Ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başlayır
Bizi izləyin

Qırmızı.az

Ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başlayır

Ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu başlayır

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.Az - a verilən məlumata görə, ərizə qəbulu aprelin 1-dən 30-dək keçiriləcək.

Göstərilən müddət ərzində abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/ erizebak) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiqini təmin edirlər.

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Qeyd: Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Qeyd: “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonraeservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunub. Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər.

Jurnalda həmçinin elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə) 2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları, bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr təqdim edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm