3 həftəlik artım təhsilə nə verəcək?
Bizi izləyin

Qırmızı.az

3 həftəlik artım təhsilə nə verəcək?

Növbəti ildən dərs ilinin uzadılması gözlənilir. Bu il tədris ili əvvəlki illərdə olduğu kimi may ayının 31-də başa çatacaq. Lakin növbəti ildən dərslər iyun ayında 3 həftə də davam etdiriləcək. Bu barədə Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tədris ilinin Azərbaycanda cəmi 32 tədris həftəsi var, bu çox aşağı bir göstəricidir. Digər ölkələrdə bu 38 həftədir. Hətta bəzi ölkələrdə 40-42 həfətəyədək uzadılır. 32 həftə isə kifayət qədr qısa bir müddətdir.

C.Bayramovun sözlərinə görə, tədris müddətinin artırılması şagirdlərin dərsləri daha asan mənimsəməsinə xidmət edəcək. Çünki hazırkı durumda tədris proqramı kifayət qədər ağırdır.

Bəs 3 həftəlik artım təhsildə hansı dəyişikliklərə səbəb olacaq, hansı problemləri həll edəcək?

Bəzi fikirlərə görə, bu artıma ehtiyac yoxdur. Tədris ilini iyun ayında artırmaqdansa, dərslərin sentyabrın 1-də başlanması və qalan bir həftənin də il ərzindəki tətillərdən kəsilməsi daha məqsədə uyğun olardı. Millət vəkili Fazil Mustafa da sosial şəbəkədə məsələyə münasibət bildirərkən bu qərarın düşünülmədən verildiyini bildirib:

“Hələ də heyrət içindəyəm: görəsən Azərbaycanda rəsmi strukturlarda hansısa qərar qəbul etməzdən öncə ciddi düşünüb-müzakirə edirlərmi? Təhsil Nazirliyi qərara alıb ki, 3 həftə dərs müddətini uzatsın, yəni iyun ayında dərslər davam etsin. Halbuki neçə illərdir təklif edirik ki, dərslər sentyabrın 1-də başlasa, əlavə müddəti uzaltmağa gərək qalmaz. İki həftə buradan qazanırsan, bir həftə də mənasız bayram günlərinin hərəsindən bir günü qatırsan dərs müddətinə, olur əlavə 3 həftə. Beləliklə, iyun ayının istisində şagirdi məktəbə göndərməyə də ehtiyac qalmır. Bir də müddəti deyil, tədrisin keyfiyyətini artırmaq lazım”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, yay tətilinin müddətinin çox olması və həmin müddətdə şagirdlərin dərsləri təkrarlamaq üçün əllərində dərsliyin olmaması materialların unudulmasına səbəb olur. Ardıcıl fənnlərin mənimsənilməsində problem yaradır. Bu baxımdan da dərs ilinin uzadılması effektli addım hesab edilə bilər.

“Artıq valideyn və müəllimlər hazırkı müddətin tədris proqramının mənimsənilməsi üçün yetərli hesab etmirdi. Buna görə də müddətin uzadılması müsbət hesab edilə bilər. Bu artım tədris prosesində iştirak edən tərəflərin heç birinin mənafeyinə toxunmur. Bu artım proqramın mənimsənilməsinə kömək edəcək. Bəzi ölkələrdə uşaqların tədrisdən ayrılmaması üçün yay məktəbləri təşkil edilir. Bizdə isə həm tətillərin müddəti çoxdur, həm də dərslər sentyabrın 15-dən başlanır. Bu da tədris müddətinin azalmasına səbəb olur. Bəzi ölkələrdə bu problem gündəlik dərslərin saatının artırılması hesabına təmin edilir. Şagirdlər 17:00, 16:30-a qədər məktəbdə olurlar. Amma bizdə bu sistemi tətbiq etmək mümkün deyil. Çünki məktəblərdə şagirdlərin dərs arasında istirahət etmələri, əylənmələri, qidalanmaları üçün şərait yoxdur”.

Bayramların uzun müddətli olması, 5 günlük tədrisə keçmək dərslərin mənimsənilməsinə maneə olur. Lakin hazırkı sistemi pozmağın mənfi təsiri də olacaq.

“Dərslərin sentyabrın 1-də başlanması, yerdə qalan müddətin bayramlardan kompensasiya edilməsi mümkün ola bilər. Lakin bu barədə dövlət başçısı qərar verməlidir. Hazırkı durumda isə dərs ilinin iyun ayında uzadılması ən doğru qərar hesab edilə bilər. Üç ay tətil təhsilin fasiləsizlik prinsipini pozur. Proqram yarımçıq tədris oluna bilməz”.

Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev Azərbaycanda təhsil müddətinin digər ölkələrlə müqayisədə az olduğunu bildirdi:

“Bu müddət şagirdlərin daha çox yüklənməsinə, dərs proqramının yaxşı yerinə yetirilməməsinə səbəb olur. Ona görə də, təhsil ilinin müddətinin artırılmasını normal hesab edirəm. Tədris ili 32 həftədir, bu çox azdır. Digər ölkələrdəki kimi bu müddət 40-42 həftə olarsa, bunun tədrisə yalnız faydası dəyə bilər. Həm şagirdlər çox yüklənməz, həm də dərs proqramları yaxşı mənimsənilər”.

Tədris ilinin sentyabrın 15-də başlanması, qalan müddətindən tətillərdən əvəzlənməsinə gəldikdə millət vəkili bunun təhsil ictimaiyyəti tərəfindən müzakirə edilməli olduğunu bildirdi:

“Bunun üçün tərəflərin fikirləri nəzərə alınmalıdır. Fikrimcə, dərslərin sentyabrın 1-dən başlanması faydalı olardı”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm