• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kamal Abdulladan mühüm mesajlar

Kamal Abdulladan mühüm mesajlar

“Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərə qarşı sözü dövlət deyəcək”

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Bakı Slavyan Universitetində Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Dövlət müşaviri çıxışında “azsaylı xalq” ifadəsinə qarşı çıxıb: “Əvvəllər azsaylı xalqlar deyirdik. İndi, ümumiyyətlə, biz azsaylı xalqlar ifadəsini öz leksikonumuzdan çıxartmalıyıq. Xalq olur, azsaylı xalq olmur ki. Biz hamımız bir-birimizin yanındayıq və hamımızı birləşdirən Azərbaycan var”.

K.Abdullanın sözlərinə görə, Azərbaycan, azərbaycançılıq naminə olan işlərdən kənarda nə baş verəcəksə, dövlətin o hərəkatı, yad nəfəsi susdurmağa gücü var: “Dövlət parçalanma, separatçılığın olmasına imkan verməyəcək. Bu məsələlər bizə yad olan məsələdir, nə bizim xalqımıza, nə də həmin xalqların Azərbaycan naminə şəhid gedən övladlarının ruhuna uyğun gələn məsələ deyil. Dağlıq Qarabağ münaqişəsi başlayanda cəbhəyə öncə talışlar, ləzgilər, tatlar, ruslar getdi. Burada əyləşən hər bir millətin nümayəndəsi getdi. Budur azərbaycançılıq”.

Dövlət müşaviri qeyd edib ki, icmalarla bu məqamları qorumaq üçün bir çox işlər görəcək, müxtəlif layihələr icra ediləcək. Onun sözlərinə görə, bu layihələr xalqların mədəniyyətinin çiçəklənməsi, Azərbaycan ölkəsində təmsil olunan dillərin çiçəklənməsi, müxtəlif tarixi mədəniyyətin öyrənilməsi, ənənələrin davam etdirilməsi istiqamətində olacaq:

“Bu istiqamətdə icmaların irəli sürəcəyi layihələri gözləyəcəyəm. Biz çox intensiv şəkildə işimizi görməliyik. Azərbaycan dövlətçiliyi naminə hamımız əl-ələ verib çalışmalıyıq. Öz fəaliyyətimizlə həm öz icmalarımızın nümayəndələrini, həm də bütövlükdə Azərbaycanı və dostlarını sevindirməliyik. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq. Onların məkrli niyyətləri, hiylələri və üstü bəzədilmiş ibarələri ilə heç kimi yanlışlığa, aldatmağa cəhd etməyə ehtiyac yoxdur. Onlarla bizim işimiz olmayacaq. Onlara qarşı sözü dövlət deyəcək”.

Dövlət müşaviri icma rəhbərlərinin həm bir-biri ilə, həm də dövlət qurumları ilə sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib: “Müxtəlif səbəblərdən real fəaliyyətdən kənarda qalan gəncləri də bu işlərə cəlb edə bilərik. Ona görə ki, gənclər müxtəlif yollara, dövlətçiliyimizə yad olan yollara gedə bilirlər. Gəncliyimizi bu yollardan qorumalıyıq”.

teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR