“Acılar doğuran torpaq – Somali” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Acılar doğuran torpaq – Somali” - FOTOLAR

Hamımız onlar üçün dua edirik... Dostlat iftar etməyə gedirlər... İştaham da yoxdur. İçimdə elə qəribə bir ağrı var ki... Axı insan niyə belədir?..

(Millət vəkili, Dr. Qənirə Paşayevanın yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək kitabından hissə-hissə sizə təqdim edirik. Müəllifin ağrı ilə yazdıqları bizdən çox uzaqlarda baş versə də əslində bir insan kimi bizə çox yaxındır və insanlığı düşündürməlidir)

3-cü hissə

Görəsən dünyada nə qədər gerçək insan var?!.

Növbəti gün səhər tezdən Qadın həbsxanasına baş çəkirik. Kədərli üzlər, məhv olmuş talelər... Çox danışmağı sevmirlər burda qadınlar, səslərinin duyulacağına və nəyinsə dəyişəcəyinə çox az inanırlar çünki.... Dinlədiyim hekayələr Somali gerçəklərini anladır.... Özümü o qədər yorğun və əzgin hiss etmçəyə başlayıram ki... Sanki onların dərdləri, ağrıları mənə hopmuşdu, daşımaq çox çətin idi....

Siz heç həyatda kamikadze qadın gördünüzmü?

Üzərinə bomba bağlayıb kimisə öldürmək istəyən adam deyirlər onlara...

Dəhşətli bilirsinizmi nədir?

Bir insan başqasını öldürmək üçün özünün də məhv olacağını bildiyi halda, bu bombaları üzərinə bağlamağa razı olur..

Sizcə bir qadın, 3 uşağı olan bir ana övladlarından ayrı qalacağını, atalarını itirmiş övladlarının anasız da qalacağını bildiyi halda o bombaları niyə belinə bağlasın ki?..

Mən dünən axşam belə bir qadınla tanış oldum... Hətta onun hekayətini bilmək üçün onunla görüşməyə, qadınlar həbsxanasına belə baş çəkdim...

Şərti adı Amina olan bu qadının qaçqın düşərgəsində yaşayan balaca qızı xəstə Fatimaya baxdığım zaman anasını soruşdum. Həbsxanadadır dedilər. Səbəbini soruşduqda onun kamikadzelər kimi canlı bomba olaraq bir sui-qəsdə iştirak etmək istədiyini və son anda zərərsizləşdirildiyini söylədilər. "Aman Allah, ola bilməz! Bir qadın, 3 cocuğu olan bir ana bunu necə edə bilər" - dedim və onunla görüşmək istədim...

Həbsxanada qarşımda 26-27 yaşlarında olmasına rəğmən 45-50 yaşlarında görünən, üzündə iztirab, əzab, kədər və ağrıdan başqa heç bir şey olmayan bir qadın oturmuşdu...Necəsizniz? - deyə soruşdum... Çiyinlərini çəkdi, gözlərindən yaş süzülməyə başladı...

Qızının yaxşı olduğunu söylədim.. O biri uşaqlarını soruşdu... Onları görmədiyimi dedim, "başqa düşərgədə qalırlar, mütləq maraqlanaram".

"Niyə etdin, niyə can almaq istədin, niyə ölmək bahasına öldürmək istədin, bəs cocuqların?" - dedim...

- Cocukların varmı? - deyə soruşdu...

- Yox - dedim...

- O, zaman məni anlayamazsan - dedi...

- Anlamağa çalışaram, - dedim...

- Sən də hamı kimisən, məni sadəcə günahlandırırsan, ittiham edirsən, anlamaq istəməyəcəksən - dedi...

-Anlamağa çalışacam, amma mənə səmimi söylə, - dedim..

- Sənin uşaqların gözünün qarşısında acından ölmək dərəcəsinə gəlməyib, sən bunun nə demək olduğunu bilmirsən, ona görə də məni anlayamazsan - dedi...

- Onlar yemək istəyir, dayanmadan ağlayır, günlərlə ac qalmaqdan ölmək dərəcəsinə gəlir, sən onlara yemək tapa bilmirsən və övladlarının yavaş-yavaş gözünün önündə öləcəyini görürsən... Sən bu durumdan çıxış yolu tapmasan nə edərdin - dedi...

- Hər halda, canlı bomba olmağa razılaşmazdım - dedim... - Yardım istəyərdim başqalarından...

- Hər tərəf sənin kimi insanlarla doludursa və sənə kömək edəcək insanlar yoxdursa onda necə? - dedi...

- Bilmirəm, amma hər halda canlı bomba olmazdım - dedim...

- Məni ittiham edənlər zamanında yanımda olsaydı mən də olmazdım - dedi... Sən məni qatil ruhlumu hesab edirsən?.. Övladlarını kimsəsiz qoyacağını, onları bir daha görə bilməyəcəyini bildiyin halda bu addımı atmaq istəmək bilirsənmi nə deməkdir? - dedi..

- Yox - dedim.

- Bilməni istəməzdim - dedi...

Anlatdı mənə həyatını... Səfalət içində keçən uçaqlığını, təhsil ala bilməməsini, heç bir peşə sahibi ola bilməməsini, çox gənc yaşlarda ərə verildiyini, konflikt bölgəsində həyat yoldaşının necə qətlə yetirildiyini, evindən qaçqın düşüb illərlə küçələrdə qurduğu balaca çadırda övladları ilə səfalət içində keçən həyatını və uşaqlarının acından ölmək durumunda qaldığı günlərini...

Hə, elə həmin günlərin birində ona bir nəfərin öldürüləcəyi təqdirdə uşaqlarının daim yemək və yaşamaq yeri ilə təmin olunacağı vədi verilir... "Bundan böyük vicdansızlıq, bundan böyük günah ola bilirmi, İlahi" - deyirəm öz-özümə onu dinlədikcə...

Amma böyük Allah ona yardım edib, ən son anda zərərsizləşdirilib və həbsxanaya göndərilib... İndi cəzasını çəkir... Amma gözlərinə baxanda çəkdiyi vicdan əzabının daha böyük və ağır olduğunu görmək çətin deyil...

Onu bu yola vadar edənləri lənətləyirəm qeyri-ixtiyari, onun bu duruma düşməsinə göz yumanları, özüm də daxil olmaqla bütün insanlığı ittiham edirəm içimdə...

Ayrılmaq vaxtı gəlir...

- Dedim axı, siz məni anlayamazsınız - deyir.. .Sonra da əlavə edir. - Ana olanda məni xatırlayarsan...

- Səni hər zaman xatırlayacam - deyirəm... - Sənin hekayətini yazacam... Bütün insanlıq xəcalət çəkməlidir deyirəm...

- Görürəm vicdanlı adamsan, yoxsa buraya gəlməzdin - deyir. - Əgər gerçəkdən məni bir az da olsa anladınsa uşaqlarıma yardım et... Xüsusilə Fatimaya... Mənim həyatımı yaşamasını istəmirəm - deyir. - İstəsən onu övladlığa da götürə bilərsən, mən razılıq verərəm... Sən ona yaxşı baxarsan - deyir...

- Onu səndən ayıra bilmərəm, amma sənə söz verirəm ki, onu himayəmə alacam və oxudacam... Anası kimi qadınlara bu torpaqlarda yardım edə bilməsi üçün onun yaxşı yetişməsinə yardım edəcəm, sənə söz verirəm - deyirəm... Təxminən 1 saatlıq söhbət ərzində ilk dəfə onun gözlərinin dərinliyində bir sevinc görürəm...

Həbsxanadan çıxmağa tələsirəm... Fatimanın okul məsələsini həll etməliyəm... O, mütləq oxumalıdır... Mütləq...

- Bəlkə nə zamansa görüşərik, Allah özü qapını açsın - deyirəm... Pıçıltı ilə nəsə deyir... Məncə Allaha dua edirdi...

İçimdə dəhşətli bir ağırılıq hiss edirəm... Sanki bütün bu olanlarda günahkar mənmişəm kimi...

Qapıdan çıxanda arxadan məni səsləyir... Tərcüməçidən "nə deyir?" - deyə soruşuram...

"Səncə qızım məni bağışlayacaqmı? Nə zamansa məni anlayacaqmı" - deyə soruşur...

- İnşallah, - deyirəm... Kədərli gözlərinin dərinliyində qəribə bir ümid işıltısının yarandığını görürəm...

Həbsxanadan sonra yetim uşaqlar üçün türk təşkilatları tərəfindən qurulan kiçik məktəblərə baş çəkib onlarla söhbət etdik. Tamamən qızlardan ibarət bir məktəb. Qızların təhsili məsələsi Somalinin ən ciddi məsələlərindən biridir deyə bilərəm. Qızlarla bir az onları təhsilə daha diqqətli yanaşmağın vacibliyi ilə söhbətlər edib, hədiyyələrimizi təqdim etdik. Xüsusilə albomlar, yazı lövhələri, bir sözlə, məktəb ləvazimatları çox xoşlarına gəlir. Bir də təbii ki, uşaq olsalar da saşları üçün bəzək əşyaları hədiyyələrini... Normal ət yemədiklərini bildiyimizdən Bakıdan dostların "oruc ayında iftar verəcəkdik, bu pulla o yetim uşaqlara süfrə açın" - deyə verdiyi puldan onlara yaxşı bir yemək süfrəsi açdıq. Uşaqların xüsusilə ət və şirniyyat məhsullarını necə yemələrinə baxaydınız bir....

Yetimlər üçün məktəbdən elə yenicə tibb məntəqəyə qayıtmışdıq ki, Somalinin növbəti bir gerçəyi ilə qarşılaşdıq. Hamımız dilxor idik. Xəstələri müayinə etsək də, heç kəs şahidi olduğu hadisənin təsirindən çıxa bilməmişdi. İşləri bitirib qaldığımız yerə qayıtdıq. Dostlar iftar süfrəsi arxasına keçdilər. Mənsə dostlara yaşadığım ağır gündən yazdım....

Sizcə dünyada nə qədər gerçək insan yaşayır?

O qədər sarsılmışam ki, hələ də özümə gələ bilmirəm...

Gözümüzün qarşısında bir neçə uşaq da yetim qaldı...

Kimsəsiz, yoxsulluq və səfalət içində qalan Somalilər üçün çadır düşərgəsinin, bu insanlara tibbi xidmət göstərən məntəqənin düz yanında günün gündüz çağı bir nəfəri silahla vurdular. Silah səslərinə çölə çıxmağımız saniyələr alsa da, artıq gec idi. Bir nəfər ölmüşdü, biri isə ağır yaralı idi. Artıq bir neçə il idi ki, gözlərimin önündə insan ölmürdü, həm də bu şəkildə... Elə sarsıldım ki... Kömək etmək artıq gec idi... Keçinmişdi... Yaralıya təcili yardımlar olundu.. Gözümün qarşısında ölən insan, qanı axan yaralı qədər məni silah səslərinə qaçıb gələn insanlar arasında qətlə yetirilənin xanımının və uşaqlarının bağırtıları da dəhşətli dərəsədə sarsıtdı. İlahi, uşaqlar atalarının meyidi üzərində necə də bağırırdılar, mənə elə gəlirdi ki, indicə ürəkləri dayanacaq.

Zəif insan deyiləm, amma cocuklara qoşulub ağlamaqdan özümü saxlaya bilmirdim... Bu cocuklara ağlayırdım. Onsuz da aclıq, səfalət içərisindədirlər. Amma yenə ataları vardı və onlara yenə də çətinliklə də olsa yardım edirdi... "İndi bu təhsilsiz, işsiz ana bu uşaqlarla nə edəcək" - deyə dəhşətə gəlirdim...

- İlahi, deyirdim, insan niyə bu qədər yırtıcıdır... Bu qədər uşağı atasız, yetim, gözüyaşlı qoymaq üçün heç bir tutarlı səbəb, bəhanə ola bilməz... Bunu edənlər insanlıqlarını demək tamamilə itiriblər. "Kim idi, niyə bu adamı qətlə yetirdi?" - sualının cavabında isə bir cavab eşidirsən: Orgüt..." Hökumət əlehdarları olan, hökumətdə işləyən və ya onlarla, xarici təşkilatlarla işləyən və onların düşündüyü kimi yaşamayanları hədəf alan üsyançıları, örgütü nəzərdə tuturlar... Neçə illərdir ki, onlar Somaliyə sabitliyin gəlməsində ən böyük əngəllərdən biridir, təəssüf ki.... Amma bu insanı niyə öldürdüklərinin səbəbləri bizim üçün müəmmalı qaldı... Uşaqların gözləri hələ də gözümün qarşısından getmir... Bu bir Somali gerçəyidir. Təhlükəsizlik bu ölkədə yox dərəcəsindədir. İnsan həyatı çox ucuzdur, ölüm adi bir şeydir. Kim istəyir silah ala bilir, onu rahat şəkildə saxlaya, gəzdirə bilir və xoşu gəlməyəndə kimisə rahatlıqla öldürə də bilir... Bir silah əldə edə bilmək üçün 100-150 dollar kifayət edir... Təhlükəsizlik dəhşətli vəziyyətdədir...

Yanımızda davamlı hərbiçilərin olmasına, bizi qorumalarına baxmayaq saat 6-dan sonra qaldığımız yerdən çıxıb hər hansı bir iş dalınca getməmizə hər zaman əngəl olmağa çalışırdılar və narahatlıqla "bunu sizin üçün edirik, inanın bizə" - deyirdilər. Biz isə işlərin çoxluğuna görə bəzən onları dinləmir, bəzən saat 8-9-da da işdən dönürdük...

Bu hadisədən sonra isə təhlükəsizliyimizə cavabdeh olanlar daha da narahat olublar... "lütfən, 6-dan sonra heç yerə, hətta ağır xəstə olsa belə getməyin" - deyə israr edirlər... Onların dediklərini o qədər ciddi qəbul etmirdim... Bir az əvvəl nə qədər haqlı olduqlarını gördüm.. Somalidə Türkiyənin Kimsə Yoxmu Dərnəyinin binasında qalırıq. Sağ olsunlar, bizə ən gözəl otaqlarını veriblər. Bura Somalidə qalmaq üçün ən təhlükəsiz yerlərdən biridir. Bütün günü hərbiçilər tərəfindən qorunur... Hər yerə dərnəyin işçilərini qoruyan hərbiçilərlə gedirik... Bir sözlə, bizə xüsusi qayğı göstərirlər... Amma bir az əvvəl təhlükəsizliyin bu ölkədə nə demək olduğunu bir daha təkrar yaşadıq... Bir azdan binanın yaxınlığında atışma, silah səsləri gəlməyə başladı... "Hər kəç içəri girsin, pəncərələr bağlansın" - deyə Orhan bəyin səsi gəldi... Silah səsləri, atışma səsləri bir neçə dəqiqə davam edib, sonra dayandı... Kimlər idi, kimləri öldürdü, yenə neçə cocuk yetim qaldı - bilmirik yəqin sabah biləcəyik...

Orhan bəy bir müddət öncə yenə bina yaxınlığında atışma zamanı bir güllənin pəncərəyə dəydiyini söyləyib "bu məsələlərə rahat baxmayın, hətta hərbiçilərlə belə olsa getdiyiniz hər yerdə çox diqqətli olun, gözlənilmədən hər şey ola bilər" - deyir.. Həm də çox rahatlıqla... Artıq neçə aylardır bu vəziyyətdə yaşadığı üçün adi baxır mənim kimi... Mən də bir neçə müharibə gördüyüm üçün o qədər də qorxmuram belə vəziyyətlərdə... Amma belə vəziyyətlərlə ilk dəfə üzləşən və yardım üçün xaricdən gəlmiş bəzi türk dostlarımızın ciddi narahat olduğunu görürük... "Dəhşətə bax - deyirəm - düz 22 ildir Somali uşaqları belə bir vəziyyətdə böyüyür..."

Hamımız onlar üçün dua edirik... Dostlat iftar etməyə gedirlər... İştaham da yoxdur. İçimdə elə qəribə bir ağrı var ki... Axı insan niyə belədir?.. Allah ona heyvanlardan fərqli olaraq ağıl, mələklərdən fərqli olaraq duyğular, hisslər verdi... O zaman niyə insan canlıların bəlkə də ən yırtıcısıdı?.. Bir insanın həyatını almaq, övladlarını gözüyaşlı qoymaq... "Yox, bunu edənlər insan ola bilməz" - deyə düşünürəm... "Görəsən dünyada nə qədər gerçək, insan nə qədər insan cilidində yırtıcı var" - deyə düşünürəm.. Görəsən hansı çoxdur... Sizcə?...

(Ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm