftla əməkdaşlıq nəticəsində təhsildə, öyrənmədə əldə edə biləcəyimiz daha böyük nailliyyətlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək və Təhsil Nazirliyinin əlaqədar nümayəndələrinin köməkliyi ilə tədris müəssəmizin ən müasir texnologiya tələblərinə cavab verən avadanlıqlarla təchiz olunması idi.

Daha sonra, bu seminarın davamı olaraq, 7 iyun 2012-ci ildə ADU-nun akt zalında 500 nəfərin iştirak etdiyi “Xarici dillərin tədrisinin aktual problemləri” adlı respublika elmi-praktik konfransın plenar iclasında “Dil tədrisində layihə metodundan istifadə” mövzusunda bu metoddan təkcə fransız dilinin deyil, digər xarici dillərin tədrisində də istifadə olunması təklifi ilə çıxış etdik.

Layihəmizin mövzusu elə bir qlobal mövzuya – ekologiya və ətraf mühitin qorunmasına aitdir ki, o, heç bir zaman öz aktuallığını itirməyəcəkdir.

Son olaraq məqaləmi Heydər Əliyevin təhsil barəsində söylədiyi müdrik bir kəlamı ilə bitirmək istərdim: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, Müəllimə borcluyuq.”

NAİLƏ HƏSƏNOVA

Bakı Şəhəri, Xətai rayonu, 55 nömrəli

tam orta məktəbin Fransız dili müəllimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm