İçki məclisindən sonra dostlar arasında qan düşdü – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

İçki məclisindən sonra dostlar arasında qan düşdü – BİR CİNAYƏTİN TARİXÇƏSİ

İçki məclisindən sonra dostlar arasında qan düşdü –BİR CİNAYƏTİN TARİXÇƏSİ

Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Fərman Fətəliyev həmyerlisi Ramil Şabanovu və onun dostu Namiq Diriçovu bıçaqlayaraq öldürməyə cəhd edib. Publika.Az-ın araşdırmasına görə, hadisə 2012-ci il noyabrın 20-də baş verib.

Həmin gün saat 12.00-da Fərman Fətəliyev tanışı Emin İbrahimovun idarə etdiyi VAZ-21011 markalı avtomaşında Zaqatala şəhəri, Anar Həmidov küçəsi ilə hərəkət edirmiş. Bu zaman Fərman evlərinin qarşısında Namiq Diriçov ilə birlikdə dayanmış Ramil Şabanovu görüb.

Noyabrın 19-da, saat 23.00-da Fərmanla Ramil Şabanovun arasında mübahisə olub. Həmin mübahisəni aydınlaşdırmaq məqsədilə Ramil maşını saxlamağı işarə edib. Amma Fərman aralarında dava olmaması üçün Emin İbrahimova avtomaşını saxlamamasını deyib. Buna görə də Emin maşını saxlamayıb.

Namiq Diriçov və Ramil Şabanov həmyerliləri Məhəmməd İsmayılovun avtomobili ilə onların arxasınca düşüblər. Zaqatalanın Yuxarı Tala kəndi ərazisindəki bağ sahələri istiqamətinə gedərək orada Emin İbrahimov avtomaşını saxladıblar. Fərman Fətəliyev maşından düşüb. Bu zaman o, Ramil Şabanovla dalaşıb. Dava zamanı Ramil Şabanovun gödəkcəsinin cibindən cib bıçağı yerə düşüb.

Fərman cib bıçağını yerdən götürərək Ramil Şabanovu iki dəfə vurub. Bu vaxt dostunun bıçaqlandığını görən Namiq Diriçov "bıçaq nəyə lazım idi?" deyərək Fərman Fətəliyevin üstünə cumub. Bu zaman Namiqlə Fərman Fətəliyev əlbəyaxa olub. Həmin vaxt Fərman Namiqi də bıçaqlayaraq öldürməyə cəhd edib.

"Aramızda sözlə mübahisə yarandı"

Bu əməli ilə Fərman Fətəliyev Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərər vurma) və 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Fərman Fətəliyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, noyabrın 19-da, saat 19.00-da dostu Emin ilə birlikdə Zaqatala rayonu, Yuxarı Tala kəndinin yuxarı hissəsində yerləşən yeməkxanada yemək yeyib: "Həmin vaxt spirtli içki qəbul etdim. Sonra birlikdə Eminin idarə etdiyi avtomobillə Zaqatala şəhər ərazisində bir qədər gəzişdik. Sonra "Topaz" çayxanasına getdik. Saat 22.00-da Anar Həmidov küçəsinə doğru getdiyimiz vaxt dayanacaqda Ramillə Namiqi gördük. Onlarla görüşmək məqsədilə avtomobili onların yanında saxladıq və avtomobildən düşdük. Namiq və Ramillə görüşdük. Onlarla bir qədər söhbət etdik. Onlarla söhbət edən vaxt xatırlamadığım hansısa bir səbəbdən Ramillə aramızda sözlə mübahisə yarandı".

"Avtomobili saxlamadıq"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramillə mübahisə etsə də, onlar bir-birilərini vurmayıblar: " Emin və Namiq Ramillə mübahisə etdiyimi gördülər. Onlar bizi aralaşdırdılar. Ramillə aralandıqdan sonra Eminlə birlikdə oradan uzaqlaşdıq. Sonra biz evə getdik. Səhəri günü saat 11.00-da Eminlə görüşdük. Eminin avtomobilini təmir etdirmək üçün Zaqatala Dövlət Yol Polisi Bölüyünün yaxınlığında yerləşən rəngsaz sexinə getdik. Həmin vaxt rəngsaz məşğul idi. Buna görə də yaşadığımız ünvana qayıtmaq üçün yola düşdük. Geri qayıdan zaman Ramilgilin evinin qarşısından keçdik. Bu zaman Ramil əli ilə bizə avtomobili saxlamaq işarəsi verdi. Bu vaxt Ramilin yanında Namiq və Məhəmməd də vardı. Ramillə yenidən aramızda mübahisənin yaranacağından ehtiyat etdim. Buna görə də Emin avtomobili saxlamadı".

"Ramilə gücümün çatmayacağını başa düşdüm"

Fərman Fətəliyev deyib ki, "Ulduz" şadlıq evinin qarşısında olarkən Ramil Məhəmmədin idarə etdiyi "VAZ-21099" markalı avtomobillə onlara yaxınlaşıb: "Həmin vaxt Ramil Eminə avtomobili arxalarınca sürməyi işarə etdi. Emin də avtomobili Ramilgilin arxasınca sürdü. Ramilgil avtomobili bir qədər sürəndən sonra Yuxarı Tala kəndinin yuxarı hissəsində çaylaqda saxladılar. Ramilgil avtomobili saxladıqlarına görə, bizdə həmin yerdə dayandıq. Eminlə avtomobildən düşən kimi Ramil də gəldi. Ramil əynindəki gödəkcəni soyunaraq kənara atdı. Bu vaxt Emin Ramilin dostları Məhəmməd və Namiqin də üstümə gələcəklərindən ehtiyat etdiyi üçün onları kənara çəkmişdi. Dava zamanı Ramil sol əli ilə boynumdan tutaraq sıxmağa başladı. Bu vaxt Ramilə gücümün çatmayacağını başa düşdüm. Ramili qorxutmaq məqsədi ilə yerdən qatlanmış vəziyyətdə olan bıçağı götürərək, Ramilin sol böyründən iki dəfə zərbə vurdum. Bu vaxt Ramilin şalvarı və yerdə olan gödəkcəmin sağ qolu qana bulaşdı. Ramil böyrünü tutaraq kənara getdi. Bunu görən Namiq, Emin və Məhəmməd ona tərəf qaçdılar. Əvvəl Namiq üstümə gəldi. Namiq ayağımdan tutaraq məni yerə yıxmaq istədi. Əlimdə olan bıçaqla Namiq də vurdum. Ramil və Namiqi bıçaqla vurduqdan sonra kənara çəkildilər. Məhəmməd isə Ramili və Namiqi avtomobilinə mindirərək oradan uzaqlaşdılar. Mən də Eminin avtomobilinə əyləşərək öz evimə getdim".

"Məqsədim özümü müdafiə etmək olub"

Təqsirləndirilən şəxs daha sonra göstərib ki, cinayətdə istifadə etdiyi bıçaq Ramilə məxsus olub: "Həmin bıçaq Ramil gödəkcəsini soyunan zaman cibindən düşüb. Ramil boğazımdan tutaraq qoltuğumun altından sıxdı. O, məni buraxmadığı üçün bıçaqla vurmuşam. Namiq isə ayağımdan tutaraq məni yerə yıxdı. Namiqi də özümdən kənarlaşdırmaq üçün bıçaqla vurmuşam. Həmin vaxt başqa heç kimi vurmaq niyyətim yox idi. Namiq dostu Ramilin qisasını almaq üçün məni vurmaq məqsədi ilə üzərimə gəlib. Ona görə Namiqi də vurmuşam. Onların hər ikisinə bıçaqla daha çox xəsarət yetirmək imkanı olub. Ancaq onları öldürmək məqsədim olmadığına görə zərbələrini davam etdirməmişəm. Məqsədim özümü müdafiə etmək olub. Etdiyim əməldən peşmançılıq çəkirərm".

Məhkəmədə ifadə verən zərərçəkmişlər təqsirləndirilən şəxslə barışdıqlarını və ondan şikayətçi olmadıqlarını deyiblər. Şahid ifadələri dinlənildikdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Fərman Fətəliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fərman Fətəliyevin vəkili Tahir Şamxalov apelyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edib. Vəkil xahişində Fərman Fətəliyevə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını istəyib.

Şikayətə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Fərman Fətəliyevin cəzasından 6 ay çıxıb və onun barəsində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm