Şaxtalı hava hansı meyvələrdə qıtlığa səbəb olacaq?
Bizi izləyin

Qırmızı.az

Şaxtalı hava hansı meyvələrdə qıtlığa səbəb olacaq?

Ötən gün ölkə ərazisində müşahidə olunan hava şəraiti paytaxtda bəzi binaların damını uçurdu, bölgələrdə isə elektrik verilişində problemlər yaşatdı. Amma qar yalnız bununla yadda qalmadı. Bunlar sadəcə gözlə görünənlər idi. İqlim normasından 6 dərəcə aşağı olan temperatur ən çox zərəri kənd təsərrüfatına vurdu. Hazırda gözlə görünən nəticə olmasa da, son məlumat meyvə-tərəvəz bazara çıxanda hiss olunacaq.

Çünki bəzi bölgələrdə 3-10 dərəcəyə qədər müşahidə olunan hava çiçəkləri ağacda dondurdu. Bəs şaxta hansı meyvələrdə qıtlığa səbəb olacaq? Şaxta dənli taxıla necə təsir edib?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev kənd təsərrüfatının təbii fəlakətdən sığortalanmadığını dedi. Onun sözlərinə görə, ötən gün müşahidə olunan hava təsərrüfat sahələrinə təsirsiz ötüşməyib:

“Aran və qərb bölgəsində erkən çiçəkləmiş meyvələr, ərik, gavalı xüsusən də badama təsir göstərib. Meyvəçilik üzrə ixtisaslaşmış şimal bölgəsində isə təsir etməyib. Çünki həmin bölgədə ağaclarda çiçəkləmə prosesi başlamayıb. Ümimilikdə bu prosesin məhsuldarlığa ciddi təsir edəcəyini düşünmürük.

Bu hava şəraiti taxılçılığa müsbət təsir edəcək. Çünki Aran bölgələrində taxılın boyvermə, dəmyə bölgələrdə isə kollanma fazasındadır. Bu dövrdə də taxıl bitkiləri 12 dərəcə şaxtaya dözə bilir. Bundan başqa, torpaqda rutubətin toplanmasına da müsbət təsir edəcək.

Açıq tərəvəzçilik sahələri isə aprelin 2-ci və mayın 1-ci ongünlüyündə başlanır. Hazırda isə qar, yağış əkinə hazırlanan torpaqda rutubətin toplanmasına imkan yaradır”.

Çünki fermerlər müəyyən aqrotexniki qaydalara riayət etməklə fəsadı aradan qaldıra bilərlər:

“İlk növbədə meyvə bağlarına əlavə, cərgəarası becərmə, kompleks gübrələrin tətbiqi, qurumuş budaqları kəsmək tövsiyə edilir. Çünki hər bitkinin potensial məhsuldarlığı olur. Aqrotexniki qaydalarla yatmış tumurcuqları oyatmaq olar”.

Bundan sonra aprel və may aylarında şaxta olduğu halda, fermerlərin hansı işlər görməsinə gəldikdə isə M.Hacıyev kənd təsərrüfatının hava şəraitindən sığortalanmadığını dedi.


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, qlobal iqlim dəyişikliyi ilə əlaqədar olaraq, əvvəlki illərdə də bəzi bölgələrdə qarlı-şaxtalı hava şəraiti müşahidə edilirdi. Ötən gün müşahidə olunan hava bitkilərin fizioloji durumuna mütləq təsir edir:

“Son günlər hava şəraitinin isti keçməsi, bitkilərin inkişaf fazasında olması, bir çoxunda mayalanma prosesinin getməsinə səbəb olmuşdu. Birdən-birə temperaturun 20 dərəcəyədək enməsi, bəzi bölgələrdə havanın şaxtalı olması nəticəsində bitki obiotik stressə məruz qalır və bu mənfi təsir göstərir. Qarın yağmasından daha çox şaxta çiçəklənmə dövründə olan bitkilərdə ciddi fəsadlar yaradacaq. Mayalanma prosesində şaxtalı hava şəraiti məhsuldarlığın ciddi sürətdə azalmasına səbəb olur”.

Ekspert dəymiş zərər barədə konkret rəqəm deməyin hələ tez olduğunu bildirdi:

“Çünki hər bölgədə şaxta müxtəlif dərəcədə olub. Eyni zamanda bölgələrə uyğun bitkilərin çiçəklənmə prosesində də fərqlər müşahidə edilir. Bu prosesin orta mərhələdə olduğu ərazilərdə məhsuldarlığa təsir daha ciddi hiss ediləcək.

Aran bölgəsində mayalanma prosesi başa çatmalı idi. İdarəetmə problemləri olduğuna görə, son illərdə ağacların mayalanma prosesi gecikib. Bunun səbəbi bağçılıqla məşğul olan fermerlərin arıçılıqla məşğul olmamasıdır.

Dağətəyi bölgələrdə çiçəklənmə prosesi başlamışdı. Alça, ərik, şaftalı meyvə ağaclarında çiçəklənmə prosesi müxtəlif mərhələlərdə idi.

May ayında alça, gilasdan ilkin məhsul almaq mümkün idi. Amma bu cür hava şəraitinə görə, daxili bazarı tez yetişən gilasla təmin edə bilməyəcəyik, alça xaricdən idxal ediləcək. Şaftalı və ərik istehsalında problemlər olacaq. Son illər müşahidə olunan bu cür hava şəraiti həmin meyvələrlə bağlı qıtlığa səbəb olur, eyni zamanda fermerlər də bundan ciddi zərərə məruz qalırlar”.

Ekspert qarın yem və taxıl bitkiləri üçün faydalı olacağını dedi. Onun sözlərinə görə, qar son vaxtlar taxıl sahələrinin suya olan ehtiyacının ödənilməsinə kömək edəcək. Bu da məhsuldarlığa müsbət təsir edəcək.

V.Məhərrəmov kənd təsərrüfatının daha az ziyanla ötüşməsi üçün görülə biləcək tədbirlərdən də danışdı:

“Erkən kartof yetişdirənlər qışda soyuqdan qorunmaq üçün sahələrin üzərindəki örtüyü açmışdılar. Həmin təsərrüfat sahələrində hava təsirini göstərəcək. Ona görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 gün əvvəldən məlumat verməli idi. Ümumiyyətlə isə, fermerlərimiz bu cür hadisələrə hazır olmalıdır, hətta aprel ayında da oxşar hadisə müşahidə edilə bilər. Bunun üçün fermerlər məlumatlandırılmalıdır. Həmçinin bağların ətrafında qoruyucu meşə zolağı salına bilər. Bu da şaxtanın təsirini minimum endirir. Bu qaydaları tətbiq etməklə zərəri azaltmaq olar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm