ADU-da “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş dəyirmi masa keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş dəyirmi masa keçirilib

Martın 31-də Azərbaycan Dillər Universitetində (ADU) “31 mart- Azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş dəyirmi masa keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbirdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, həmin kafedranın baş müəllimi Qəribə Əlizadə və müəllimi Şəlalə Bağırova və tələbələr iştirak edib.

Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev bu günün tarixi haqqında qısa məlumat verib. O, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildiyini qeyd edən prorektor Ələddin Əliyev hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə xalqın bir daha tarixi keçmişə qayıtdığını, xalqa qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsinin ehtiramla anıldığını söyləyib. Həmin siyasətin bu gün prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən professor Ələddin Əliyev Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından ürək ağrısı ilə bəhs edib. O, bu yaxınlarda Pedaqoji təcrübəyə yollanan tələbələrə təhkim olunduqları müddətdə orta məktəblərdə bu cür tarixi hadisələrimizi xatırladacaq tədbirlərlə şagirdləri məlumatlandırmağı tövsiyyə edib.

Sosial elmlər kafedrasının müəllimi Şəlalə Bağırova mart soyqırımı ərəfəsində Bakıda ictimai-siyasi vəziyyət və onun nəticələri haqqında danışıb. O, mart soyqırımının Azərbaycan tarixinin ən kədərli, ən qanlı səhifələrindən biri olduğunu bildirib. Ş. Bağırova əsarətində olduğumuz sovetlər dönəmində o dövrün sərt qanunlarına əsasən bu hadisələrin xalqımızın yaddaşına düzgün köçürülmədiyini və 20 ilə qədər Azərbaycanın öz istiqlaliyyətini bərpa etməsinə qədər bu haqda doğru-dürüst məlumat verilmədiyini xatırladıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə hər il 31 mart tarixinin “Azərbaycanlıların soyqırım günü” kimi elan olunduğunu və bununla da Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə-soyqırıma tarixdə ilk dəfə olaraq siyasi qiymət verildiyini söyləyib. Daha sonra Ş. Bağırova azərbaycanlıların məhz azərbaycanlı olduqları üçün məhv edilməsi niyyətilə Bakıda törədilmiş qətliamın erməni daşnak quldurları Əmiryan, Lalayan, Amazasp və Şaumyanın başçılığı ilə Şamaxıda, Qubada, Xaçmazda da təkrar olunduğunu, yüz minlərlə günahsız insanın qanına qəltan edildiyini bildirib.

Pedaqoji fakültədə təhsil alan Gülnar Mustafayeva ermənilərin “Böyük Ermənistan” yaratmaq niyyətinə uyğun olaraq törədilmiş 31 Mart Soyqırımının baş vermə səbəblərindən, Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Rəna Rəsulzadə V. Leninin Mart soyqırımından qabaq Stepan Şaumyana göndərdiyi teleqramdakı faktlardan, Pedaqoji fakültədə təhsil alan Fidan Şirəliyeva azərbaycanlıların başına gətirilmiş soyqırımlardan biri olan, XX əsrin qanlı faciəsi Xocalı soyqırımından bəhs ediblər.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu ADU-da hər zaman hərbi-vətənpərlik hisslərini aşılayacaq tədbirlərin keçirildiyini vurğulayıb. O, universitet nümayəndələrinin genişmiqyaslı tədbirlərdə də bu mövzularla ADU-nu uğurla təmsil etidklərini söyləyib. Professor aparılan mübarizənin nəticəsiz qalmayacağını bildirib və bu qalibiyyəti əldə etməkdə təbliğatın böyük rol oynadığını qeyd edib.

Dəyirmi masa “Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?”, “ 1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?”, “Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?” sualları ərtafında müzakirələrlə davam edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm