Azərbaycanlı killer "Çolaq Nazim" məhkəməyə çıxarılır - Video
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı killer "Çolaq Nazim" məhkəməyə çıxarılır - Video

Dörd nəfəri güllələməkdə ittiham olunur

“Rövşən Lənkəranski”nin adamı Nazim Hümbətov “Pokrovka”ya nəzarət edirdi

Rusiya İstintaq Komitəsinin Moskva vikayəti üzrə regional idarəsi Azərbaycan vətəndaşı, “Çolaq Nazim” ləqəbli kriminal avtoritet Nazim Hümbətovun istintaqını başa çatdırıb.

Virtualaz.org saytı xəbər verir ki, “Çolaq Nazim” dörd nəfəri güllələməkdə ittiham olunur. O, “Rövşən Lənkəranski” ləqəbli kriminal avtoritet Rövşən Canıyevin ştatlı killeri hesab olunur və vaxtilə “Pokrovka” bazarına nəzarət edirdi və bazarda göyərtinin topdansatışına nəzarət onun əlində idi.

Bu bazara nəzarət uğrunda gedən “müharibədə” onlarla adam öldürülüb. Bu qətllərin əksəriyyəti “Çolaq Nazim”in payına düşür.

İstintaq ona qarşı hələlik cəmi dörd nəfərin qətli üzrə ittiham irəli sürülüb. Söhbət Moskvanın Odintsovo rayonunda 2003-cü ildə törədilmiş qətldən gedir.

İstintaq materiallarına əsasən 2003-cü il, sentyabrın 24-də Hümbətov iki azərbaycanlı yaraqlının, o cümlədən Ceyhun Xəlilovun müşayiəti ilə Odintsovo rayonunun Qryaz kəndi ərazisində yerləşən avtoservisdə “razborka”ya gedir. “Çolaq Nazim” rəqibi İlqar Hüseynovla söhbətə başlayır, lakin söhbət alınmır. O zaman Xəlilov TT tapançasını çəkərək bütün güllələrini Hüseynova boşaldır. Eyni vaxtda onu müşayiət edən silahlılar İlqarın adamlarına atəş açır. Nəticədə İlqar və onun tanışı, Məmmədov familiyalı azərbaycanlı ölür. Daha iki nəfər ağır yaralanır.

2008-ci ildə müstəntiqlər bu qətlin təfərrüatlarını aydınlaşdırırlar və Hümbətov barədə axtarış elan edirlər. Onu ancaq 2012-ci ilin payızında Moskva ətrafında yaxalamaq mümkün olub. “Çolaq Nazim”i yaxalamaq üçün “Rus” xüsusi təyinatlı polis dəstəsi əməliyyat keçirib. Həmin cinayətin digər iştirakçısı olan Ceyhun Xəlilov öldüyü üçün onun barəsində cinayət işinə xitam verilib.

Əməliyyatçıların bildirdiyinə görə, “Çolaq” Azərbaycandan Moskvaya 90-cı illərin əvvəllərində gedib və tezliklə yerliləri ondan muzdlu killer kimi istifadə etməyə başlayıblar. Hümbətovun familiyası həmin illərdə bir neçə sifarişli qətldə keçib, lakin qanqsterin cinayətini sübut etmək üçün dəlil olmayıb.

Hümbətovun karyerasında yüksəliş “Rövşən Lənkəranski”nin qruplaşmasının tərkibinə daxil olandan sonra başlayıb. Rövşənin 2000-ci illərin əvvəllərində Moskva və ətraf şəhərlərdə topdansatış meyvə-tərəvəz bazalarına nəzarət uğrunda amansız müharibə aparan Mirseymur Abdullayev adlı “qanuni oğru” tərəfindən “koronavat” olunduğu bildirilir.

Moskvanın Doroqomilovsk rayonunda yerləşən bazara görə o vaxtlar Mirseymurla çeçen “vor zakonlar” arasında münaqişə yaranıb. Bu münaqişənin nəticəsi olaraq 2003-cü ilin aprelində Moskvadakı “Peşera” klubunda Abdullayevi və onun tanışı Babayevi çeçen “vor zakon”ların muzdla tutduğu killerlər güllələyib. Killerlərdən biri “Steçkin” pistoleti ilə Abdullayevə 12 güllə vurub, üç gülləni isə Babayevə atıb. Mirseymur yerindəcə ölüb, Babayev sağ qalıb.

İstintaqın təxminlərindən biri bu idi ki, həmin killer “Forbes” jurnalının rus versiyasının baş redaktoru Pol Xlebnikovun qətlinə görə beynəlxalq axtarışda olan Dukuzov familiyalı çeçen olub.

Bu qətldən sonra Moskva bazarları uğrunda müharibəyə Canıyev başçılıq edib. Mirseymurun qruplaşmasının üzvləri onun ətrafında cəmləşiblər. Canıyevin killerlər briqadasının özəyini “Çolaq Nazim” və “Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev təşkil edirdilər. Ülfət Tağıyev ötən il Moskvada həbs olunub.

Abdullayevin qətlindən sonra bütün Rusiyanı atəş səsləri bürüyüb. 2003-cü ilin yayında Rövşənin adamları azərbaycanlı kriminal avtoritet “Elçin Yevlaxski”ni qətlə yetiriblər. Həmin ilin sentyabrında Odintsovo rayonunda dörd nəfər güllələnib.

2006-cı ilin aprelində Leninqradsk prospektində “Sabirabadlı Hikmət” ləqəbli məşhur “vor zakon” Hikmət Muxtarov öldürülüb. Bir il sonra Rusiya paytaxtında “Ağbaş Çingiz” ləqəbli Çingiz Axundov güllələnib. Nəhayət, 2010-cu ildə Rövşənin düşmənlərindən Yavər Hüseynov, Əziz İsmayılov, Kamil Kaştayev, Füzuli Hüseynov da öldürülüblər.

2012-ci ilin aprelində Canıyev ona rəqib olan qruplaşmaya sarsıdıcı zərbə endirib. Məşhur “vor zakon” “Ded Xasan”ın təhlükəsizlik rəisi, “Danabaş” ləqəbli İlqar Cəbrayılov güllələnib. Daha sonra “Ded Xasan” öldürülüb.

Rusiya hüquq-mühafizə orqanlarından bildiriblər ki, “Şakro Molodoy” ləqəbli “vor zakon”un İspaniya həbsxanasından çıxaraq Mosvaya qayıtmasından sonra kriminal aləmdə müharibə yenidən qızışacaq. Çünki “Şakro Molodoy” kriminal aləmin “Ded Xasan”ın ölümündən sonra boşalan kralı tituluna iddialıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm