• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Anar Niftəliyev Mehriban Əliyevaya müraciət etdi

Anar Niftəliyev Mehriban Əliyevaya müraciət etdi

Jurnalist Anar Niftəliyev 20 sentyabr 2013-cü ildə “Medi Sina klinikası” tibb müəsisəsində həyat yoldaşı, BSU-nun dekanı Elnarə Tofiqqızının əməliyyat zamanı vəfat etməsi ilə bağlı Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət göndərib.

Müraciətdə bildirilir:

“Hörmətli Mehriban xanım!

Məlumat üçün qısaca olaraq Sizə bildirim ki, 2013-cü il sentyabrın 20-də “Medi Sina klinikası” özəl tibb mərkəzində həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı (Niftəliyeva) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişdi. Cərrahiyyə əməliyyatı süd vəzi kanalının papilloması xəstəliyinə görə aparılırdı və xəstəlik ilkin mərhələdə idi, heç bir şiş və fəsad yox idi. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda sentyabrın 25-də cinayət işi qaldırıldı və hazırda da cinayət işinin istintaqı davam edir.

İlkin, yekun və daha sonra 4-cü komisyon ekspertiza rəyində ölümün həkim səhlənkarlığından baş verdiyi təsdiqləndi. Amma bu qətldə həkimlərin məsuliyyət bölgüsü ilə bağlı prokurorluğun sonuncu sorğusuna cavab olaraq, bir neçə gün öncə Milli Anatomiya və Tibbi Ekspertiza Birliyi ölümün yalnız anestezioloqun günahı üzündən baş verdiyini təsdiqləyən, digər həkimlərin məsuliyyətdən azad olunmasına gen-bol şərait yaradan beşinci komisyon rəyi istintaqa təqdim edib və bununla da qatillərin heç bir cəza almadan yaşamasına və işləməsinə şərait yaradıb. Halbuki Milli Anatomiya və Tibbi Ekspertiza Birliyinin rəhbəri Şakir Musayev bizə açıqlamasında həkimlərin hər birinin məsuliyyət daşıdığını hüquqi baxımdan, ekspertizaya aid elmi ədəbiyyatın köməyi ilə izah etmiş və prokurorluqdan təyinatı üzrə sual gələcəyi halda, həkimlərin məsuliyyət dərəcəsini özündə əks etdirən rəy veriləcəyini bildirmişdi.

Digər tərəfdən, süd vəzi kanalının axardaxili papillomasının əməliyyatdan öncə hazırlanan müayinə nəticələrində xəstəliyin yalnız sol döşdə olduğu bildirilmiş və “1 mm-lik səpki” kimi xarakterizə edilmişdi. Ancaq ekspertizanın 5-ci rəyində “hər iki süd vəzinin papilloması” təsdiq edilir və həmçinin bu xəstəliyin hansı mərhələdə olduğu barədə bircə kəlmə də yazılmır. Çünki xəstəliyin ilkin mərhələdə olmasının qeyd edilməsi bir daha cərrahi əməliyyatın və cərrahi əməliyyat üsulunun (anesteziyanın) seçilməsinin yanlış olduğunu təsdiqləməklə, həkimlərin məsuliyyətini artırmış olardı.

Hörmətli Mehriban xanım!

Sizə bir Ana kimi müraciət edirəm: 3 və 8 yaşında iki qız uşağını anasız qoyan, heç bir zəruri ehtiyac olmadan, yalnız tamah məqsədilə əməliyyata qaldırılan və qətlə yetirilən gənc bir xanımın qatillərinin cəzalanmamasına, onların naməlum qüvvə tərəfindən himayə olunmasına imkan verməyin! Bu həkimlər 6 ay müddətində bircə dəfə də olsun mənəvi məsuliyyətlərini etiraf etməyiblər, heç olmasa, vicdani baxımdan narahat olduqlarını açıqlamayıblar – nə ictimaiyyətə, nə də istintaqa. Bu xarakterli insanlar, bir insan ölümündə heç bir mənəvi məsuliyyət hiss etməyən şəxslər hansı keyfiyyətlə həkimlik fəaliyyətlərini davam etdirə bilərlər? Bunlar peşəkar qatil kimi davranırlar və heç bir ehtiyac olmadan əməliyyata qaldırdıqları və tamahlarına görə qətlə yetirdikləri bir gənc anadan sonra soyuqqanlı tərzdə növbəti əməliyyatlara girir, bütün vasitələrə əl ataraq istintaqa saxta sənədlər təqdim edirlər.

Daha bir mənzərəni aydınlaşdırmaq istərdim: əməliyyatda iştirak edən onkoloq Mahir Məmmədov 1 saylı hərbi hospitalın onkologiya şöbəsinin, assistent Fərəcullah İdrisov M.Topçubaşov adına Eksperimental Kliniki Cərrahiyyə İnstitutunun ümumi cərrahiyyə şöbəsinin, anestezioloq Firuz İbrahimov isə 1 saylı şəhər klinik xəstəxanasının həkimidir. 20 sentyabr tarixi iş gününə təsadüf etdiyindən, onlar istintaqa saxta sənədlər təqdim edir, bir gün əvvələ məzuniyyət açdırır və növbəti cinayətlərə gedirlər. Məsələ burasındadır ki, Nəsimi Rayon Prokurorluğu da şəxsi danışıqlarımız zamanı bu faktların saxtakarlıq olduğunu bildiyini etiraf etdiyi halda, “hüquqi sənəd veriblər” arqumenti ilə qatil həkimlərin növbəti saxtakarlığının ört-basdır olunmasına şərait yaradır.

“Medi Sina klinikası” özəl tibb mərkəzinin əməliyyat otağı bu cür əməliyyatlar üçün kafi olmadığı halda həkimlər bu yeri niyə seçiblər? İnandığımız üçün etibar etdiyimiz həkim Fərəcullah İdrisovun o zamana qədər heç vaxt tanımadığımız, əməliyyat otağı bu cür əməliyyatlara cavab verməyən “Medi Sina klinikası”nı seçməkdə məqsədi nə olub və burda onun dələduzluğunun faktları necə təsdiqlənir? Həkimlərin əməlində dələduzluq faktları olduğu halda, niyə istintaq hərəkətləri aparılmır və nəhayət, faktla bağlı cinayət işi açıldığına baxmayaraq, heç bir mənəvi məsuliyyət daşımayan və məsuliyyətə cəlb olunmayacaqları barədə yüksək təminat aldıqlarını gizlətməyən bu həkimlərin həkimlik fəaliyyəti hansı kriteriyalarla məhdudlaşdırılmır? Bu yöndə etdiyim müraciətlər Səhiyyə nazirinə niyə məruzə olunmur?

Hörmətli Mehriban xanım!

Həyat yoldaşımı qətlə yetirən, iki qız övladımı anasız qoyan və 40 yaşında ikən mənəvi baxımdan ömrümə xitam verən bu dələduz, saxtakar həkimlərin heç nə olmamış kimi fəaliyyətlərini davam etdirməsi mənim kimi daha neçə-neçə potensial ailənin bədbəxt olması deməkdir. Bu həkimlərin məsuliyyətdən yaxa qurtarması həkim səhlənkarlığına görə heç bir cinayət məsuliyyətinin olmadığı barədə çox təhlükəli tendensiyasının daha da güclənməsinə şərait yaratmaq, vicdansız həkimlərin xəstələrin qəsdinə durmasına göz yummaq deməkdir.

Bu baxımdan, Sizin ədalətin bərpa olunması yönündə iradənizi göstərməyiniz təkcə bir cinayətə görə, təkcə bir ailəyə görə deyil, ümumi Azərbaycan səhiyyəsinə və ictimaiyyətinə xoşniyyətli bir mesajınız, bundan sonra həmin həkimlərin törədəcəyi fəsadların qarşısını almağınız, neçə-neçə ailəni potensial faciələrdən qurtarmağınız, o cümlədən, səhiyyəmizdə olan bəzi bu cür həkimlərin məsuliyyətini artırmağınız və deməli, həkim terrorunun qarşısının alınmasında ciddi addımınız demək olardı.

Ona görə Sizdən kömək istəyir və bu işi şəxsən nəzarətə götürməyinizi, ekspert rəylərindəki özbaşnalığın aradan qaldırılması, sözügedən həkimlərin qətllərinin dayandırılması və istintaqın hərəkətsizliyinə qəti mövqe göstərməyinizi Sizdən xahiş edirəm”.

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR