“Region gənclərinin inkişafına dəstək” proqramı başlayıb
Bizi izləyin

Qırmızı.az

“Region gənclərinin inkişafına dəstək” proqramı başlayıb

Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən Quba və Ağcabədi rayonlarında “Region gənclərinin inkişafına dəstək” layihəsinin icrasına başlayıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihənin əsas məqsədi region gənclərinin hərtərəfli inkişafına, ictimai fəaliyyətlərə cəlb olunmalarına, təşəbbüskarlıqlarının artırılmasına kömək etmək, habelə onların müxtəlif ideyalarının layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verməkdir.

Layihənin icrası üçün Mərkəzin adları qeyd olunan regionlardakı ofislərində müvafiq yer ayrılmış, zəruri hazırlıq işləri həyata keçirilib.

Minlərlə gənci əhatə edəcək layihə çərçivəsində region gəncləri üçün qeyri-formal təhsil təlimləri ilə yanaşı, “davos” formatında toplantılar, “şənbə görüşləri”, müxtəlif sosial tədbirlər, o cümlədən yarış və müsabiqələr təşkil olunacaq.

Digər fəaliyyətlərlə yanaşı, region gənclərinin kiçik həcmli təşəbbüslərini dəstəkləmək və maraqlı ideyalarının üzə çıxarılması məqsədi ilə ideya yarmarkaları da təşkil olunacaq. İştirakçı gənclər təqdimatlar şəklində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim edəcəklər. Ən çox səs toplayan ideyalar Mərkəz tərəfindən mükafatlandırılacaq və onların icrasına şərait yaradılacaq.

Layihənin səmərəliliyini artırmaq, o cümlədən layihə icraçılarına könüllü dəstək vermək üçün hər bir regionda Gənclərin İnkişaf Klubları yaradılacaq. Burada gənclərin iştirakı ilə struktur formalaşacaq, iş prinsipi müəyyən ediləcək. Klublar layihənin davamlılığının təmin edilməsi üçün zəruri işləri həyata keçirəcək.

Qeyd edək ki, hədəf ərazilərindən biri 2016-cı il il “Avropa Gənclər Paytaxtı” seçilmiş Gəncə şəhəri olduğuna görə, layihə çərçivəsində burada digər irimiqyaslı tədbirlərin təşkili də nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm