• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

“Anam Pakistanda Azərbaycan yeməkləri bişirir” - Zarmina Naz – FOTOLAR/VİDEO

“Anam Pakistanda Azərbaycan yeməkləri bişirir” - Zarmina Naz – FOTOLAR/VİDEO

Qonaq getdiyin, səfər etdiyin ölkə ilə tanışlıq ilk öncə onun yollarından başlayır. Küçələrdə addımladıqca onun adət-ənənələri, daxili mühiti, insanlarının yaşayış tərzi ilə tanış olursan. Burada bir müddət yaşadıqda isə həmin ölkə barəsində hərtərəfli məlumatlı olursan. Elə Qafqaz Universitetinin beşinci kurs tələbəsi, Pakistandan gəlmiş Zarmina Naz kimi.

Universitetin Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan müsahibimiz Publika.az-ın "Biz onların gözündə" rubrikasının qonağı olaraq respublikamızla bağlı təəssüratlarını, xoş xatirələrini bölüşdü:

"Azərbaycanın bütün rayonlarını gəzmişik"

1992-ci ildə Pakistanın Mansera şəhərində anadan olan Zarmina Naz deyir ki, Azərbaycanda təhsil almasının maraqlı tarixçəsi var: "Ailədə dörd uşağıq – iki qardaş, iki bacı. Ata-anam, bacı-qardaşlarım indi Pakistanda yaşayır.

Burada təhsil almağım heç də təsadüfi olmadı. Atam əvvəllər Bakıda işləyirdi, Qafqaz Universitetinin təhsil sisteminə, fəaliyyətinə yaxından bələd idi. Mənim burada təhsil almağımı da o məsləhət gördü. Həmin vaxt atamın işi ilə əlaqədar ailəliklə Azərbaycanda yaşayırdıq. Bu səbəbdən ölkənizə yaxından bələd oldum. Ailəliklə Azərbaycanın bütün rayonlarını gəzmişik".

"Universitetin daxili mühiti, aurası çox yaxşıdır"

Sonradan ailə üzvlərinin Pakistana getdiyini deyən Zarmina Azərbaycanda təhsil almasından heç də peşman deyil: "Nə yaxşı ki burada oxumaq mənə nəsib oldu. Universitetin daxili mühiti, aurası çox yaxşıdır. Burada mehriban kollektivlə əhatə olunmuşuq. Xüsusən xarici tələbələrə ehtiram hörmət var.

Ata-anam hərdən Azərbaycana gəlir. Tətil günlərində özüm də Pakistana gedirəm. Bir semestr məzuniyyət götürüb ölkəmə getdim. Buna görə də doğmalarım üçün çox darıxmıram".

"Pakistanla Azərbaycanın ənənələri oxşardır"

O, deyir ki, magistraturada da oxumaq arzusu var. Amma bunun necə olacağını zaman müəyyənləşdirəcək: "Pakistanla Azərbaycanın oxşarlığı çoxdur. Məişətimiz, yaşayış tərzimiz, adət-ənənələrimiz oxşardır. Pakistanlılarla azərbaycanlıların düşüncə tərzi də bənzərdir.

Azərbaycanda çox gözəl bir ənənə var – avtobusda qalxıb xanıma yer vermək. Pakistanda isə fərqlidir – avtobusların salonun qabağı xanımlar, qızlar, uşaqlı sərnişinlər, salonun arxa hissəsi isə kişilər üçündür. Burda isə belə deyil. Avtobusda, metroda kim harada istəyirsə əyləşir, amma qadınlar, qızlar içəri girəndə hörmət və ehtiram əlaməti olaraq onlara yer verirlər.

Bundan əlavə, küçədə, yolda hansısa köməyə, yardıma ehtiyacın olanda sənə dərhal kömək edir. Azərbaycan və türk dillərini bilirəm. Buna görə də kitabları rahat oxuyuram. Nizami Gəncəvinin "Xəmsə"sini oxumaqda çətinlik çəkmədim. Yeri gəlmişkən, Nizaminin əsərləri Pakistanda da yaxşı oxunur".

"Azərbaycan yeməklərini bizə dadsız, duzsuz gəlirdi..."

Müsahibimin sözlərinə görə, Pakistan və Azərbaycan kulinariyası fərqli olduğundan bir müddət bura alışa bilməyib: "Ölkələrimizin mətbəxlərində müəyyən fərqlər var. Pakistanda yeməklərin hazırlanmasında ədviyyatlardan çox istifadə edilir. Hər yeməyin özünəməxsus ədviyyatı olur. Bu isə onlara xüsusi dad verir. Amma Azərbaycan yeməklərində ədviyyatdan çox da istifadə edilmir. Yeməklərin dadı da fərqli olur.

Bura yenicə gələndə Azərbaycan mətbəxinin yeməklərini yeyə bilmirdik. Onların dadı bizə qəribə - dadsız, duzsuz gəlirdi. Lakin tədricən hər şeyə öyrəşdik. Hətta anam indi də Pakistanda Azərbaycan yeməklərini - kələm, yarpaq dolmasını tez-tez bişirir. Adam yedikcə dadından doymur".

"Qafqaz Universitetinin yeganə pakistanlı tələbəsiyəm"

Pakistanlı gənc Azərbaycanın daxili gözəlliklərinə məftunluğunu da gizlətmədi: "Ölkəniz yaşamaq üçün çox gözəl məkandır. Əsas odur ki, firavanlıq, sakitlikdir. Burada özümə xeyli sayda rəfiqə tapmışam. Bakının əcnəbi tələbə klubunda da xeyli sayda dostlarım, tanışlarım var.

Yeri gəlmişkən, Qafqaz Universitetinin Pakistandan olan yeganə tələbəsiyəm. Azərbaycanla bağlı maraqlı xatirələrim çoxdur. Çünki məzəli anlar, gülməli, yaddaqalan məqamlar çox olub. Ötən il burada festival keçirildi. Mən o tədbirə xüsusi olaraq hazırlaşdım. Həmin günlərdə uşaqları Pakistan rəqslərinə hazırlaşdırdım. Habelə ölkəmizin milli yeməklərini də bişirdim. Hər kəs öz ölkəsinin yeməyini hazırlayırdı. Gecə saat 2-yədək yemək bişirdik. Sonda çox gözəl, maraqlı bir tədbir alındı".

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>