• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakı bankomatlarını 4 çinli qarət edirmiş – Miqrantlar yaxalandı

Bakı bankomatlarını 4 çinli qarət edirmiş – Miqrantlar yaxalandı

Daxili işlər orqanları kiber cinayətkarlıqla mübarizə istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ölkəmizin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib.

Çin Xalq Respublikasının vətəndaşları - 27 yaşlı Zhang Jianquan, 29 yaşlı Zhong Hailing, 33 yaşlı Xu Zhengping və 32 yaşlı Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər.

İstintaq araşdırmaları nəticəsində məlum olub ki, 2013-cü ilin yay aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilə edərək külli miqdarda pul mənimsəməyə cəhd göstəriblər. Onlar Nərimanov rayon Təbriz küçəsində yerləşən Azərbaycan Beynəlxalq bankının bankomat aparatlarına gizli videokameralar yerləşdiriblər. Bu yolla müştərilərə məxsus kartların PİN kodları öyrənilib. Bankomatların kart oxuyucu hissəsinə isə xüsusi hazırlanmış "skimmer" qurğusu quraşdırılıb. Onlar bu üsulla müştərilərin bank kartlarındakı maqnit xəttində saxlanılan zəruri məlumatları oğurlamağa cəhd ediblər.

Qrup üzvləri saxlanıldıqdan sonra müəyyən olunub ki, onlar bu yolla təxminən 3634 nəfər müştərinin bankomat kartlarını qeydiyyata alıblar. Lakin bu müştərilərdən yalnız 21 nəfərin kartı tam oxunub, PİN kodu öyrənilib. Saxlanılan şəxslər bildiriblər ki, kart məlumatları tam öyrənildikdən sonra Çin Xalq Respublikasına qayıdaraq müştərilərin hesabındakı pulları asanlıqla mənimsəyəcəklərmiş.

Beləliklə, ilkin mərhələdə kart məlumatları tam öyrənilmiş 21 nəfər şəxsin hesabındakı 24 min 539 manat pul gizli yolla talanmalı imiş. Lakin Nərimanov polisinin xüsusi peşəkarlıqla həyata keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı alınıb. Saxlanılan şəxslərin qaldığı Nərimanov rayonu ərazisindəki "Ariva" mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, "skimmer" aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 min 196 manat ziyan vurublar. Fakta bağlı AR CM-nin bir neçə maddəsi ilə cinayət işi başlanıb, bu istiqamətdə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR