Əxlaqsız qızlar varislikdən mərhum edilsin – Təklif
Bizi izləyin

Qırmızı.az

Əxlaqsız qızlar varislikdən mərhum edilsin – Təklif

Əxlaqsız qızlar varislikdən mərhum edilsin – Təklif

Mülki Məcəlləyə görə aşağıdakı şəxslər vərəsə ola bilməzlər:

1) ləyaqətsiz vərəsələr (MM-in 1137-ci maddəsi);

2) valideynlik hüququndan məhrum edilmiş valideynlər (MM-in 1138-ci maddəsi);

3) miras qoyanın saxlanılması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər (MM-in 1138-ci maddəsi).

MM-in 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

Sözügedən normadan müəyyən olunur ki, vərəsənin miras qoyana qarşı onu vərəsəlikdən məhrum edəcək hər bir hərəkəti yalnız mirasla və onun taleyi ilə əlaqədar olmalıdır.

Həmçinin MM-in 1138-ci maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.

Bu normanın məzmunundan da aydın olur ki, vərəsə yalnız o halda vərəsəlikdən məhrum edilə bilər ki, o, miras qoyan üzərində qanunla nəzərdə tutulmuş valideyn vəzifələrini lazımınca yerinə yetirməsin, eyni zamanda miras qoyanın saxlanılması üçün öhdəsinə qoyulmuş vəzifədən qəti surətdə imtina etsin. Hər iki hal üçün vacib şərt olan hərəkətsizlik sırf miras qoyanla bağlıdır ki, burada alternativ bir hərəkət, yaxud hərəkətsizlik nəzərdə tutulmur.

Bəs vərəsənin miras qoyana qarşı mirasla əlaqədar olmayan digər hərəkəti (cinayət, əxlaq və s.), yaxud miras qoyana qarşı edəcəyi hərəkət, yaxud hərəkətsizlik onu mirasdan pay almaq hüququnu məhdudlaşdıra bilərmi?

Hazırda qüvvədə olan MM-ə görə vərəsənin miras qoyana qarşı mirasla əlaqədar olmayan hərəkəti (hərəkətsizliyi) mahiyyətindən asılı olmayaraq (məsələn, vərəsənin miras qoyana qarşı cinayət törətməsi və s.), yaxud onun adına, şərəfinə, ləyaqətinə, nüfuzuna xələl gətirəcək hərəkəti (məsələn, vərəsə qızın əxlaqsız həyat sürməsi və s.) onu vərəsəlikdən məhrum etmir.

Doğrudur, MM-in 1137-ci maddəsində miras qoyana qarşı vərəsənin cinayət və ya əxlaqsız hərəkəti nəzərdə tutulub, lakin bu hərəkətlər ilk növbədə mirasla əlaqəlidir, sonra isə bu hərəkətlərin əhatə dairəsi müəyyən deyil. Məsələn, normada nəzərdə tutulan “əxlaqsız hərəkət”in nədən ibarət olması nə MM-də, nə də ki, digər normativ hüquqi aktda nəzərdə tutulmuşdur. Yalnız Cinayət Məcəlləsində “əxlaqsız hərəkətlər” adlı norma (maddə 153) mövcuddur ki, bunu da MM-in 1137-ci maddəsində nəzərdə tutulan “əxlaqsız hərəkət” məfhumunun tərkibinə daxil etmək uyğunsuzluq təşkil edir.

Məlumat üçün bildirək ki, vərəsənin miras qoyana qarşı mirasla əlaqədar olmayan, lakin qanuna zidd, eləcə də əxlaq normaları çərçivəsindən kənar hərəkəti (hərəkətsizliyi) çox az ölkələrin mülki qanunvericiliyində vərəsəlikdən məhrum etmə əlaməti kimi nəzərdə tutulmuşdur. Məsələn, Meksika Respublikasının Mülki Məcəlləsinin 1316-cı maddəsinə görə, ...məhkəmə prosesində ər-arvadın birinin digərinə qarşı xəyanət etmə faktı müəyyən olunduqda, həmçinin qızını əxlaqsızlıqla məşğul olmağa cəlb edən valideyn vərəsəlikdən məhrum olunur.

Nəzərə alsaq ki, vərəsəlik hüququ qanunla yanaşı bərqərar olunmuş adətə də əsaslanır, o zaman vərəsənin miras qoyana qarşı, yaxud mirasla əlaqəsi olmayan edəcəyi hərəkəti (hərəkətsizliyi) nəticəsində miras qoyana mirasla əlaqədar olmayan maddi və qeyri-maddi ziyan vurması əlamətini vərəsəlik hüququndan məhrum etmə əlaməti hesab edilməlidir.

Məhz bu səbəbdən MM-də vərəsəlik hüququndan məhrum etmə halları və şəxslərin dairəsinin yenidən işlənərək bir qədər təkmilləşdirilməsi qanunvericiliyin inkişafında, ən əsası insan hüquq və azadlıqlarının müdafiəsində başlıca amil olardı.

Paşa Seferov, hüquqşünas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm