Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət
rəsmiləri, ədəbiyyat xadimləri xalq yazıçısı İsa Hüseynovun vəfatı
ilə əlaqədar başsağlığı veriblər.
Nekroloqda bildirilir ki, Azərbaycan mədəniyyətinə ağır itki üz
verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq
yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin
1-də ömrünün 86-cı ilində vəfat edib.
İsa Hüseynov 1928-ci il iyun ayının 12-də Qazax rayonunun Muğanlı
kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o,
1946-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində ali təhsil alıb, 1950-1952-ci illərdə isə Moskvada
Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.
Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət
Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa
Hüseynov 1954-1964-cü illərdə "Literaturnıy Azerbaydjan" jurnalının
redaksiyasında nəsr şöbəsinin müdiri, 1964-1979-cu illərdə Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor, baş
redaktor və ssenari kollegiyasının üzvü olub. O, 1979-cu ildən
Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində
çalışıb. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasının üzvü seçilib.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa
Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində
mühüm rol oynayıb. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm
qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq
müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına
sanballı töhfə olub. Aydın mövqeli yazıçı Azərbaycan xalqının
yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin
qorunması naminə həyatı boyu yorulmadan yazıb yaradıb.
Tariximizin qədim dövrlərdən bəri ən müxtəlif mərhələlərində baş
verənləri və böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində
saxlayan İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri
sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək
ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə
müvəffəq olub. Ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini
hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində
daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın
məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Mühüm sosial
həqiqətlərdən söz açaraq, dərin vətəndaşlıq ruhu ilə səciyyələnən
bu əsərlərdə ustad yazıçı ana dilinin potensial poetik
imkanlarından yüksək dərəcədə bəhrələnmək məharəti nümayiş
etdirib.
İsa Muğanna, eyni zamanda, Azərbaycan kinematoqrafiyasının qızıl
fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari
müəllifi kimi tanınırdı. Onun əsərləri əsasında çəkilən və
xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən
kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır.
Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər
milli kino xəzinəsində özünəməxsus yer tutur. Yazıçı, həmçinin
xarici dillərə tərcümə olunaraq müəllifinə şöhrət qazandıran
əsərləri ilə nəsrimizi ölkəmizin hüdudlarından kənarda layiqincə
təmsil edib.
İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli
xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək
qiymətləndirilib. O, fəxri ad və ordenlərə layiq görülüb,
Azərbaycan Respublikasının ali dövlət mükafatı "İstiqlal" ordeni
ilə təltif edilib.
Görkəmli nasir və ssenarist, səmimi və təvazökar insan İsa
Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaq.
Allah rəhmət eləsin!
Nekroloqu İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz
Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Kamal Abdullayev,
Fatma Abdullazadə, Əbülfəs Qarayev, Anar Rzayev, İsa Həbibbəyli,
Fikrət Qoca, Çingiz Abdullayev, Söhrab Tahir, Nəriman Həsənzadə,
Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Zəlimxan Yaqub, Şəfiqə
Məmmədova və Eldar Quliyev imzalayıblar.
Mərhumun cənazəsi vidalaşmaq üçün 2014-cü il aprelin 2-də saat 13:
00-dan 15: 00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
binasında (Füzuli meydanı, 1) qoyulacaq.
Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.
|