Metro yay rejiminə keçdi
Bizi izləyin

Qırmızı.az

Metro yay rejiminə keçdi

Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur.

Ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb.

Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi.

Ventilyatorların işçi vəziyyəti və optimal gücü ilə bağlı vəziyyət öyrənilib. Təbii havalandırma ilə bağlı müşahidələr aparılıb. Hərəkət zamanı qatarların yaratdığı hava kütləsinin təsiri, həmçinin stansiyaların giriş və çıxışlarında hava axınının vəziyyətinin təhlili, yer təbəqəsinin sərinləşdirici xüsusiyyətləri, xəzri və gilavar küləklərinin təsiri və istiqaməti öyrənilib. Gecə növbəsində stansiya və tunellərdə çalışan işçilər arasında aparılan sorğular da nəzərə alınıb.

Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək. O, əməyin təşkilində faydalı iş əmsalının artırılmasına, ən vacibi, sərnişinlərə xidmət səviyyəsinin xeyli yüksəldilməsinə əsaslı təsir edəcək.

Yeni qrafik daimi işçi nəzarətin gücləndirilməsini də nəzərdə tutur. Hər gün stansiyalarda monitorinq aparan mikroiqlim laboratoriyasının məlumatı əsasında qrafikin tənzimlənməsini sanitar dispetçer mərkəzi yerinə yetirəcək.

Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.

Metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin mənəvi cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir. Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır. Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm