Bakıda axşam saatlarında avtobuslar qeybə çəkilir - SƏBƏB
Bizi izləyin

Qırmızı.az

Bakıda axşam saatlarında avtobuslar qeybə çəkilir - SƏBƏB

Bazar günü “Koroğlu” metrostansiyasından Ramanaya getmək üçün yarım saat 166 saylı avtobusu gözlədim. Hələ məndən əvvəl də gözləyənlər var idi. Məcbur qalıb yolun yarısını bir avtobusla getdik, sonra da yolumuza piyada davam etdik.

Kifayət xanım avtobusların şənbə, bazar günlərində interval qaydalarının “qurban”larından biridir. Hər həftə sonu, xüsusən paytaxt kəndlərinə gedənlər onun kimi saatlarla avtobus gözləyir, ümidi kəsilənlər taksilə, ya da bir neçə avtobus dəyişməklə mənzil başına çatırlar. Nəticədə, 20 qəpiklik yolu ən yaxşı halda 40 qəpiyə getməli olurlar. Bu zaman sərnişinlərin vaxt itkisini, pozulan əsəblərini heç demirik. İllərdir mövcud olan bu problemin həlli isə heç kimi maraqlandırmır.

Avtobus qıtlığı ilə təkcə həftə sonları deyil, hər gün axşam saat 22:00-dan sonra paytaxt sakinlərinin əsas problemlərindən birinə çevrilib. İşdən, istirahətdən, gəzintidən qayıdanlar dayanacaqlarda saatlarla avtobus gözləyirlər. Nəticədə isə evə taksi ilə qayıtmaq məcburiyyətində qalırlar.

Bəs avtobuslara sürücülərin və sahibkarların istəyinə uyğun qrafik müəyyən edilməsinin səbəbi nədir?

Sürücülərin bununla bağlı öz əsaslandırması var. Onlar bunu gecə saatlarında sərnişinlərin az olması ilə əlaqələndirir. Plan verən sürücü üçün xəttə 5-6 sərnişinlə çıxmaq heç sərfəli deyil.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov Publika.az-a bildirib ki, qurumun “141” qaynar xəttinə olan müraciətlərin böyük əksəriyyəti avtobuslarla bağlıdır.

“Avtobusların gecikməsi, dayanacaqda saxlamaması, sürücülərin kobud rəftarları ilə bağlı şikayətlər üstünlük təşkil edir. Ən çox interval pozuntusu paytaxtın kənd və qəsəbələrinə hərəkət edən marşrut xətləri ilə bağlıdır. Gecikmə yoldakı sıxlıq, təmir işləri və ya hər hansı tədbirlə əlaqədar yolların bağlanması ilə əlaqələndirilə bilər. Lakin avtobusların bilərəkdən intervalı uzatmasını doğru hesab etmirəm. Bir dəfə bizə konkret bir marşrut xətti ilə bağlı belə bir müraciət olmuşdu. Biz daşıyıcı şirkətlə danışmışdıq, onlar da bilərəkdən intervalın uzadılmasını qəbul etməmişdilər. Çünki bu halda şirkət sahibi gəlirdən məhrum olur. Həftəsonu və axşam saatlarında intervalın çox olmasını isə normal hesab edirik. Bütün dünyada belə yanaşma var. Çünki həmin saatlarda sərnişin az olur”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bu problemlərin yaranmasının səbəbi bu sahəyə nəzarətin kifayət qədər olmamasıdır.

“Çünki hər bir daşıyıcı şirkətə marşrut verilərkən müqavilə bağlanır. Müqavilə şərtlərindən biri də marşrutun hərəkət şərtləri və qrafikinə əməl olunmasıdır. Bu işə də nəzarət olunmalıdır. Bu vaxta qədər nəzarətin hansı səviyyədə olması hər kəsə bəllidir. Ötən həftə Nazirlər Kabinetinin qərarı ilə bu məsələlərə nəzarət Bakı Nəqliyyat Agentliyinə verilib. Ümid edirik ki, bu qurum həmin problemləri həll edəcək, bu işləri yenidən təşkil edəcək”.

Ekspert onu da əlavə etdi ki, qanunvericiliyin tələblərinə görə müqavilə şərtlərini pozan şirkət sahibləri ilə əməkdaşlığa xitam verilməlidir.

“Daşıma şərtlərini pozmaq, vaxtında xətdə çıxmamaq, müəyyən olunmuş qrafikdən kənara çıxmaqla müqavilə şərtləri pozulmuş hesab edilir. Bu pozuntu olanda müqaviləyə xitam verilməli və həmin marşrut xətti başqa bir daşıyıcı şirkətə həvalə edilməlidir. Nəzərə alsaq ki, bu hallar tez-tez təkrarlanır, sərnişinlər küçədə qalırlar, o zaman qanunvericiliyin tələbinə əməl olunması mütləqdir. Yəqin ki, gələcəkdə bu məsələlər həllini tapacaq”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Publika.az-a bu problemdən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, buna səbəb sərnişin sıxlığının az olmasıdır

“Axşam saatlarında sərnişin sıxlığı azalır, avtobuslar boş gedib-gəlməsin deyə daşıyıcı şirkətlər intervalı uzadır. Çünki daşıyıcı şirkət daha çox gəlir əldə etmək istəyir, sıxlıq az olanda bu, sərfəli olmur. Əlbəttə, bu səbəb intervalı uzatmağa əsas vermir. Bakı Nəqliyyat Agentliyi olaraq problemin həllinə çalışırıq. Qanunvericiliyin tələbləri bütün daşıyıcılar üzərində sərt şəkildə tətbiq edilir. Son zamanlar bir sıra marşrutların xətlərinin ləğv edilməsi bu tələblərin bir hissəsidir. Hansı marşrut daşıyıcısı bu tələblərə əməl etməyəcəksə, onlara qarşı da oxşar addım atılacaq. Bütün daşıyıcılara öhdəlikləri bildirilib”.

N.Allahyarova hesab edir ki, marşrut xətlərinin ləğv edilməsi həmin xətlərdə baş vermiş ağır qəzalarla bağlıdır:

“Sürət həddini aşan, insan həyatına təhlükə yaradan qəzalara səbəb olan marşrut xətlərinın ləğv edilməsi qərarı verilir. Bu halda əlavə marşrut xəttləri açılsa da onlar əvvəlki xətləri tam əhatə etmir. Bu, bir neçə günün işi deyil, müəyyən vaxtdan sonra bu problem də həllini tapacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm