Qafqaz Universiteti şəhid polkovnikin övladını “ilin adamı” seçdi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universiteti şəhid polkovnikin övladını “ilin adamı” seçdi – FOTOLAR

Bu gün Qafqaz Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi “VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Pakistan, Tacikistan, İran, Koreya, Rusiya, Özbəkistan, Türkmənistan, Amerika Birləşmiş Ştatları (ABŞ), Polşa, Meksika, Kolumbiya, Argentina, Hindistan, Banqladeş, Malayziyanın Azərbaycandakı Səfirliklərinin diplomatları, bir çox dövlət və elm xadimləri iştirak ediblər.

“VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı” Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qonaqları salamlayaraq bildirib ki, universitetin tələbə dərnəkləri tərəfindən hazırlanmış “Gənclik və multikulturalizm festivalı” ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr edilib.

Ulu Öndərin “Gənclik bir millətin gələcəyidir” sözlərini sitat gətirən Əhməd Saniç qeyd edib ki, millətin ən önəmli sərvəti onun vətənini sevən, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişən gəncləridir: “Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət xalqımızın rifahının yüksəldilməsinə xidmət edir”.

Əhməd Saniç şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlığının hər bir gəncə örnək olduğunu bildirib.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov festival münasibətilə hər bir iştirakçını təbrik edib. O bildirib ki, Azərbaycanda multikultural ənənələr dərin köklərə malik olsa da, bu ənənələr yalnız ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin bir hissəsinə çevrilib və bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilir: “Ölkəmizdə multikulturalizmlə bağlı keçirilən bütün tədbirlərin başlıca məqsədi müxtəlif mədəniyyətlərin inkişafı və sülhün təmin edilməsinə xidmət edir. Bu baxımdan da Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli Qafqaz Universiteti tərəfindən ulu öndərin xatirəsinə həsr edilmiş bu festivalın hər il böyük ehtiramla qeyd edilməsini yüksək qiymətləndirib: “Multukulturalizm dövlət siyasətinin vacib elementi kimi ölkəmizdə nəin ki təbliğ, həm də tədris olunur”.

ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen tədbirin əhəmiyyətini vurğulayıb.

Amerikalı diplomat qeyd edib ki, Azərbaycan da ABŞ kimi multikultural ölkədir: “Mən Qafqaz Universitetinin fəaliyyətinin yüksək qiymətləndirirəm və bu gün təşkil olunan tədbir xatirəmdə xoş təəssüratla qalacaq”.

Tədbirdə qeyd olunub ki, ulu öndərin başlıca tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşması, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, artıq 8 ildir böyük təntənə ilə qeyd edilən bu festival Qafqaz Universitetinin çöxmillətli tələbə heyətinin sülh və dostluq bayramına çevrilib.

Daha sonra festivalda universitetin özfəaliyyət dərnəkləri bir-birindən maraqlı çıxışlar nümayiş olunub.

Azərbaycanda təhsil alan xarici tələbələr də öz ölkələrinin stendlərini quraraq milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdiriblər.

Qeyd edək ki, festivalın ənənəvi olaraq seçdiyi “ilin adamı” nominasiyasının builki qalibi simvolik olaraq “Azərbaycan əsgəri” seçilib. Bu nominasiyada mükafat bu ilin aprel ayında cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun polkovniki Vüqar Yusifovun azyaşlı övladı Aytən Yusifovaya təqdim edilib.

Vasif Həsənli,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm