Seyid nəvəsinin üstündə dava düşdü: 1 nəfər yaralandı – Cinayət tarixçəsi
Bizi izləyin

Qırmızı.az

Seyid nəvəsinin üstündə dava düşdü: 1 nəfər yaralandı – Cinayət tarixçəsi

Seyid nəvəsinin üstündə dava düşdü: 1 nəfər yaralandı – Cinayət tarixçəsi

Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Hidayət Səmədov kiçik toy məclisində rəqs etmək üstündə yaranan mübahisə zəminində həmyerlisi İsmayıl Əliyevi bıçaqlayaraq öldürməyə cəhd edib. Publika.Az-ın araşdırmasına görə, hadisə 2012-ci il avqustun 26-da baş verib.

Hidayət Səmədov həmin gün Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Əli Əjdərinin nəvəsi Əli İsmayılovun sünnət toyunda iştirak edib. Saat 22.30-da Hidayət Səmədov musiqi sifariş verib. O, ailə üzvləri və qohumları ilə birlikdə oynamağa başlayıb.

Bu zaman toya tamaşa edən 1998-ci il təvəllüdlü Mirxaliq Bağırzadəyə yaxınlaşan Hidayət kişi özündən 26 yaş kiçik olan oğlana irad tutub. O, Mirxaliqi onların oynamalarına maneçilik törətməsini deyib. O, həmçinin qəsəbədə seyid ailəsi kimi tanınan və qəsəbədıə hörmət qoyulan Bağırzadələrin azyaşlı övladını sinəsindən itələyib. Onun seyidin azyaşlı nəvəsinə qarşı etdiyi hərəkətlərini İsmayıl Əliyev görüb.

Seyid övladını sinəsindən itələdi, araya qan düşdü

İsmayıl azyaşlı seyid nəvəsinə qarşı kobudluq edən Hidayətə iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb. Hidayət İsmayılın iradını qəbul etməyib. Buna görə də onların mübahisəsi böyüyüb. Bu zaman Hidayət İsmayıl Əliyevi söyüb. Buna görə də onlar əlbəyaxa olublar. Hidayət həmin vaxt bıçağa əl atsa da, İsmayılı vurmağa imkanı olmayıb. Çünki toy şənliyində iştirak edən Əli Abdulılayev və digər şəxslər onları aralaşdırıb.

Həmin gün saat 23:40-da toy məclisi başa çatıb. Bundan sonra Hidayət Səmədov arvadı və yaxın qohumları ilə birlikdə toy evini tərk edərək küçəyə çıxıb. Onlar özlərinə məxsus avtomaşına minərək evlərinə getmək istəyiblər. Bu zaman küçədə olan İsmayıl Əliyev onu görüb. İsmayıl Əliyev aralarında olan əvvəlki narazılığa görə toyda rəqs etmiş Hidayətin arvadı və Rusiya Federasiyasından toya qonaq gəlmiş yaxın qohumları olan qadınların ünvanına ucadan söyüş söyüb. Bu səbəbə görə onun söyüşlərindən Hidayət əsəbiləşib.

Buna görə də Hidayət İsmayıl Əliyevi öldürmək qərarına gəlib. Bu məqsədilə avtomaşından düşən Hidayət bıçaqla İsmayıl Əliyevin üstünıə cumub. O, İsmayıl Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Həmin vaxt hadisənin şahidi olan qəsəbə sakinləri İsmayıl Əliyevi təcili xəstəxanaya çatdırıblar. Vaxtında tibbi yardım göastərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hidayət Səmədov isə həbs edilib.

Xuliqanlıq

Bu əməli ilə Hidayət Səmədov Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiahm edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərillib. Cinayət işi hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Uşaqlar rəqs etməyimizə maneçilik törədiblər"

Məhkəmədə ifadə verən Hidayət Səmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, ailəsi ilə birlikdə Çinarlı qəsəbəsində yaşayır: "Himayəmdə iki az yaşlı uşağım var. Bacımın əri rəhmətə gedib. Buna görə də bacımvə iki uşağı da himayəmdə yaşayır. Avqustun 26-da Xəqaninin oğlu Əli üçün təşkil etdiyi sünnət toy şənliyində ailə üzvlərim ilə birlikdə iştirak etmişəm. Toyda hamı kimi spirtli içki içmişəm. Toyda yeyib içdikdən sonra arvadım və Rusiyadan gəlmiş qohumlarım ilə birlikdə mahnı sifariş verdik, rəqs etməyə başladıq. Həmin vaxt qəsəbənin yeniyetmə uşaqları oturub toya baxdıqları üçün rəqs etdiyimiz yer darısqal olub. Həmin uşaqlar rəqs etməyimizə maneçilik törədiblər. Bir neçə dəfə həmin uşaqlara iradını bildirmişəm. Onların kənara çəkilmələrini tələb etsəm də, həmin uşaqlar sözlərimə əhəmiyyət verməyib".

"Həmin uşağın seyid nəvəsi olduğunu dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, uşaqların onun sözlərinə əhəmiyyət vermədiklərini görüb və əli ilə onlardan birinin sinəsindən geri itələyib: "Həmin vaxt həmyerlim İsmayıl Əliyev üstümə gəldi. İsmayıl həmin uşağı itələdiyimə görə mənə iradını bildirdi. Həmin uşaqların rəqs etməyimizə maneçilik törətdiklərini dedim. İsmayıl da spirtli içki qəbul etdiyindən həmin uşağı nə üçün itələdiyimi bir neçə dəfə irad tutdu. İsmayıl həmin uşağın seyid nəvəsi olduğunu dedi. bildirmişdir. İsmayıla bir daha nəyə görə uşağı itələdiyini bildirsəm də, İsmayıl sərxoş olduğundan mənimlə mübahisə etməyə başladı. Bu zaman yaxamdan tutaraq mənə yumruq atdı. Sonra biz əlbəyaxa olduq. Mən yumruqla İsmayılın sifət nahiyyəsindən vurdum. Lakin ətrafda olan şəxslər bizi aralaşdırdılar".

"Moskvadan gələn arvadlarınızı filan edim"

Hidayət Səmədov deyib ki, gecə saat 12-də məclis başa çatıb. Onun sözlərinə görə, ailə üzvləri və qohumları olan qadınlarla birlikdə toy evini tərk edib: "Biz küçədə saxladığım avtomaşına əyləşdik. Bu zaman İsmayılı küçədə gördüm. Lakin ona heç bir söz demədən avtomaşına əyləşdim. İsmayıl isə ucadan arvadımın və Rusiya Federasiyasından toya qonaq gəlmiş yaxın qohumlarım olan qadınların ünvanına söyüş söydü. İsmayıl "Moskvadan gələn arvadlarınızı filan edim", deyərək təhqir edici ifadələr işlətdi. Həmin söyüşlər mənə çox pis təsir etdi. İsmayılın söyüşlərindən hiddətləndim. Avtomaşından düşdüm və İsmayılın üstünə getmək istəyərkən anam məni saxladı".

"İsmayılı vurduğumu etiraf etdim"

Hidayət Səmədovun sözlərinə görə, İsmayıl yenidən onun ailəsinin ünvanına söyüş söyməyə davam etdiyi üçün avtomaşından düşüb: "Mən qaça-qaça İsmayıla yaxınlaşdım. Biz yenidən əlbəyaxa olduq. Özümdə olan bıçaqla İsmayılın qarın nahiyyəsindən zərbə vurdum. İsmayıl yerə yıxıldı. Buna görə də daha onu vurmadım və oradan uzaqlaşdım. Bu zaman isə yaxınlıqda olan tanımadığım şəxslər İsmayılın yanına gəldi. Həmin şəxslər İsmayıla yardım göstərərək onu ayağa qaldırdılar. İsmayılın söydüyü qohumlarım olan qadınların ərləri Babək və Taleh də davada iştirak ediblər. Lakin həmin vaxt anam məni avtomaşında tutaraq saxladığı və qaranlıq olduğu üçün bunu görməmişəm. İsmayılın xəsarət almasından qorxaraq Bakı şəhərinə getmişəm. Sonra qardaşım Arzu və bacım Təranə polis tərəfindən axtarıldığımı, Şəmkir rayon Polis Şöbəsinə gedərək özümü təqdim etməyimi bildirdilər. Sonra Şəmkir rayon polis şöbəsinin işçiləri qaldığım evə gəldilər. Onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəldik. Polis şöbəsində İsmayılla dalaşdığımı və onu bıçaqla vurduğumu etiraf etdim. İsmayıla xəsarət yetirərkən istifadə etdiyim bıçağı polis əməkdaşlarına könüllü təqdim etmişəm".

"O, seyid Mirhəsənin nəvəsidir, onu nə üçün təhqir edirsən"

Zərərçəkmiş İsmayıl Əliyev deyib ki, həmin gün həyat yoldaşı ilə birlikdə əvvəlcə bibisi Validənin oğlunun "Dostluq" şadlıq sarayında keçirilən toy məclisinə gedib. Onun sözləriə görə, orada qohumlarını təbrik edib, təxminən yarım saat şənlikdə iştirak edərək, arvadı ilə birlikdə İsmayıl adlı digər qohumunun övladının toy şənliyinə gedib: "Həmin toy şənliyində təxminən 10-15 dəqiqə iştirak etdim. Arvadım ilə birlikdə qonşuluqda keçirilən Əli müəllimin nəvəsinin sünnət toyuna gəldik. Toy şənliyi Əli müəllimin həyətində çardağın altında keçirilirdi. Həmkəndlim Fəxrəddin və digər şəxslərlə küçədə qoyulmuş masada yeyib-spirtli içki içmişik. Saat təxminən 21.00-da talvarın altına gəldik. Orada "Hidoş" ləqəbi ilə tanıdığım Hidayəti qohumları ilə rəqs etdiyini gördüm. Hidayətin toy şənliyi gedən vaxtı seyid Mirhəsənin nəvəsi Mirxaliqi sinəsindən itələdi. Ona yaxınlaşaraq "Bu uşağı tanıyırsanmı, o seyid Mirhəsənin nəvəsidir, onu nə üçün təhqir edirsən", - deyərək iradımı bildirdim. Hidayət isə həmin uşağın onların oynamalarına maneə olduğunu dedi. Buna görə də Hidayətlə mübahisəm düşdü".

"Bir neçə nəfər tanımadığım şəxs məni yumruq və təpiklə vurdular, sonra qaçıb getdilər"

Zərərçəkmişin sözlərinə görə, bu zaman Hidayət onun ünvanına söyüşlər söyərək qəflətən ona bir neçə yumruq vurub. O, əlavə edib ki, həmin vaxt Hidayət bıçaqla onu vurmaq istəyib: Lakin orada olan həmkəndlilərim Əli Abdullayev və digər şəxslər buna imkan verməyib. Onlar bizi aralaşdırdılar. Sonra kabab bişirilən yerə getdim. Əli Abdullayev də yanıma gəldi. Bağda olduğumuz vaxt Əlinin oğlu Orxan və öz oğlm Həmid də gəldilər. Bundan təxminən bir saat sonra saat toy məclisi başa çatdı. Birlikdə evə getmək üçün bağdan küçəyə çıxdıq. Orada bir neçə nəfər şəxs dayandığını gördüm. Lakin qaranlıq olduğuna görə onların kimliyini aydınlaşdıra bilmədim. Həmin vaxt küçədə Hidayətin ailə üzvləri və Moskvadan gəlmiş qohumları olan qadınlarla toydan çıxıb öz avtomaşınına minərək getmək istədiyini gördüm. Onun bir qədər əvvəl toyda mənə qarşı etdiyi hərəkətlərdən əsəbiləşmişdim. Onun və həmin qadınların ünvanına bir qədər yüksək səslə söyüş söydüm. Bu zaman bir neçə nəfər tanımadığım şəxs məni yumruq və təpiklə vurdular, sonra qaçıb getdilər".

"Nə baş verdiyini bilməmişəm"

İsmayıl Əliyevin ifadəsinə görə, sonra onu döyən şəxslərdən biri söydüyü Moskva şəhərindən gəlmiş qadınlardan birinin əri Babək olduğunu bilib: "Bundan sonra əsəblərimi cilovlaya bilmədim. Yenidən Hidayətin ailəsinin ünvanına söyüş söydüm. Bunu eşidən Hidayət avtomaşından düşərək qaça-qaça mənə yaxınlaşdı. Bıçaqla qarın nahiyyəmdən zərbə vurdu və oradan qaçdı. Həmin vaxt ətrafda olan adamlar Hidayəti aralamaq üçün bizim yanımıza gəldilər. Mən bıçaqla vurulduğum üçün 3-4 addım ataraq yerə yıxıldım, huşumu itirdim. Bundan sonra orada nə baş verdiyini bilməmişəm. Yalnız xəstəxanada əməliyyat olunub özünə gəldikdən sonra məlum oldu ki, hadisə yerindən ağır yaralı vəziyyətdə oğlum Həmid və arvadım Nubar toy şənliyinə gəlmiş bir şəxsin avtomaşını ilə xəstəxanaya gətiriblər".

Hakimlər şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Hidayət Səmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Həmçinin hökmdən zərərçəkmişdə narazı qalıb. Zərərçəkmiş apelyasiya şikayəti verərək Hidayət Səmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin mübahisəli şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişin şikayəti təin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, Hidayət Səmədovun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Hidayət Səmədov 11 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Hidayət Səmədovun şikayətini rədd edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm