ABŞ səfirindən neft AÇIQLAMASI: “Azərbaycan üçün…”
Bizi izləyin

Qırmızı.az

ABŞ səfirindən neft AÇIQLAMASI: “Azərbaycan üçün…”

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovla görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı Amerikalı səfir Azərbaycanda ingilis dilinin tədrisinin vəziyyəti barədə danışıb.

Görüşdə akademik mobillik, eləcə də “Fulbright” proqramından istifadə edən ABŞ müəllimlərinin UNEC-də ingilis dili fənninin tədrisinə cəlb olunması məsələləri də müzakirə edilib.

Sonra səfir Robert Sekuta UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə görüşərək, dünya iqtisadiyyatındakı mövcud vəziyyəti şərh edib.

Görüş zamanı UNEC tələbələri səfirə iqtisadi mövzuda suallar ünvanlayıb. Səfir Çinin qlobal iqtisadiyyatda artan rolu, dünya birjalarında neftin dəyişən qiyməti, ABŞ-Azərbaycan iqtisadi münasibətləri, xüsusən ABŞ-ın ölkəmizə birbaşa investisiya cəlbi ilə bağlı tələbələrin suallarını cavablandırıb.

R.Sekuta bildirib ki, Çin iqtisadiyyatının əsas inkişaf etmiş bölgələri ölkənin Şərq hissəsində yerləşsə də, hazırda bu inkişaf ölkənin Qərbinə doğru hərəkət edir.

Amerikalı diplomat Çinin milli valyutası yuanın dünya valyutasına çevrilməsindən danışaraq, ölkə iqtisadiyyatının son illərdə sürətlə inkişaf edərək, dünyanın ən böyük ikinci iqtisadiyyatı olduğunu tələbələrin diqqətinə çatdırıb.

R.Sekuta qeyd edib ki, Çin iqtisadiyyatını və faktorunu dünya iqtisadiyyatında nəzərə almamaq artıq mümkün deyil.

Onun sözlərinə görə, hazırda yuanın dünya iqtisadiyyatına sistemli şəkildə daxil olması baş verir.

Səfir Robert Sekuta çıxışında neftin qiymətinin dəyişkənliyinə xüsusi diqqət ayıraraq qeyd edib ki, ucuzlaşmaya iki aspektdən yanaşmaq lazımdır: “İstehlakçı üçün qara qızılın qiymətinin enməsi əlbəttə ki, çox yaxşıdır. Amma neft ixrac edən ölkələr və şirkətlər üçün ucuzlaşma müsbət hal deyil. Çünki qara qızılın qiymətinin aşağı düşməsi digər məhsulların qiymətlərinin aşağı düşməsi ilə yanaşı, neft şirkətlərində işçilərin ixtisarına və nəticədə işsizliyə gətirib çıxarır”.

R.Sekuta vurğulayıb ki, neftin qiymətinin indiki vəziyyəti bir çox ölkələr üçün problemlər yaradıbsa, Azərbaycan üçün bunu demək olmaz: “Çünki Azərbaycandakı iqtisadi vəziyyət Venesuela, Nigeriyada olan vəziyyətlə müqayisə oluna bilməz”.

Səfir həmçinin, ABŞ şirkətlərinin investisiya siyasətinə də toxunub: “ABŞ şirkətləri istənilən halda Azərbaycanın enerji sektorunda aktiv iştirak etməkdə davam edəcək”.

Səfir eyni zamanda, ölkəsinin iş adamlarının Azərbaycanın turizm və informasiya texnologiyaları sektorlarına diqqət ayıra biləcəyini də vurğulayıb.

Daha sonra UNEC tələbələri səfir Robert Sekuta ilə fikir mübadiləsi aparıblar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm