Bakı satanistləri və skinhedləri hardan qaynaqlanır?
Bizi izləyin

Qırmızı.az

Bakı satanistləri və skinhedləri hardan qaynaqlanır?

Bakı satanistləri və skinhedləri hardan qaynaqlanır?

on 3-4 ayda Bakıda və Azərbaycanın digər şəhərlərində yeniyetmələrin müxtəlif qeyri-formal cərəyanlara (emolara, panklara, manqolara, satanistlərə, skinhedlərə və s.) qoşulması halları yüksək sürətlə artır. Qeyri-formallar sehrli qüvvə ilə yeniyetmələri öz ağuşlarına dartırlar. Şüarları da sadədir: “Biz heç bir ödəniş tələb etmədən, heç bir təzyiq göstərmədən sizə özünüz kimi olmağa şərait yaradacağıq”. Əvvəllər belə şeylərə sadəcə uşaq həvəsi kimi baxan valideynlər indi şüuraltı bir qüvvə ilə övladlarını qeyri-formalların cəngəsindən xilas etməyə çalışırlar. Yeniyetmələri psixoloqların, parapsixoloqların, sosioloqların, ilahiyyatçıların və s. mütəxəssisləri yanına dartırlar. Bəzi cəhdlər uğurlu olur, əksəriyyəti isə yox.

Problemin həlli isə sadəymiş. ANS PRESS-in əməkdaşı ilə bu barədə söhbət edən psixoloq Vəfa Əkbər məsələni kökündən həll etməyi mümkün sayır. “Son zamanlarda yeniyetmələr idmandan kənarda qalıb və bu da onlarda alternativ məşğuliyyət növləri axtarmağa məcbur edir. Yeniyetmələr nəinki məktəbdənkənar, heç məktəb daxilində belə düz-əməlli idmanla məşğul olmurlar. Bir çox məktəblərdə idman dərslərini ilk saatlara salırlar ki, valideynlər uşaqlarını bilərəkdən məktəbə qoymur. Bunun iki səbəbi var. Birinci halda uşaq idman dərsində bütün enerjisini sərf edir və bu, onun sonrakı dərsləri qavramasına imkan vermir. Buna görə özü dərsə girmir. İkinci halda isə valideyn uşağı idman dərsinə buraxmır. “İdman sənin nəyinə lazımdır, rahat yat, ikinci dərsə gedərsən” deyir. Mən özüm dörd şəhər məktəbində monitorinq aparmışam. İkisində idman dərsi yerli-dibli keçilmirdi. İkisində isə müəyyən sayda uşaqlar dərsə gəlmişdi”,- deyə psixoloq xanım vurğulayır.



Psixoloqun fikrincə, uşağın inkişafında idman lap kiçik yaşlarından böyük önəm kəsb edir. “Əgər uşaq özünə qapalıdırsa, onda biz onu hərəkətli məşğuliyyətə yönəldirik. Bu, onun həmyaşıdları ilə aktiv ünsiyyətinə imkan yaradır. Həm də aktiv idman zamanı bədən danışır və bədəndə gərginlik keçir. Uşaq üçün idmanın növünün də önəmi var. Məsələn, hiperaktiv uşaqları biz adətən üzgüçülüklə məşğul olmağa yönəldirik, bədəndə olan artıq enerji su ilə çıxır. Bundan sonra dərs oxumaq rahat olur”,- deyə Vəfa Əkbər bədən tərbiyəsi dərslərinin şagirdlərin fiziki və zehni inkişafı üçün həddindən yararlı olduğunu vurğulayır. Psixoloqun fikrincə, ümumiyyətlə bədən tərbiyəsi və idman məşğələləri yeniyetmələrin çox həvəslə getdiyi, gündəlik can atdığı vərdişlərə çevrilməlidir. Təbii ki, bu, həm məktəb daxilində, həm də uşaq idman məktəblərinin dəstəyi ilə mümkündür.

Amma Azərbaycanın indiki imkanları ilə bu, heç cür təmin edilə bilmir. ANS PRESS-in araşdırmasına görə, kənd məktəblərində şagirdlər demək olar ki, idman dərslərinə girmirlər, çünki mütəxəssis yoxdur. Oğlan uşaqları idman dərslərində ən yaxşı halda futbol oynayırlar. Ölkədə olan uşaq idman məktəblərində də uşaqların geniş kütləsinin məşğul olması üçün şərait yoxdur. Təhsil Nazirliyindən verilən məlumatlara görə, Azərbaycanda uşaq idman məktəblərinin sayı 200-dən bir az çoxdur. Amma bu məktəblər yalnız iri şəhərlərdə və bir sıra rayon mərkəzlərində fəaliyyət göstərir, qalan məntəqələrdəki məktəblərin isə ağzı bağlıdır. Məhz bu səbəbdəndir ki, Dövlət Statistika Komitəsinin məlumatında ölkədə 94 uşaq idman məktəbinin fəaliyyət göstərdiyi vurğulanır.

Rayonlarda və Bakıda tikilmiş 34 olimpiya idman kompleksi də duyulan ehtiyacı ödəyə bilmir, çünki həmin komplekslər təsərrüfat hesablıdır, bəzi idman növləri üzrə aylıq abunə haqları 30-40 manata çatır. Əhalinin çox hissəsinin, təbii ki, bu pulu verməyə imkanı yoxdur və uşaqlarını idmana qoymurlar. Olimpiya idman komplekslərində bu səbəbdəndir ki, təlimatçılar 140 manat maaş alırlar. Bir çox dərnəklərin təlimatçıları isə ümumiyyətlə maaş almırlar, yalnız faizlə dolanırlar. Təbii ki, belə olan durumda idman məktəblərinə normal təlimatçılar cəlb etmək olmur. Məşğələlərə gələnlərin sayının az olması idman obyektlərinə lazımi qulluq göstərməyə imkan vermir və nəticədə binalar baxımsız vəziyyətə düşür. Bunun nəticəsidir ki, son 10 ildə tikilmiş 2 olimpiya idman kompleksinin - Maştağa və Lənkəran olimpiya komplekslərin sökülərək yenidən tikilməsinə ehtiyac yaranıb.

Yaranmış durumu idman məşqçiliyinin çox hörmətli bir iş olduğu sovet dövrü ilə, təbii ki, müqayisə etmək olmaz. Həmin illərdə məşqçilər mühəndislərdən və digər ali təhsilli mütəxəssislərdən 2-3 dəfə çox maaş alırdılar. Azərbaycanda məşqçilərin ilkin maaşı postsovet məkanının başqa ölkələri ilə də xeyli aşağıdır. Minimal maaşın təxminən 40 dollar olan Özbəkistanda idman məşqçiləri ayda 300 dollardan çox pul qazanırlar, yəni bu, həmin ölkənin bazarı üçün həddindən əlverişli qazancdır. Əhalisinin sayı Azərbaycanınkından cəmi 3 dəfə çox olan Özbəkistanda son 10 ildə 1200 ədəd yeni uşaq idman məktəbi tikilib ki, bu məktəblərdə 1,8 milyon uşaq məşğul olur. Yəni bu rəqəmi Azərbaycanda fəaliyyət göstərən 100-dən də az uşaq idman məktəbi ilə müqayisə eləməyə dəyməz. Özü də Özbəkistandakı uşaq idman məktəblərinin 84 faizi kənd yerlərində fəaliyyət göstərir. Həm də uşaq idman məktəblərinin məşğuliyyət səviyyəsi sutkanın 9,5 saatına bərabərdir.

Bu yaxınlarda Daşkənddə hökumət iclasında çıxış edən İslam Kərimov uşaq idmanına bu qədər vəsait yatırılmasının səbəblərini də açıqlayıb: “Bizim uşaqlar şəhərlərdə və kəndlərdə tikilmiş müasir idman komplekslərində mütəmadi məşğul olurlar, öz sağlamlıqlarını möhkəmləndirirlər. İdman bizim uşaqların xarakterini möhkəmləndirir. Onlar sağlam, güclü və iradəli insanlar kimi böyüyürlər. İdman bizim uşaqların xarakterini möhkəmləndirir, onların həyat tərzini və dünya görüşünü dəyişir”,- deyə Özbəkistan prezidenti vurğulayıb.

Yəni idmanda yetişmiş yeniyetmənin emolar və panklar kimi saçlarını əcaib formaya salması, manqolar kimi hər şeyə laqeyd yanaşması, yaxud satanistlər və skinhedlər kimi aqressiv cərəyanlara qoşulması mümkün deyil. Psixoloq Vəfa Əkbərin fikrincə, Azərbaycan yeniyetmələrini də qeyri-formal qruplaşmalardan məhz idmanın yardımı ilə qorumaq mümkündür. “Bunun üçün idman dərslərinin proqramı elə tutulmalıdır ki, yeniyüetmələr dərsə çox böyük həvəslə getsinlər. İdman dərsləri uşaqlar üçün məcburi gedilən biyara çevrilməsin. Təbii ki, məktəblərdə güclü baza yaradılmalıdır ki, hər bir yeniyetmə özünə daha xoş olan idman növü ilə məşğul ola bilsin”,- deyə psixoloq ANS PRESS-ə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm