• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Heydər zirvəsi"nə yürüş etmək istəyənlərin qeydiyyatına start verilib

"Heydər zirvəsi"nə yürüş etmək istəyənlərin qeydiyyatına start verilib

Hər il ümummilli lider Heydər Əliyevin ad günü həm də "Heydər zirvəsi"nə kütləvi yürüşlərin təşkili ilə yadda qalır. Artıq belə kütləvi yürüşlər xoş bir ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.

Bu ənənənin tarixi 1998-ci ildən başlayıb. Saridan Mursaqulovun başçılıq etdiyi bir qrup Azərbaycan alpinisti "Qızıl Qaya" massivinin 3751 metr hündürlüyə malik zirvəsinə yürüş etmiş və məhz o zirvəyə ümummilli liderin şərəfinə Heydər Əliyevin adı verilmişdir. Həmin ekspedisiya zamanı zirvəyə heykəltaraş Münəvvər Rzayeva tərəfindən hazırlanmış üzərində Heydər Əliyevin barelyefi olan bürünc lövhə yerləşdirilmişdir. Həmin ildən başlayaraq hər il ulu öndərin doğum günü ərəfəsində "Heydər zirvəsi"nə yürüş ənənəvi xarakter daşımışdır.

Son illərdə yeni idman federasiyalarının, o cümlədən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) yaranmasından sonra isə bu aksiyaya qoşulanların sayı ilbəil artıb, bu yürüşün kütləviləşməsi və populyarlaşması prosesi baş verib.

Zirvəni ziyarət etmək istəyən sadə vətəndaşların da arzularının rahat şəkildə gerçəkləşdirməsinə şərait yaradılıb. Lakin "Heydər zirvəsi"nə yürüşlərin daha da kütləviləşməsi, ən müxtəlif qurumlardan yürüşə qatılmaq barədə müraciətlərin daxil olması, yürüş etmək istəyənlərin sayının ötən illərlə müqayisədə daha da çoxluğu nəzərə alınaraq, bu aksiyanın ayrı-ayrı ictimai-idman təşkilatları tərəfindən deyil, dövlət qurumu olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunması məqsədəmüvafiq sayılıb.

Buna uyğun olaraq Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə 03-11 may 2014-cü il tarixlərində kütləvi yürüşlə bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək, düşərgə salmaq, yürüş marşrutunu müəyyənləşdirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchizatlandırmaq, ən əsası isə çətin relyef və iqlim şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, o cümlədən yürüşlərin mütəşəkkilliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Əmri ilə Təşkilat Komitəsi yaradılıb. Komitə üzvlərinin fəaliyyət istiqamətləri üzrə konkret vəzifələr müəyyənləşdirilib və bu istiqamətdə tədbirlərin görülməsinə start verilib. Komitənin aktiv fəaliyyətinin təmin olunması üçün Xüsusi Qərərgahın formalaşdırılması qərara alınıb, Qərərgaha rəhbərlik Şahdağ Milli Parkının direktoruna həvalə olunub və Qərərgahın üzərinə öhdəliklər qoyulub. Öhdəliklərə görə Qərərgah müraciətlərlə bağlı icazə prosedurunu ən qısa müddət ərzində tamamlamalı, marşrutları müəyyən etməli, yürüş iştirakçılarının Milli Parkda yüksək səviyyədə qəbulunu, yerləşdirilməsini və qrafik üzrə zirvəyə qalxaraq memorialı ziyarətini tənzimləməlidir.

Bildiririk ki, düşərgənin qurulmasında, idman avadanlıqlarının təchizində isə ayrı-ayrı təşkilatlar və FAİREX Qərərgaha dəstək verir.

Qeyd edək ki, ETSN-in müvafiq əmri ilə 03-11 may 2014-cü il tarixlərində Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə gedən müvafiq marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad edilib.

Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi şəxslər 01 may 2014-cü il tarixədək Qərərgaha müraciət etməlidirlər. Sənədlər yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün əvvəl təqdim olunmalıdır. Yürüşlə bağlı bütün məlumatları isə onlayn və ya alternativ vasitələrin köməyi ilə Qərərgahın Məlumat Xidmətindən almaq mümkündür (Qərərgahın ünvanı: Şabran rayonu Şahdağ Milli Parkının Baş Ofisi, tel: (+994) 23-353-66-63, (+994) 55-243-60-30, fax: (+994) 23-353-66-63, e-mail: heyderzirvesi2014@gmail.com, Skype: heyderzirvesi2014, Facebook: heyderzirvesi və ya https://www.facebook.com/shahdaq.millipark).

Məlumat üçün bildiririk ki, qanunvericiliklə nəzərdə tutulan sənədləri vaxtında təqdim etməyən şəxslərə Milli Park ərazisinə giriş üçün icazə verilməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR