ADU-da 20 yanvar şəhidlərinin xatirəsi anıldı
Bizi izləyin

Qırmızı.az

ADU-da 20 yanvar şəhidlərinin xatirəsi anıldı

ADU-da 20 yanvar faciəsinin 24 illiyi qeyd edilib

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 20 yanvar faciəsinin 24-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, Universitetin tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili, Səməd Seyidov 1990-cı il 20 yanvar hadisələrindən 24 il keçdiyini bildirərək bu tarixin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib.

Hadisələri canlı yaşadıqlarını söyləyən ADU rektoru tədbirdə iştirak edən tələbələrin böyük əksəriyyətinin həmin hadisələr haqqında kitablardan, arxivlərdən öyrəndiklərini nəzərə çatdırıb. Rektor S. Seyidov ADU-nun tələbəsi olmuş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin adına yaradılmış açıq muzeyin önündə toplaşan gəncliyi onun kimi cəsur, vətənpərvər görmək istədiyini deyib.

Ülvi Bünyadzadənin bundan sonra da, onilliklər, yüzilliklər boyu universitetdə əbədi iz qoyduğunu və bu şərəfli, qısa ömür yolu ilə Azərbaycan tarixinə yazıldığını bildirib. S. Seyidov deyib ki, bəzən 20 yanvar hadisələrini “Qara gün, faciə” adlandırıblar:

“Əgər 24 il əvvəl bu hadisələr hüzn günü, faciə kimi dəyərləndirilirdisə, bu gün o hadisələri xatırlayanda bu faciəni millətin ən yüksək zirvəsi kimi anırıq”.

24 il bundan əvvəl Azərbaycan xalqının xalqlar içərisində ən yüksək mərhələyə çatdığını qeyd edən S. Seyidov xalqın 20 yanvar tarixini şərəf tarixinə çevirdiyini xatırlatdı: “Müstəqilliyi əldə etmək çətin, qorumaq ondan da çətindir. Müstəqilliyi qorumağın da ən əsas şərtlərindən biri tarixi yaddaşı qorumaqdır. Tarixi yaddaşı olmayan millət, öz qəhrəmanlarını xatırlamayan millət, gənclərini öz qəhrəmanları ilə formalaşdırmayan millət dünyada yaşamaq haqqını qazana bilməz”.

Rektor 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini sözlərinə əlavə edib.

20 Yanvar hadisələri barəsində danışan ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, professor Fikrət Cahangirov bildirib ki, Azərbaycan xalqı müstəqilliyi igid övladlarının qanı bahasına qazanıb.

Hadisələrin canı şahidi olmuş Müasir Alman dili kafedrasının dosenti Çərkəz Qurbanlı 20 yanvar faciəsi haqqında danışmağın həm asan, həm də çətin olduğunu qeyd edib. Hadisələrin bilavasitə iştirakçısı olsa da, qismətinə şəhidlik yazılmadığını bildirən Ç. Qurbanlı şahidi olduğu anlardan danışıb.

İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov 20 Yanvarın ciddi şəkildə düşünülmüş, ətraflı planlaşdırılmış hadisə kimi xarakterizə etdi. O, həmin gün yaşananlar barəsində tədbir iştirakçılarına məlumat verdi.

Anım tədbirində Pedaqoji fakültənin II kurs tələbəsi Nərgiz Məmmədova “Şəhidlər” şeirini söylədi.

Qeyd edək ki, tədbirdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını, o cümlədən universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin məzarını ziyarət ediblər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm