• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ARDNŞ-də olimpiada iştirakçıları ilə görüş keçirilib

ARDNŞ-də olimpiada iştirakçıları ilə görüş keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasının xarici ölkələrdən gəlmiş iştirakçıları ilə görüş olub.

Publika.Az-ın məlumatına görə, iştirakçıları ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin adından səmimi salamlayan ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə artıq ənənəvi olaraq keçirilən Beynəlxalq Bakı olimpiadasının iştirakçı sıralarının ilbəil artdığını qeyd edib.

Son illər prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş vüsət almış ekoloji hərakatın uğurlarından söz açan R. Hüseynzadə ARDNŞ-nin bu sahədə həyata keçirdiyi genişmiqyaslı tədbirləri haqda məlumat verib. O, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldıldığını xüsusi vurğulayıb, Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində intensiv rekultivasiya və yaşıllaşdırma işlərinin həyata keçirildiyini qeyd edib. R. Hüseynzadə tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə qeyd olunub ki, "İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasına 50 xarici ölkənin məktəbli komandası tərəfindən təqdim olunmuş 425 layihədən 58-i, Azərbaycanın 180 orta məktəbindən təqdim olunmuş 214 layihədən 62-si sonuncu tura qəbul edilib. Bu il xarici məktəblilərin daha 62 tanıtım layihəsi müsabiqədənkənar təqdim ediləcək. Daha sonra tədbir iştirakçılarını bir-birindən maraqlı ziyarətlər gözlədiyini vurğulayan Rəfiqə xanım bildirib: "Siz Heydər Əliyev Mərkəzini, Heydər Əliyev Fondunu, Bayraq Meydanını, eləcə də paytaxtımızın digər tarixi məkanlarında olacaqsınız. Baş çəkəcəyiniz hər bir məkan sizə xoş anlar yaşadacaq. Bakının Qala kəndində yerləşən Ekoparkda ağac əkəcəksiniz. Onların üzərinə adlarınız yazılacaq lövhələr asacaqsınız. Bir zaman yolunuz bu məmləkətə düşəndə onlara baş çəkə biləcəksiniz".

Görüşdə xarici ölkələrdən gəlmiş məktəblilər səmimi görüş üçün minnətdarlıqlarını bildirməklə yanaşı, Azərbaycanla ilk tanışlıqdan aldıqları xoş təəssüratlardan danışıblar. Onlar R. Hüseynzadəyə simvolik hədiyyələr təqdim ediblər, xatirə şəkilləri çəkdiriblər. Sonda Olimpiada iştirakçılarına ARDNŞ-nin xatirə hədiyyələri də təqdim olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR