• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mətbuat Şurası 3 sayta xəbərdarlıq etdi

Mətbuat Şurası 3 sayta xəbərdarlıq etdi

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Şuradan Publika.Az-a verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 məsələnin müzakirəsini aparıb.

İclasda iki sayta Azərbaycan Mətbuat Şurasının ciddi, birinə isə xəbərdarlığının olunması barədə rəylər çıxarılıb.

Öncə Masallı rayonundan bir qrup ziyalının Jurnalist Araşdırmaları Mərkəzinin (jam.az) bu bölgə barədə təqdim etdiyi materiallarla əlaqədar müraciəti araşdrılıb. Komissiya üzvlərinin çıxışlarında saytda il ərzində, xüsusilə son aylarda yoxlanılmayan, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyən informasiyaların verilməsi JAM-ın direktoru Fikrət Fərəməzoğluna irad tutulub. "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın tələblərinə sayğısızlıq hallarına görə "jam.az" saytına MŞ-nin xəbərdarlığının olunması rəyinə gəlinib.

"Poliqon" İnformasiya Agentliyinin (pia.az) 27 mart 2014-cü ildə yayımladığı "AMİ-nin Salyan filialında nələr baş verir?" sərlövhəli yazı ilə əlaqədar Azərbaycan Müəllim İnstitutunun adıçəkilən filialının şikayətinin müzakirəsi cavabdeh tərəfə Mətbuat Şurasının ciddi xəbərdarlığının olunması ilə nəticələnib. Saytın rəhbəri Azər Qaramanlıya informasiya agentliyinin fəaliyyətində dönüş yaradılması tövsiyə olunub.

Komissiya "demokratiya.info" saytına (direktoru Xəyyam Salmanzadə) da Mətbuat Şurasının ciddi xəbərdarlığının elan edilməsini məntiqi sayıb. Araşdırma zamanı belə qənaətə gəlinib ki, saytda Salyan Rayon İcra Hakimiyyəti ilə yanaşı, digər idarə, müəssisə və təşkilatlar barədə gedən yazılarda birtərəfli fikirlər yer alır, şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuzun ləkələnməsi hallarına yol verilir.

"Yeni Müsavat" qəzetinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin MŞ-yə məktubunda irəli sürülən qurumun rəsmi mövqeyinin həmin mətbu orqanda dərci ilə bağlı tələbini yerinə yetirməyə hazır olmasını əsas götürən komissiya məsələni həllini tapmış sayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR