Məşhur şirkətin “işədüzəltmə” fırıldağı: Aldadılan insanlar, mənimsənilən minlərlə manat
Bizi izləyin

Qırmızı.az

Məşhur şirkətin “işədüzəltmə” fırıldağı: Aldadılan insanlar, mənimsənilən minlərlə manat

Paytaxtın Nəsimi rayon Kərpic küçəsi 16 ünvanında yaşayan Xoşqədəm Abdullayeva fırıldaqçılıqla üzləşib. O, bununla bağlı saytımızın "Poçt qutusuna" yazıb.

Publika.az xəbər verir ki, hər şey onun bir müddət əvvəl "28 May" metrostansiyasının yaxınlığında paylanılan işçi axtarışı ilə bağlı elanı aldıqdan sonra başlayıb: "İşsiz olduğuma görə, əlaqə telefonuna zəng edərək işlə maraqlandım. Məni hazırda Zivər bəy Əhmədbəyov 29 ünvanında yerləşən "Tienis" şirkətinə dəvət etdilər. Şirkətdə məni Fəridə adlı bir xanım qarşıladı və işə düzəlməklə bağlı məsləhətlər verdi. Bildirdi ki, işə girmək üçün ilkin olaraq 10 manat pul ödəməliyəm. Bundan sonra bitki mənşəli dərmanların satışı ilə məşğul olacağımı bildirdi. Ona 10 manat pul ödədim. Elə həmin gün mənə müqavilə imzalatdırdılar. Lakin mənə verilməli olan sosial kartı vermədilər.

Fəridə xanım bildirdi ki, əmək haqqı almaq üçün 300 manat ödəməliyəm. Mən də Fəridə xanıma 300 manat ödədim. Əvəzində üzərində VÖEN olmayan qaimələrlə "Tienis" şirkətinə aid olan mallar verdi".

Xoşqədəm Abdullayevanın sözlərinə görə, o həmin malları aldıqdan sonra Fəridə xanım özünə köməkçilər hazırlamaq üçün şirkətə əlavə işçilər gətirməyi tövsiyə edib: "Mən də əmək haqqı alacağımı düşünərək yaxın qohumlarımı – oğlumu, qızımı, 4 nəfərin adına yazılan 1200 manat pulu Fəridə xanıma ödədim. Buna görə mənə yenə qəbz vermədi. "Tienis" şirkətinə aid mallardan götürdüm, lakin həmin malları indiyəcən də sata bilmirəm.

Mən 1500 manat ödədikdən sonra Fəridə xanım yenidən 1000 manat ödəməli olduğumu bildirdi. Bunun müqabilində 300 manat hədiyyə və davamlı olaraq hər ay 200 manat əmək haqqı alacağımı söylədi. Ona inanaraq 1000 manat pulu Fəridə xanıma verdim. Əvəzində isə mənə 300 manat dəyərində aparat və dərman verdi".

Xoşqədəm Abdullayeva iddia edir ki, 2500 manat müqabilində ona cəmi 3 dəfə, özü də 150 manat "əmək" haqqı verilib: "Bu müddət ərzində dəfələrlə firmaya müraciət edərək Fəridə xanımdan ödədiyim pulları geri istəmişəm. O da pulun müqabilində dərman götürməyi tövsiyə edib".

Xoşqədəm Abdullayeva söylədi ki, aldanan təkcə o deyil: "Hər gün "Tienis" şirkətinə xeyli adam gəlir. Fəridə xanım və onun iş yoldaşları mənşəyi bilinməyən malları həmin adamlara sırıyaraq onlardan pul alırlar. Mən dəfələrlə Fəridə xanıma burada çalışa bilməyəcəyimi bildirmişəm və pulumun geri qaytarılmasını istəmişəm. Sonuncu dəfə mart ayında şikayət edəcəyimi dedim. O, isə bildirdi ki, bizə heç kim heç nə edə bilməz".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, o, Xoşqədəm Abdullayevanın üzləşdiyi xoşagəlməz halla bağlı ayrı-ayrı qurumlara müraciət edib: "Xoşqədəm Abdullayevanın şikayəti ilə əlaqədar Vergilər Nazirliyinə, Respublika Baş Prokurorluğuna, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə 4 məktub yazaraq müraciət etmişəm. Xahiş etmişəm ki, bu məsələ araşdırılsın.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Fuad Budaqov Azad İstehlakçılar Birliyinə göndərdiyi məktubda bildirib ki, Abdullayeva Xoşqədəm Oruc qızının "Tienis" şirkətinin qanunsuz hərəkətləri barədə cavabdehə ödədiyi pulun geri qaytarılması tələbinə dair 31.03.2016-cı il tarixli müraciətinə baxılması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş 06.04.2016-cı il tarixli XM/73 nömrəli məktuba baxılıb. Məktubda yazılıb - bununla əlaqədar bildiririk ki, müraciətdə qaldırılan məsələlərə baxılması Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığından vətəndaş Xoşqədəm Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər".

AİB sədri qeyd etdi ki, son 4 ayda İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bir neçə şikayətlə bağlı müraciət edib: "Neçə məktub yazmışamsa, hamısına cavab gəlib ki, gedin məhkəmələrə müraciət edin. Belədirsə, dövlət xidməti nə üçündür? Təəssüf ki, bu dövlət xidməti problemlı üzləşmiş istehlakçıları məhkəməyə göndərməklə məşğul olur".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm