Füzulidə milli təhlükəsizlik orqanlarının 95 illiyi qeyd olunub
Bizi izləyin

Qırmızı.az

Füzulidə milli təhlükəsizlik orqanlarının 95 illiyi qeyd olunub

Füzuli rayonunda milli təhlükəsizlik orqanlarının 95 illiyi qeyd olunmuşdur

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 95 il ötür.

Bu münasibətlə Horadiz şəhərindəki Mədəniyyət Sarayında Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi - peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq milli təhlükəsizlik orqanı əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Alı Alıyev çıxışında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri və 95 il ərzində keçdiyi şərəfli yola nəzər salmışdır. Bildirmişdir ki, milli təhlükəsizlik sistemində milliləşmə prosesinin əsasının qoyulması və onun təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşması, Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Alı Alıyev qeyd etmişdir ki, ölkəmizin müstəqilliyinin əleyhinə yönəldilmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərmişlər.

Milli Təhlükəsizlik Nazirliyi Füzuli rayon şöbəsinin rəisi Əli İsgəndərov tədbirdə məruzə ilə çıxış etmişdir. O, milli təhlükəsizlik orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində ölkəmizə və milli mənafemizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin aşkarlanması istiqamətində görülən səmərəli işlərdən danışmış, təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulamışdır.

Digər çıxış edənlər də dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd etmişlər.

Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa Füzuli rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr təqdim olunmuşdur.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm