Martın 30-da əqrəblər çəkiləcək
Bizi izləyin

Qırmızı.az

Martın 30-da əqrəblər çəkiləcək

Azərbaycan martın 30-da növbəti dəfə yay saatına keçəcək. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək. Yay vaxtı dedikdə, ümumi qəbul edilmiş saat qurşağına münasibətdə bir saat irəli çəkilmiş vaxt nəzərdə tutulur.

Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif etmişdi. İlk dəfə isə saatlar 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində irəli və geri çəkilir. Bəzi Şərq ölkələri qış-yay vaxtlarına keçidlərdən imtina ediblər. Bu addımlar, əsasən, havanın işıqlı vaxtında daha səmərəli istifadə üçün atılır.

İqtisadçılar bu keçidlərin ölkələrə ciddi iqtisadi ziyan verdiyini bildirsələr də, müsbət hallarının olmasını da inkar etmirlər. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbli ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri sübut edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaradır. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var və yay vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir, ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla saat dəyişkənliyinin daha çox xəstə insanlara təsir etdiyini dedi: “Yeni rejimə adaptasiya üçün xeyli vaxt və adaptasiya mexanizminin işləməsi lazımdır. Xəstə, yaşlı insanlarda adaptasiya prosesləri bir az çətin keçir və müəyyən qədər sağlamlıqda iz buraxır. Xüsusən də nevroloji problemi olan xəstələrdə. Bu baxımdan da belə xəstələr keçiddən qabaq öz həkimləri ilə məsləhətləşsələr yaxşı olar. Həmin şəxslər yeni vaxta adaptasiya olmaq üçün gündəlik 5-10 dəqiqə olmaq şərti ilə tədricən rejimə keçsinlər”.

A.Qeybulla artıq bir çox ölkələrdə saat tətbiqinin ləğv edildiyini, Azərbaycanda da bunun zamanının çatdığını dedi: “Artıq Rusiya yay vaxtına keçiddən çoxdan imtina edib. Hesab edirəm ki, bizdə də bu imtinanın vaxtıdır”.

Psixoloq Dəyanət Rzayev keçid dövrünün insan psixologiyasında hansısa fəsad yaratmadığını dedi: “Elə insanlar var ki, keçid dövrünə elə həmin gün uyğunlaşır. Nevroz olan insanlarda isə bir neçə gün daxili narahatçılıq olur. Amma sonra onlar da adaptasiya olur. Elə ölkələr var ki, yay qış vaxtına keçiddən imtina edib. Ancaq bu keçid dövrünün biznesə, iqtisadiyyata çox böyük bir təsiri var. Məsələn, təyyarələrin uçuşları, ölkələr arasında olan biznes əlaqələrinə maddi baxımdan təsir göstərir. Ancaq insan psixologiyasına ciddi səbəblər yaratmır. Baş verən intiharlarda isə əsas səbəbləri kənara qoyub bu cür məqamlardan tuturuq. Yay vaxtına keçilməyə 2-3 gün qalmış insanlar yeni rejimlə yaşamağa başlasalar yaşı olar. Bu zaman insanlarda uyğunlaşma daha tez baş verər”./musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm