Övladlarına Edvard Kan, Sitayişmən, Kipr adlarını qoymaq istəyənlər var
Bizi izləyin

Qırmızı.az

Övladlarına Edvard Kan, Sitayişmən, Kipr adlarını qoymaq istəyənlər var

Bu gün övladına istədiyi adı qoymaq istəyən valideynlər müəyyən problemlərlə qarşılaşırlar. Məsələn, övlarına Ruxsara, Saida kimi ad qoymaq istəyənlərə və yeni adlar təklif edənlərə “olmaz”cavabı verilir. Ən yaxşı halda müəyyən müzakirələrdə, get-gəldən sonra razılıq verilsə də, bəziləri sevdiyi adı övladına qoya bilmir. Bəs təklif olunan adlar seçilərkən, onlara qadağa qoyularkən hansı tələblər nəzərə alınır?

AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Publika.az-a açıqlamasında bildirib ki, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya edilən müraciətlər Nazirlər Kabinetinin qərarına əsasən baxılır.

“Səidə adını Saida kimi qoymaq istəyənlər olub, lakin buna razılıq verilməyib. Çünki adların yazılışının normaları var. Bu normaya uyğun ad yazılmalıdır. Yazılışda ahəng qanunu və dilin digər tələbləri pozulursa və onun daha uyğun variant varsa, dəyişikliyə icazə verilmir. Ruxsara, Saida kimi adlar bizim dilimizə uyğun tələffüz forması deyil.

Bizim adlar sistemimiz var, seçilən ad həmin siyahıda varsa, valideyn rahatlıqla həmin adı qoya bilər. Bir nəfər xanım türklə ailə qurmuşdu və övladının adını Edvard Kan qoymaq istəyirdi. O, bunun türk adı olduğundan belə seçim etdiklərini dedi. Lakin Nazirlər Kabinetinin adlarla bağlı qərarına uyğun gəlməyən adların qoyulmasına icazə verilmir. Bunlar əsasən qıza oğlan və ya əksinə, oğlana qız adı verilməsi, milli olmayan, dilimizdə heç bir mənası olmayan xarici adlardır ki, onlarla bağlı müraciət olanda araşdırılır. Mənşəyi, mənası məlum olmayan, səslənməsi fonetik qanunlara uyğun olmadıqda və cinsə uyğunluğu olmayanda razılıq verilmir”.

S.Sadıqova onu da əlavə etdi ki, bu günlərdə bu cür adlarla bağlı müraciətlər artıb:

“Bu yaxınlarda bir nəfər uşağının adını Sitayişmən qoymaq üçün müraciət etmişdi. Qeydiyyat idarəsi tərəfindən müraciəti qəbul edilmədiyindən, təkrar bizə müraciət olmuşdu. Biz də bu adın heç bir məna daşımadığını ailəyə izah edəndən sonra bizimlə razılaşdılar. Adı qoymaqdan imtina etdilər. Bununla yanaşı övladlarına Peşman, Kipr, Şikayət kimi adları da qoymaq istəyənlər olub”.

S.Sadıqova siyahıda olmayan adların qoyulmasına icazə verilməməsinin doğru yanaşma olmadığını bildirdi:

“Heç bir Qeydiyyat İdarəsində siyahıda olmayan adı qoya bilməzsiniz deyə bilməzlər. Çünki ad sistemi daim inkişafdadır. Yeni adların qoyulmasının qarşısını almaq istəmirik. Sadəcə, yeni adların doğru seçilməsinə çalışırıq. Ötən gün bir nəfər bizə oğlunun adını Betül qoymaq üçün müraciət etmişdi. Lakin qeydiyyat idarəsində razı olmamışdılar. Biz də şəxs adları lüğətinə baxdıq, orada adın mənasını izah etdik və qoyulmasına razılıq verdik. Bir vaxtlar nadir halda qoyulan Dəniz, Damla kimi adlara sonradan maraq artdı. Ola bilər ki, gələcəkdə ən populyar adlardan olsunlar”.

Xalq şairi Sabir Rüstəmxanlı Publika.az-a açıqlamasında bildirib ki, vətəndaşın ad seçiminə dövlət qurumu tərəfindən sayğı duyulmalıdır. Lakin bununla yanaşı, insanlar da öz tarixinə və xalqına uyğun ad seçməlidir:

“Ad seçimində müstəqillik tanına bilər, lakin adın yazılışı, normalara uyğunluğu nəzərə alınmalıdır. Məsələn, insan övladına Saida deyə müraciət etmək istəyirsə, bu məsələdə sərbəstdir, ona heç kim qadağa qoya bilməz. Lakin bunu yazılışa tətbiq etmək doğru deyil. Tək-tək hallarda hərf dəyişikliyi barədə müraciət qeydə alına bilər. Bu zaman həmin adın nəsil, köklə bağlılığı təsdiqlənməlidir. Qalan hallarda isə adlar siyahısına uyğun seçim edilməlidir. Əlbəttə, həmin adlardan əlavə tarixlə bağlı yeni ad yaratmaq istəyənlər ola bilər. Ola bilər ki, kimsə övladına Alpərən, Mete adını qoymaq istəsin, həmin ad siyahıda olmasın. Bu istisnalara yenidən baxaraq, onların millətin kökü, qədim türk adı olduğu təsdiqlənərək razılıq verilə bilər. Tam fərqli millətlərin adlarına müraciət etmək, həmin adların yaymasına yol vermək olmaz. Bəzən ərəb-fars adlarına daha çox meyl edildiyini müşahidə edirik. Düzdür, dinə, peyğəmbərlərə hörmətimiz var. Lakin unutmaq olmaz ki, bu xalqın tarixində o peyğəmbərlər qədər millətin taleyində iz qoymuş insanlar olub. Onların da adını yaşatmaq lazımdır. Mümkün qədər çalışmalıyıq ki, milli adlar qoyulsun və o adı daşıyanın hansı millətin daşıyıcısı olduğu bilinsin”.

S.Rüstəmxanlı hesab edir ki, adlar siyahısını ehkam kimi qəbul etmək də doğru deyil.

“Dilə yeni ad gətirmək istəyənlərə sayğı ilə yanaşmaq lazımdır. Milli mədəniyyətə xidmət edən, milli düşüncə səviyyəsində, tariximizlə bağlı olan adlar yarana bilər. Vətəndaş yeni ad təklif edirsə, o ad ad təfəkkürümüzü bir az da genişləndirirsə, ondan imtina etmək olmaz. Çalışmalıyıq adlarla bağlı yeniliklər, qohum xalqlardan və ən əsası özümüzdən gəlsin, amma Avropanı bura gətirməyək”.

Qeyd edək ki,Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə 217 ad daxil edilməyib, onların qoyulmasına icazə verilmir. Bununla yanaşı, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm