“Acılar doğuran torpaq – Somali”
Bizi izləyin

Qırmızı.az

“Acılar doğuran torpaq – Somali”

Bu dünyaya nə üçün gəldik?.. Var olmaq və varlıq sahibi olmaq üçünmü gəldik...

(Millət vəkili, Dr. Qənirə Paşayevanın yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək kitabından hissə-hissə sizə təqdim edirik. Müəllifin ağrı ilə yazdıqları bizdən çox uzaqlarda baş versə də əslində bir insan kimi bizə çox yaxındır və insanlığı düşündürməlidir)

2-ci hissə

Mutluluğa həsrət torpaqlar...

Madiino...

Anası qızdırma içində gətirmişdi onu qaçqın düşərgəsinin düz yanında yerləşən tibb məntəqəsinə..

Ağrılarından elə hönkürtü ilə ağlayırdı ki, insanın ürəyi dağlanırdı..

Üstəlik, Madiinoya dərman içirtmək də mümkün deyildi..

Birdən yadıma düşdü ki, qaçqın düşərgəsi uşaqları üçün gətirdiyimiz oyuncaqlar var...

Balaca gəlinciyi Madiinoya doğru uzadanda qızdırmadan yanan gözlərində elə qəribə bir sevinc, xoşbəxtlik yarandı ki... İlahi, bu elə qəribə hisslər idi ki!... Madiino sanki qızdırmasını da unutmuşdu gəlinciyi əlinə alanda.. Gəlincikdən sonra ona dərman içirə bildik. Çünki dərmanları içəcəyi təqdirdə ona daha bir oyuncaq verəcəyimizə söz verdik...

Madiino qızdırma içində olmasına baxmayaq gəlinciklə necə oynaqırdı, ilahi, necə sevinirdi..

Bir az keşmiş dərmanların göstərdiyi müsbət təsir nəticəsində qızdırma yavaş-yavaş azalmağa başladı və yorğun düşmüş Madiino yuxuya getdi... Baxdım ki, o, gəlinciyi əlində elə möhkəm sıxaraq tutub ki... Sanki kiminsə əlindən alacağından qorxur... Sonra bütün gecə yuxuda olsa də gəlinciyi bir an belə əlindən buraxmadı... Möhkəm sıxaraq tutmuşdu...

Başını sığallayıram, gözüm dolur..

Anası sanki Madiinonun oyuncağı necə bərk-bərk sıxmasına baxdığımı gördü və yavaş səslə "bu onun ilk oyuncağıdır, onun heç vaxt oyuncağı olmayıb" - dedi...

Özümdə deyildim.. Məntəqənin balaca otağından özümü çölə necə atdığımı bilmədim. Boğulurdum.. Tez-tez nəfəs almağa başladım, gözyaşları hıçqırığa çevrildi...Özümü elə günahkar hiss edirdim ki...

Otağa qayıtdım.. Özümüzlə gətirdiyimiz oyuncaqlardan daha ikisini seçib yataqda onun yanına qoydum, əyilib oyuncağı bərk-bərk sıxan əllərindən öpdüm və "bağışla bizi, Madiino, - dedim - bağışla..."

Tibb məntəqəsində günortaya qədər xəstələrin müayinə və müalicəsi üçün Türkiyədən gəlmiş həkim dostumuza yardım edirəm. Xəstə uşaqların sayı-hesabı yoxdur... Bunun bir çox səbəbləri var. Birincisi aclıq, ikincisi anaların sağlamlığındakı problemlər, tibbi profliaktikanın olmaması, ailə planlaması və arzuolunmaz hamiləlikdən yayınma haqqında biliklərin belə olmaması, həkim, tibb personalının tamamilə çatışmaması, dərmanların çatışmaması və insanların çoxunun onu əldə etmək üçün imkanlarının çox aşağı olması və s. Əməliyyat edəcək peşəkar həkimlərin tamamilə azlığı və yoxsulluq səbəbindən şikəst uşaqların da sayı həddindən artıq çoxdur...

Günorta tibb məntəqəsindən çıxıb qaçqın düşərgəsinə baş çəkmək istəyirəm. Tibb məntəqəsinin qarşısında bir uşağın yanıqlı-yanıqlı ağlamasını görüb ona yaxınlaşıram. Anası tibb məntəqəsində növbə gözləyirdi. Adını soruşuram, "Maryan..." - deyir. Ailənin zamanında kiçik bir əməliyyatı etdirə bilməməsi indi bu qızın bütün ömrünün şikəst keçirməsi ilə nəticələnə bilər. Zamanı çox azdır. Ayağına toxunanda belə ağrılaradan ağlayır. Oyuncaqlarla başını qarışdırıb birtəhər müayinə edə bilirik və təcili əməliyyat olunmalıdır fikrindən sonra hamımız bir-birimizə baxırıq. Harada? Dərnək təmsilçiləri Türkiyədən gələcək cərrah həkimlərin yardım edə biləcəyini deyirlər və hamımız rahat nəfəs almağa başlayırıq. Yoxsa bir qız uşağının adi bir əməliyyat üzündən ömürlük şikəst yaşamağa məhkum olması insanı dəhşətə gətirir... Bu balaca qızcığaz kimi uşaqların sayı yüzlərlədir.

Fasilədə qaçqın düşərgəsini gəzib vəziyyətlə tanış oluruq, qaçqın və yetim uşaqlara hədiyyələrimizi təqdim edirik. Heç tanımadıqları halda gülərüzlə qarşımıza qaçır, əlimizdən tutur, öz dillərində nə isə soruşurlar. Qaçqın düşərgələrindəki vəziyyət isə dəhşətli və faciəlidir. Onların adına çadır demək mümkünsə.... Nafiso adlı yaşlı qadın üzüntülü gözləri ilə "acam və xəstəyəm, hər yerim ağrıyır" deyir və qollarını göstərir. Onu həkim məntəqəsinə göndəririk - müayinə və müalicə üçün. Dərnəkdən ona hər gün yemək verilməsi üçün nəzarətə götürürlər. Sanitariya qaydaları yaxşı olmasa da, bu cadır düşərgələri onların yeganə sığınacağıdır, həyatda qalmaları üçün ən yaxşı yerdir. Çünki bura çöldən daha təhlükəsizdir, həkim müayinəsindən pulsuz keçə biləcəkləri və bir sıra dərmanları pulsuz ala biləcəkləri, pulsuz yemək əldə edə biləcəkləri bir yerdir. Bu isə Somalidə hər kəsə nəsib olmur... Kimsə yoxmu dərnəyinin rəsmisi Orxan bəy bu düşərgənin Azərbaycanlı yardımsevərlərin dəstəyi ilə qurulduğunu deyir. Çadır düşərgəsinin girişindəki lövhədə belə bir şükranlıq lövhəsi də vurulub: "Azərbaycanlı qardaşlarımıza təşəkkür edirik!" İnsanımız adına qürur duyuram və “Allah sizdən hər zaman razı olsun” deyirəm.

Və gözlərini heç zaman unuda bilməyəcəyim gənc Ayişanın simasında yeni faciələrlə də tanış olmağa başlayıram....

Ayişa...

Onunla qaçqın düşərgəsində ata-anasını itirmiş yetim uşalara karandaşlar və albomlar hədiyyə verəndə tanış olmuşduq..

Bir kənardan durub karandaş albom alan uşaqların sevincinə tamaşa edirdi..

O qədər kədərli üzü və gözləri var idi ki...

Albomlarını tez açıb karandaşla rəsmlər çəkən uşaqlara elə həsədlə baxmağa başladı ki...

Gözlərindəki bu həsəd insanı dəhşətə gətirirdi..

Arıq və cəlimsiz Ayişanın çox tez ərə verildiyi bilinirdi.. Əindən bir körpə tutmuşdu, biri də qucağında idi...

- "Özü körpədir, amma artıq gör neçə körpəsi var" - deyə düşünürdüm ki, Ayişa mənə tərəf gəldi...Əlini uzadaraq "mənə də ver" - dedi.. İlahi, o gözlərdə nə məna var idi.. Ona albom və karandaşlar hədiyyə etdim.. iztirablı üzündə yaranan sevincli bir təbəssümlə "sağ ol" - deyib yenə kənara çəkildi... Balaca körpəsini yanına qoyub, o birisini də otuzdurdu. Ozü də yerdən oturub albomunu açıb nəsə çəkməyə başladı. Sanki hər şeyi, hər kəsi unutmuşdu. Hətta körpələrini də... Öz dünyasında idi.. Üzündə elə qəribə, xoşbəxt bir ifadə var idi ki... Nəsə yazırdı, çəkirdi, qələmləri, albomu sığallayırdı.. Yanına getdim.. Tez albomu bağladı... "Nə çəkirsən?" - dedim.. Tərcüməçinin israrı da nəticə vermədi. Başını aşağı salıb susdu... Sonra nə fikirləşdisə albomu açdı.. Uşaqcasına çəkilmiş bir qadın və bir kişi rəsmi vardı.. "Bunlar kimdi?" - deyə soruşdum.. Sən demə ata-anası imiş... "Hardadırlar?" - dedim... "Öldürdülər" - dedi... Öyrəndim ki, Ayişanın 8 yaşı olanda atası və anasını öldürüblər... Körpə yaşda bir nəfərin 3-cü arvadı olmağa razılaşıb. Acından ölməmək üçün, bir qarın çörək üçün....

Sonrakı günlər o qədər belə hekayələrin şahidi oldum ki.... Hətta, bundan daha dəhşətlilərinin də.... Tibb məntəqəsinə qayıdıb yenidən müayinələri davam etdirir, Türkiyədən və dünyanın bir sıra bölgələrində yaşayan insanımızın göndərdiyi dərman yardımları içərisindən dərmana ehtiyacı olanlara kömək etməyə başlayırıq.

Hava qaralmadan tibb məntəqəsini bağlayıb qaldığımız yerə qayıdırıq. Hava qaraldıqdan sonra bayırda qalmaq təhlükəsizlik baxımımdan böyük risk olduğu üçün bütün heyət qaldığımız evə dönür. Ac olsaq da heç bir şey yeməyə həvəsim yox idi. Özümü mənən çox narahat hiss edirdim. Hamımız birlikdə iftarımızı açırıq....

Və kompüter arxasına keçib dostlarıma belə bir mesaj yazdım...

Böyük Yaradana verdiklərinə şükr edərək başlayın gözəl əməllərinizə. Somalidə əhalinin böyük əksəriyyətinin ən böyük istəyi doyunca, normal yemək yeyə bilməkdir sadəcə... Cocuklarına yemək tapa bilmək, aclıqdan xilas edə bilməkdir... Cocuklarınıza "Somalini" söyləyin və şükr etməyi öyrədin... Restoranlarımızda, düyünlərimizdəki o israfçılığımızdan utanmamız gərəkir. Hər yerdə ona böyük ehtiyacı olan milyonlarla insanı həmişə göz önünə gətirməliyik..

Səhər tezdən ilk işimiz ata-anasını, ailəsini itirmiş uşaqların qaldığı sığınacaq olur. Əgər buna sığınacaq demək mümkündürsə... İnsan dəhşətə gəlir... Qeyri-ixtiyari gözümdən yaş axır, balaca bir qızın saçını sığallayıram. Əlimdən çəkib “sən də bizimlə otur” deyir, otururam. Onlar üçün hədiyyə aldığım bəzək əşyalarını hədiyyə edirəm. Səfərdən öncə dostlardan biri yetim uşaqlar barədə danışanda ürəyim çox pis olmuşdu və onları sevindirə biləcək çoxlu kiçik hədiyyələr alıb özümlə götürmüşdüm. İndi özümə də qəribə gəlir konfetlərə qədər özümüzlə götürmüşdük . Amma uşaqlar üçün çox gözəl hədiyyələr olmuşdu - gözlərindən hiss etmək çətin deyildi. Özəlliklə məktəb çantaları, lövhələri, gözəl albomlar, dəftərlər, qələmlər, plamastrlar onlara sanki bir dünya bəxş ediridi. Türkiyədən olan radioçu qardaşımız Məsud Baran isə bizim və Reyhanın uşaqlarla bütün görüşünü foto və video yaddaşa köçürürmüş. Allah razı olsun. Ən qiymətli xatirələrdən biri kimi arxivimdədir...

Mahmud ona içərisində Azərbaycan bayrağı əks olunan saatı görəndə gözləri sevinir, “mənim heç zaman saatım olmayıb - deyir - heç kəs mənə belə bir hədiyyə verməyib, onu saxlayacam və sizi unutmayacam”. Saatın içindəki bayrağı soruşur. “Azərbaycan bayrağıdır”- deyirəm. Azərbaycandan gəldiyimi söyləyirəm. Çətinliklə də olsa sonda düzgün tələffüz edir və ölkəmizi soruşur. Dostlarına da hədiyyələrimi təqdim etdikdən sonra onun və dostlarının bu adam nədən buraya bizim yanımıza gəlib maraqlarını və suallarını nəzərə alaraq ona və dostlarına bir az Azərbaycandan danışıram. Firuzə yaşadıqları və oxuduqları sığınacağa Azərbaycan bayrağı hədiyyə verir. Mahmud və dostlara bir müddət bayrağı yerə qoymadan Azərbaycanı soruşurlar, Azərbaycandakı uşaqları soruşurlar... Onlara bir az Azərbaycandan danışandan sonra balaca bir test edib öyrəndiklərini söyləmələri üçün suallar veririk, həvəslə cavablar verirlər. Çox pis vəziyyətdə olan sinif otağında, sağlamlığında ciddi problemlərin olduğu açıq şəkildə görünən müəllim razılıq edir və uşaqların bu cür sevincinin əvəzini mütləq Allahın verəcəyini deyir. Azərbaycana və Türkiyəyə salam göndərir və bizi unutmadıqları üçün sağ olsunlar deyir... Bu uşaqları hansı bir gələcək gözlədiyi qayğı, narahatçılıq və ağrı ilə sığınacağı tərk edirik.

Qapının ağzında bizi gözləyən və hüznlü gözləri ilə gözümün içinə baxan...Mahmud ilə qarşılaşıram. Əlimdən tutur və “məni də özünlə apar” deyir. İçimdən dəhşətli bir ağrı baş qaldırır. Başa salmağa çalışıram tərcüməçimizin köməyi ilə... Qəlbini qırmadan bunun mümkünsüzlüyünü izah edirəm, amma söz verirəm ki, onu unutmayacam və təkrar gəldiyimdə mütləq ona da baş çəkəcəm... Gözlərimə düz yaxınlıqda ağır çaplı silahlıardan deşik-deşik olub dağılmış bina sataşır. Balaca bir uşaq mənə əl yelləyib təbbəssümlə salam verir. İlahi, deyirəm uşaqlar gör müharibə fəlakətinə necə alışıblar ki, bizi qorxudan, təəccübləndirən şeyləri adi həyat norması kimi qəbul etməyə başlayıblar...

Sığınacaqdan ayrılıb yenidən qaçqın düşərgələrinə gedirik. Bir çox Türk yardım qurumları qarşıdurma bölgələrindən qaçıb paytaxta sığınan qaçqınlara sığınacaq, qida və tibb xidmətləri göstərirlər. Üsyançılar öz bölgələrinə əcnəbiləri buraxmadıqları üçün fəaliyyətlər yalnız paytaxtla həmsərhəddir. Çöl yerlərdə durum daha çox faciəvidir. Gördüyüm düşərgələrdən daha ağır şəraitin necə ola biləcəyini düşünmək belə istəmirəm. Şəhər mərkəzinə doğru hərəkət edərkən yol kənarında qarşımıza türk qeyri-hökumət təşkilatlarının nümayəndələri və türk bayraqları çıxır.

BMT tərəfindən dəstəklənən müvəqqəti hökumətin Moqadişidə yenidən nəzarət altına ala bildiyi bölgəni gəzirik. Gərgin savaşların getdiyi bu bölgədə evlər darmadağın vəziyyətdədir.

Burası bir zamanlar ən işgüzar bazar olan Bakara Market kimi tanınır.

Təqribən 9 milyon əhaliyə malik Somalidə təhsil və səhiyyə xidmətləri tamamilə pulludur. BMT-nin dəstəklədiyi Şeyx Şərifin rəhbərlik etdiyi Müvəqqəti hökumət, sadəcə, Moqadişiyə nəzarət edərkən, ölkənin cənub və orta hissələri Əl Şebabın nəzarəti altındadır. Ölkənin Kenya ilə sərhədi Keniya əsgərləri tərəfindən, Efiopiya ilə sərhədləri isə Efiopiya tərəfindən işğal edilmişdir. Moqadişinin şimalına hökumətin dəstəklədiyi başqa silahlı dəstələr nəzarət edirlər. Daha şimalda isə Somaliland və Putland kimi bölgələr var ki, onlar yarımmüstəqil statusa sahibdirlər.

Belə bir vəziyyətdə Somalidə iqtisadi fəaliyyət çox məhdud şəkildə davam edir. 1991-ci ildən bəri silahların susmadığı bir ölkədə insanlar davamlı hərəkət halındadır, yaşadıqları qarşıdurma ərazilərindən daha təhlükəsiz bölgələrə köç edirlər. Bu da özlüyündə böyük bir qaçqın məsələsini ortaya qoyur. Qaçqınlar getdikləri yerlərdə canlarını qurtarmaq bahasına pis şərtlərə razı olurkən, ölkədə dövlət quruluşunun demək olar ki, olmaması vəziyyətlərini daha da pisləşdirir. Bu səbəbdən də dövlətin sahib çıxa bilmədiyi bu insanlara, yetim uşaqlara, müharibə qurbanlarına baxmaq yerli və xarici qeyri-hökumət təşkilatlarının üzərinə düşür.

Paytaxt Moqadişidə əvvəllər müqayisədə müsbət bir atmosferin artdığını deyir burada illərlə çalışan dostlar . İnsanlar son aylarda baş verən dəyişiklikləri təyin etməyə çətinlik çəkirlər. Söhbət etdiyimiz bir iş adamı “maşın keçməyən küçələrdə artıq 1000 faiz tıxac var” deyir. Diasporda yaşayan somalilər geri dönərək özləri ilə gətirdikləri sərmayələrlə iş qururlar. Bu dönüşdə mütləq şəkildə Türkiyə də böyük pay sahibidir.

Somalidə gənclər əksəriyyəti özlərini daha çox bədbəxt və sevgisiz hiss edirlər. Çünki daxili müharibə başlayan ildə dünyaya gələn uşaqların indi 20 yaşını keçib və onlar savaşdan, qandan, bədbəxtlikdən başqa heç bir şey görməyiblər. Can bəyə sillə vuran ananın türklərlə bağlı dedikləri Somalidə indi daha da güclənir və öz təsdiqini tapmağa başlayır. Hər kəs Somalini bu anlarda həqiqətən sevən və yardım edənlərin türklər olduğunu deyirlər... Hətta hər hansı bir missiya ilə bağlı Somaliyə gələnlər belə arabalarının önünə bəzən Türkiyə bayrağını asırlar. Çünki "hücuma məruz qalmamağın, sağ qalmağın ən yaxşı yolu budur" - deyə düşünürlər...

Somalidə yardım təşkilatlarının böyük hissəsi də Türkiyəyə məxsusdur. Türkiyənin Kimsə Yokmu Dərnəyindən, Diyanət vəqfi, Qızıl Ay, İHH təşkilatından tutmuş TİKA-ya qədər bütün təşkilatlar burada çalışırlar. Yetim evləri, məktəblər, bəslənmə mərkəzləri zərər çəkmiş xalqın ehtiyaclarını ödəyir. İslam dünyasından, başqa ölkələrdən də STK var, amma sayları olduqca azdır. İnsan burada, Somalidə olduqca bir sıra çox zəngin ərəb ölkələrinin yerinə utanc hissi keçirir. Həm də onu da qeyd edim ki, xalq türkləri sevdikləri qədər də Birləşmiş Millətlər Təşkilatına nifrət edir. Bu gün Türkiyə Somaliyə yardım götürən və bunu əlaqəli şəkildə edə bilən yeganə dövlətdir. Bu, Qərb tərəfindən çaşqınlıq və qısqanclıqla qarşılandığı halda, İslam dünyasının təqdiri ilə qarşılanır. Təhlükəsizlik baxımından qərblilər ölkəyə daxil olmaqdan qorxduqları zaman, türk yardım qurumları fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər. Ümid edirik ki, bütün bu səylər boşa getməz və Somalidə axan qan dayanar. Həm İslam dünyasının, həm də Türkiyənin Somalidəki bu çətin imtahandan müvəffəqiyyətlə çıxması səbir və fədakarlıq tələb edir. Bu məsələyə bais olan bütün tərəflərin iqtisadi və siyasi maraqlarını düşünməyi buraxıb, səmimi davranmaları ən önəmli şərtdir. İdeologiyaları, strateji oyunları və sonsuz çəkişmələri ilə pərişan etdikləri bir xalqın haqq etdiyi hörmət və qüruru yenidən qazanması başlıca məqsəd olmalıdır. Somalidə axan qanın bir an öncə durması diləyi ilə…

Qaçqın düşərgəsini gəzib ağır vəziyyətdə olan insanları məntəqələrə göndəririk və özümüz də tibb məntəqəsinə qayıdırıq. Hez zaman unutmayacağım Somalili həkim dostumla üz-üzə gəlirəm... Birlikdə xəstələrə yardım etməyə başlayırıq və arabir söhbətlər də edirik. Türkiyədə təhsil alıb. Türkiyəyə bir daha təşəkkürlər Somali üçün ən önəmli problıem olan kadrları özəlliklə həkimlərin yetişməsinə göstərdiyi dəstəyə görə... Türkcə çox gözəl danışır və millətinin yaşadığı faciələri dərindən anlayıb gecə-gündüz bilmədən çalışır. Çoxlu sayda xəstələri müayinə edib, onlara kömək edə biləcək dərmanları verdikdən sonra bir az nəfəs ala bilmək üçün çölə çıxıram. Məntəqənin önündə oynayan balacalar sanki bunu gözləyirmişlər kimi həmən əlimdən tutub çadırlarına doğru çəkərək, “bizə gedək” - deyirlər. Çadırlarına qonaq gedirəm və “İlahi, doğurdanmı dünya və insanlıq bu qədər böyük insan faciələrini görmür?” deyirəm. Görür, amma məncə əsl problem elə insanlığın yaşadığı böhrandır...

İkinci gün deyəsən uzun yol, iki gün ərzində gördüklərimin ağır təsiri, infeksiyalar səbəbindən qızdırmam möhkəm qalxmışdı. Dostlardan birinin qorxu ilə “malyariya ola bilərmi?” sualına həkimlə eyni anda cavab verdik. Malyariya bir günə özünü göstərməz. Amma dostumuzun narahatlığı əsassız deyildi. Malyariya Somalinin ciddi problemlərindən biridir. Dərmanları qəbul etdikdən sonra yenidən tibb məntəqəsinə qayıdıram. Şəmsə söz vermişdim...

Somalinin Günəşi...

Somalidə müayinə və müalicə etdiyim hər çocuğu sevdiyim bir adla çağırıram. Özləri və ailələri nəinki narazı qalmır, hətta yeni adları gözəl bir şəkildə təkrar etməkdən zövq alırlar...

Bu gözəl qızın adı Şəmsdir... Günəş! Əsl adı isə Aaminodur. Günlərdir ki, qızdırmadan, atəşdən yorğun düşüb... Gecədir, yatmır... Xəstəlik onu yaman əldən salıb.. Gözlərində o qədər əzab var ki, onu yox edə bilmək, o gözlərə sevincin qona bilməsi üçün nələrdən vazkeçmərəm, İlahi... Dərmanlarını vermişik və onun atəşinin düşməsini gözləyirik. Saçlarını sığaıllayıram, gözlərinə dolan yaş yanağı ilə süzülür. Ona qoşulub mən də ağlayıram.

Nəsə soruşur. Türkcə bilən Somalili tərcüməçidən "nə istəyir?" - deyə soruşuram.

Tərcüməçi onun dediklərini tərcümə edir...

- Sən niyə ağlayırsan , sən də ağrıyırsan? deyə- soruşur balaca Şəms...

- Hə - deyirəm.

Amma əl çəkmək fikrində deyil:

- Haran ağrıyır? - deyir.

Ürəyimi göstərirəm...

- Sən də dərman iç - deyir...

- Səndən fərqli olaraq mənim ağrımın dərmanı da yoxdur - deyirəm.

Sakitləşıb diqqətlə mənə baxır, gözünə sanki işıq gəlir. Dərdinin dərmanı olduğuna şükr edir sanki...

Sonra yatağından başını qaldırıb məni öpür və nəsə deyir...

Həmşirə deyir ki, Şəms indi yaxşı oldunmu? - deyə soruşur...

- Hə, sənin öpüşün məni bir az sağaltdı, deyirəm...

Həmşirə tərcümə edir...

Ağrılar və atəşdən əziyyət çəkən balaca Şəms başını bir də yataqdan qaldırıb məni təkrar öpür və soruşur ki, ağrılarım bir az da azaldımı...

Balaca Şəmsin bu qədər gözəl ürəyinə və anlayışına heyran qalıram...

Üzündən, əllərindən öpürəm...

- Hə, azaldı - deyirəm...

Balıncını göstərib "başını bura qoy" deyir. Başımı qoyuram. O mənim, mən də onun saçlarını sığallayıram... Atəşi, qızdırması getdikcə düşməyə başlayır... Bir az sonra balaca Günəş, Şəms yuxuya gedir... Mən isə heç cür yuxuya gedə bilmirəm.. Onu gözləyən gələcək barədə düşünürəm... Belə gözəl ürək və anlayışla o, Somalinin gerçək Günəşi də ola bilər...

Aclıq və xəstəlikdən bir müddət sonra həyatını itirə də bilər...

Fikirlər məni sabaha qədər yatmağa qoymur...

Bütün gecə balaca Şəms üçün dua edirəm...

Bu dəqiqə əlimdən gələn budur...

Başqa yollar da axtarıram...

İnşallah, böyük Allahımız onun yardımçısı olar...

Bu anda onunla aramızda olan bütün fərqlər yox olmuşdu. Nə irq fərqliliyimiz, nə rəngimizin fərqi, nə fərqli dillərdə danışmağımız qalmışdı. Onunla o qədər doğma idik ki...

Dostlarımı, şikayət etdiyimiz dərdlərimizi düşünürəm...

Somalili insanların dərdlərinin yanında bunlar dərd deyil ki...

Axşam qaldığımız yerə, “Kimsə Yoxmu” dərnəyinin binasına qayıdıram və dostlarıma Somalidən kiçik bir mesaj yazıram.

İnsanı və həyatı...

Keçib gedən bu həyat yolçuluğunda bəlkə hamımız bir daha dayanıb düşünək?..

Ölüm bizi dayandırmadan həyatdan nə anladığımız barədə bir daha düşünək...

Bu dünyaya nə üçün gəldik?.. Var olmaq və varlıq sahibi olmaq üçünmü gəldik... Hər saniyə ətrafımızda olan ölüm hər dəqiqə varlığımızı alıb götürə bilər və o zaman sahib olduğumuz varımız bizə heç bir kömək edə bilməyəcək. Biz onu bu dünyada buraxıb gedəcəyik...

Ölümü unutmamalıyiq... O, hər yerdədir, hər saniyə yanımızdadır və öldüyümüz an həyatımız gözümüzün qabağına gəlib təəssüflənməkdənsə o anı hər zaman göz önümüzə gətirə bilməliyik...

Özümüzlə bərabər bir az da insan, insanlıq üçün yaşamalıyıq...

(Ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm