Məşhur marketlərin PUL TƏLƏSİ: Müştərilərə fərqli qiymətə sırınan eyni məhsullar
Bizi izləyin

Qırmızı.az

Məşhur marketlərin PUL TƏLƏSİ: Müştərilərə fərqli qiymətə sırınan eyni məhsullar

Son günlər ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də iri ticarət şəbəkələrinin (supermarket) sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürməsidir.

Vergilər naziri Fazil Məmmədovun hansısa güzəştin gündəmdə olmamasını bildirməsinə baxmayaraq, Vergilər Nazirliyinin və digər qurumların məslə ilə bağlı konkret münasibət bildirməmələri supermarketlərin xoş xəbərə ümidini hələ ki, öldürməyib. Sadəcə maraq doğuran bir məsələ var: O da Supermarketlərin özünün sosial əhəmiyyətli ilkin tələbat məhsulları dedikləri ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidalarının hər birinə fərqli qiymət biçmələri.

Publika.az zəruri qida hesab edilən yağın qiyməti ilə bağlı iri marketlərdə sorğu aparıb və ortaya gözlənilməz fərqli mənzərə çıxıb. Məsələn, 200 qr “Doyaruşka” kərə yağı “Araz” market şəbəkələrində 2,79, “Rahat”da 3, “Bizim Market”də 3,05, “Bazarstore”də 3 manat təşkil edir. Eləcə də “Ankara” əmtəə nişanlı makaronları qiyməti adı çəkilən bu marketlərdə 1,10 manatla 1,20 manat arasında dəyişir. Uşaq üçün “Molfiks” bezləri “Life” marketdə 17.45 manat, “Araz”da 16.45 manat, “Qrand” marketdə 16.50 manat təşkil edir.

Müşahidələrimiz göstərdi ki, istər “Araz”, istər “Rahat”, istərsə də “Bizim Market” və “Bazarstore”də qiymət rəqabətindən söhbət belə getmir. Əgər yağın qiyməti qonşu supermarketlə müqayisədə ucuzdursa, sahibkar bu “endirimi” başqa məhsulun dəyərində “kompensasiya” edir. Xüsusilə də belə manevrlərə Türkiyədən idxal edilən şirniyyatların qiymətlərində rast gəlmək olur. Sonda ucuz adı ilə “Rahat”a deyil, “Bizim Market”ə gedən şəxs nəticə etibari ilə eyni məbləği xərcləyir. Yenə də supermarket sahibi qabağa düşür. Acınacaqlı da olsa qeyd etmək lazımdır ki, bu kampaniyalarda da belədir. Marketlərin real kampaniyaları yoxdur.

Müqayisə üçün bildirək ki, qonşu Türkiyədə supermarketlərin 4 qızıl qaydası var: qiymət, keyfiyyət, xidmət və çeşid. Supermarketlərdə toplu alış-veriş zamanı müştəriyə 2 qiymət təklif olunur: 1-ci pərakəndə qiymət, 2-ci topdan satış qiyməti. Topdan satış zamanı aldığınız məhsulu qutu ilə, pərakəndə aldıqda isə tək şəkildə alırsınız. Əlbəttə ki, qutu ilə aldıqda daha ucuz başa gəlir və nəticə etibarı ilə aylıq alış-veriş zamanı pulunuza da qənaət etmiş olursunuz.

Supermarketlərdə ucuzluğun səbəbləri satış dövriyyəsi, dilleri olduğu məhsullar, istehsal etdiyi məhsullar və rəqibləri ilə eyni ərazidə yerləşməsidir.

Bizdə isə nə qədər acınacaqlı olsa da eyni ərazidə yerləşən marketlər hələlik turpun qiyməti ilə bağlı rəqabət aparırlar. Məsələn, “Bravo”dakı məşhur turp olayından sonra qonşuluqda yerləşən “Bazarstore” bu marketi “öz silahı ilə vurdu”. Belə ki, “digər marketlərdə turp 1 kq 41,49 manat, “Bazarstore”də 0,75 manat” deyə reklam kampaniyasına başladı. Düzdür, dünyada brendlər arasında bu cür “deyişmələr”, “atışmalar” adi haldır. Bir çox hallarda bir brendin digərinə verdiyi cavab yayımlanmır, amma internet üzərindən milyonlarla insana qısa zamanda çatdırılır. Lakin bizdə problem təkcə turpda deyil.

Mövzu ətrafında söhbət etdiyimiz marketoloqlar bildirir ki, bu biznesin özünün sualtı daşları var. Məsələn, Azərbaycanda supermarketlərdə çeşid sayı 35-40 minə çatır və alıcılarda süni ehtiyaclar yaradılır: “Bu da istehlakçıda çaşqınlığa səbəb olur. Pulunu nəyə xərcləyəcəyini bilmir nəticədə isə xərclədiyi pula qarşılıq keyfiyyəti tapmır. Baxmayaraq, Türkiyədə supermarketlər daha böyükdür, çeşid sayı 15-20 minə çatır, buradasa alıcı nə alacağını evdə planlaşdırır və rəfdə məhz ona lazım olanı görüb alır. Türkiyədə yerləşən Supermarketlərdə insanın ağlını qarışdıracaq 30-35.000 çeşid yoxdur. İnsanın qida ehtiyacını ödəyəcək ən keyfiyyətli və qiymət baxımından ən münasib olanını müştərilərinə təqdim edirlər. Rəflərdə olan məhsulları çoxluq etibarı ilə yerli mallar və markalar təşkil edir. Bundan əlavə olaraq hər supermarketin özünə məxsus bağlamalarda daha sərfəli qiymətə olan məhsulları mövcuddur. Keyfiyyətə isə söz ola bilməz.

Nəhayət, sonda bildirək ki, supermarketlərdə və alış-veriş mərkəzlərində olan kompaniyalar, verilən hədiyyələr, o cümlədən endirim və bonus kartları tamamən müştərilərə qurulmuş bir tələdir. Dünyanın hər yerində isə bu müştəriləri nəzərə alaraq onlara qazandırmaq və xidmətin yüksək səviyyədə qurulmasına bir işarədir”.

İqtisadçı-ekspert Fikrət Yusifov hesab edir ki, marketlərdə satılan məhsulların qiymətləri əslində tələb və təklif əsasında formalaşmalıdır: “Burada söhbət, ilk növbədə xaricdən gətirilən məhsulların qiymətlərinin qalxmasından gedə bilər. Bu məhsulların bir çoxunun yaxın bir-iki il ərzində ölkədə daxili istehsal hesabına əvəzlənməsinin baş verəcəyi gözləniləndir. Bu gün bəzi marketlər yaranmış vəziyyətdən daha çox qazanc götürmək məqsədilə istifadə etsələr də, bu, uzun sürən bir proses ola bilməz. Çünki artıq ölkəyə mal və məhsulların idxalı ilə bağlı bütün maneələr aradan qaldırılır və inhisarçılıq meylləri heçə endirilir. Bu isə o deməkdir ki, indi həmin mal və məhsulları bir neçə idxalatçı deyil, istənilən müəssisə gətirə biləcək. Belə olan halda isə heç bir market qiymətlərlə "öz oyununu" oynaya bilməyəcək və deməli, qiymətləri də market deyil, real olaraq bazar özü müəyyənləşdirəcək. Sadəcə bütün bu dediklərimizin çox da uzun çəkməyəcək zamana ehtiyacı var. Beş il bundan öncə ilə müqayisədə biz artıq daxili bazarın müəyyən məhsullara olan tələbatının ödənilməsi sahəsində çox ciddi nəticələr əldə edə bilmişik. Hökumətin bu sahədə apardığı işlər yüksək qiymətə layiqdir. İnvestisiyaların təşviqi, real sektorun inkişafı istiqamətində atılan bütün addımlar daxili bazarın tələbatının yerli - ucuz və keyfiyyətli mallarla ödənilməsinə geniş meydan açır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm