“Azəriqaz”ın PUL TƏLƏSİ: Abonentlər bu yolla aldadılır
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz”ın PUL TƏLƏSİ: Abonentlər bu yolla aldadılır

"Qaz sayğacımız tez-tez koda düşür, qonşum sağ olsun kömək edir. Amma mütləq 1 manat pul da vurmalısan. Əvvəl belə problem olmurdu, son vaxtlar hər dəfə qaz kəsiləndə sayğac koda düşür. Yəni hər dəfə qaz kəsiləndə eyni əziyyəti çəkirik. Təqaüdçü adamam, təzəlikcə 5 manat ödəmişdim, hər dəfə də koda düşəndə 1 manat ödəyirəm, kartımda 10 manatdan çox pul var. Axırıncı dəfə 2-3 gün əvvəl yenə qaz kəsiləndən sonra koda düşdü. Yenə də 1 manat ödədik".

Bu fikirlər saytımıza "7-ci mikrorayon Abay Kunanbayev 11a ünvanında yaşayan Qiymət Bayramovaya deyib.

Publika.az-a danışan Qiymət Bayramova özünün və qonşunlarının son vaxtlar sayğacda yaranan bu problemdən bezdikləri deyir. Biz də "Bizim araşdırma" layihəsi çərçivəsində bu problemi gün işığına çıxarmağa çalışdıq.

Sakinlərin büdcəsinə böyük zərbə

Qonşusu Kamilə Zamanova da eyni problemdən şikayətçidir. O, hazırda bu ünvanda kirayə yaşadığını və hər dəfə qaz kəsiləndə karta 1 manat vurub kodu açmağın heç sərfəli olmadığını deyir: "Son bir həftədə iki dəfə qaz kəsildiyinə görə, sayğac koda düşüb. Bu bir manatlar o qədər yığılıb ki, balansımızda 20 manata qədər pul əmələ gəlib. Kirayə qalıram, bəlkə bir aya köçüb getdim. Gün ərzində evdə olmuruq, axşamlar evdə olmaqla bu qədər qaz işlətməyəcəyik. Axı niyə hər dəfə 1 manat ödəməliyik? Bunun başqa yolu olmalıdır".

Paytaxt sakinləri arasında oxşar problem yaşayanlar çoxdur. Günün müxtəlif saatlarında koda düşən sayğacı açmaq üçün vaxt itkisi ilə yanaşı, hər dəfə 1 manat ödəniş etmək də narazılıq yaradır. Axı sakinlərin də dediyi kimi, nə üçün abonent iki ayda istifadə etməyəcəyi qədər qaz pulunu əvvəldən ödəməlidir?

Ölkə üzrə 1 milyon 869 min 274 abonenti (fevral ayına olan məlumat) təbii qazla təmin edən "Azəriqaz"ın nə qədər istifadəçisinin bu problemdən əziyyət çəkdiyini deyə bilmərik. Lakin hər dəfə sayğacı koddan çıxartmaq üçün balansı artırmaq, bir ayda istifadə etməyəcəyi qədər karta qaz yükləməsinin abonentlərin büdcəsinə uyğun olmadığı reallıqdır. Axı, aylıq pensiya ilə dolanan birinin həftədə 1-2 dəfə sayğaca əlavə pul ödəmək imkanının olmaması gerçəkliyi də var.

"Azəriqaz"dan Publika.az-a bildirdilər ki, smart tipli qaz sayğacları koda düşdüyü zaman abonentlər öz kartları vasitəsi ilə sayğacı işə sala bilərlər. Bunun üçün müvafiq proqram təminatında işlər aparılıb. Abonentlər öz kartları ilə yalnız "ALARM 3", "ALARM 5" və "FO-44" koda düşmələrini aradan qaldıra bilərlər.

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər.

1. Smart tipli sayğac koda düşdükdə, ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN məbləğ ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

Bu məlumatdan xəbərsiz olanlar, ya da ardıcıllığı unudanlar üçün isə "Azəriqaz" "104" və "108" "Qaynar xətt"inə zəng etməyi məsləhət görür. Lakin bu telefonlar çox zaman məşğul olur. Bəzə yarım saatdan çox vaxt növbədən bir pillə aşağı düşmək olmur.

Məsuliyyət istehsalçınındır

Qaz təsərrüfatı üzrə mütəxəssis Nüsrət Qasımov hesab edir ki, problem aktualdır, məsələdə məsuliyyəti həmin sayğacı istehsal edən şirkət daşıyır: "Sayğacın koda düşməyi "Azəriqaz"ın problem deyil, bu sayğac istehsal edən zavodun qüsurudur. İstehsalçı sayğacı elə hazırlamalı idi ki, sayğac koda düşməsin. Düzdür, kodu açmaq üçün vurulan bir manat itmir, lakin bu istehlakçıya əlavə narahatlıq yaradır. Bunun üçün "Azəriqaz" tərəfindən həmin şirkətə müraciət edilməlidir. Gələcəkdə sayğac istehsalında bu məsələ nəzərə alınmalıdır. Çünki hər dəfə sayğacın koda düşməsi normal hal deyil. Özüm də belə hallarla qarşılaşmışam, "Azəriqaz"a müraciət etmişəm ki, problem istehsalçı zavoda çatdırsınlar. Bundan sonra həmin zavodla iş aparılsa, sayğacın koda düşməməsi ilə bağlı məqam müqavilədə qeyd olunmalıdır".

Bunun istehlakçı ilə yanaşı, "Azəriqaz"ın özünə də problem yaratdığını deyən ekspert bunları qeyd edir: "Sayğacın konstruksiyası düzgün qurulmayıb. Bunun üçün "Azəriqaz" həmin şirkətə müraciət etməlidir ki, düzgün hazırlanmayan detal aradan qaldırılsın".

"Azəriqaz" istehsalçı olmasa da, sifarişçi şirkət kimi ona təqdim olunan məhsulun keyfiyyətinə məsuliyyət daşıyır. Ekspertin sözlərinə görə, yəqin ki, sayğacı alarkən bu məqam ya diqqətdən qaçıb, ya da sonradan belə problemlər yarana biləcəyini nəzərə alınmayıb: "Çünki su, işıq sayğaclarında belə hal müşahidə olunmur, bu da konstruksiyadakı səhvlə əlaqədardır.

"Azəriqaz" istehlakçının hüquqlarını pozur"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bu istehlakçı hüquqlarının pozulmasıdır: "Azəriqaz"ın abonentlərlə bağlanan müqavilədə sayğac koda düşərsə, 1 manat ödəməli olduğunu qeyd etmir. Nəticədə, istehlakçı hüququ pozulur. "İstehlakçılar Hüquqlarının Müdafiəsi haqqında" Qanunun 11-ci maddəsində bildirilir ki, bazarda hökmran mövqe tutan tərəf öz şərtlərini istehlakçıya diktə etməməlidir. Lakin bu vəziyyət onu göstərir ki, "Azəriqaz" öz şərtlərini istehlakçıya diktə edir. Bu hal qanunsuzluqdur. Bu qurum istehlakçıya təqdim etdiyi məhsulun yaxşı işləməsinə cavabdeh olmalıdır".

E.Hüseynov hesab edir ki, hərə dəfə koda düşəndə 1 manat ödəniş şərtinin heç bir məntiqi əsası ola bilməz: "Azəriqaz" bu tələbi qanuni hesab edirsə, müqavilə şərtlərinə daxil etməlidir. Daxil edilməyibsə, deməli heç bir qanuni əsası yoxdur. Dünya təcrübəsində belə hal yaşanırsa, bunu quraşdıran qurum məsuliyyət daşıyır. Sayğaca qədər və sayğac da daxil olmaqla bütün məsuliyyət "Azəriqaz"ın üzərindədir. Bildiyiniz kimi, sayğac mənzildən kənarda yerləşdirilib, istehlakçı mənzilindəki vəziyyətə görə məsuliyyət daşıyır".

Bu ailə büdcəsində planlaşdırılmamış xərcdir

İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, hər dəfə bir manat ailə büdcəsi üçün əlavə xərcdir: "Qaz sayğacının koda düşməsi əlavə vəsait xərclənməsinə səbəb olur. Bu vəsait itkiyə getməsə də, ailə büdcəsində planlaşdırılmış xərc hesab olunmur. Bir manat böyük məbləğ hesab edilməyə bilər. Əlbəttə, bunu bütün ailələlərə aid edə bilmərik. Çünki elə ailələr var ki, gündə bir manat onlar üçün böyük məbləğdir. İkinci məqam bu problemin yaratdığı şərait və sərf olunan vaxt nəzərə alınmalıdır. Koda düşən sayğac evdə müəyyən diskomfort yaradır, ev sahibi əvvəldən planlaşdırdığı işi görə bilmir. Bu da istehlakçıların hüquqlarının pozulması hesab edilir".

Q.İbadoğlu hesab edir ki, sistem dəyişdirilməlidir.

"Sayğaclar elə proqramlaşdırılmalıdır ki, koda düşəndə əlavə vəsait yüklənməsinə ehtiyac olmasın, ya da adi bir şifrə ilə açmaq mümkün olsun. Çünki tək yaşayan insanlar var. Onlar bu işlə məşğul ola bilmir. Əhalinin yaşlı təbəqəsi, tək yaşayan ailə üçün kodun açılması çox çətin prosesdir.Abonentlərə birbaşa xidmət göstərən şirkət olduğuna görə, məsələdə məsuliyət "Azəriqaz"ın üzərindədir", - deyə o bildirir .

"Azəriqaz": 1 manat elə də böyük məbləğ deyil

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Publika.az-a açıqlamasında əvvəlcə qeyd etdiyimiz ardıcıllığı sadaladı. Daha sonra bildirdi ki, abonent özü kodu aça bilmirsə, günün 24 saatı qaynar xəttə müraciət edə bilir: "Bu prosedur izah olunur. Düzdür,bəzən vətəndaşlar sona qədər səbr etmir və 190 saniyəlik prosedurun tamamlanmasına imkan vermir, sonra da kodun açılmadığından şikayətlənirlər. Nəticədə, "Azəriqaz" əməkdaşları həmin mənzilə gedib, abonentin problemini aradan qaldırmağa kömək edirlər".

Bir manat şərtinə gəldiksə, İ.Kərbəlayev bunun böyük məbləğ olmadığını dedi: "1 manat aparatlar qəpik qəbul etmədiyinə görə müəyyən edilib. 1 manat elə də böyük məbləğ deyil, onu qısa zamanda abonent istifadə edir. Bu vaxta qədər bizə hər hansı vətəndaş tərəfindən tez-tez sayğacın koda düşməsi və nəticədə 1 manat ödənişlərə görə kartında böyük məbləğin yığılması barədə şikayət olmayıb. Lakin hər hansı abonent belə halla qarşılaşıbsa, ən azı qaynar xəttə məlumat verə bilərlər. Əməkdaşlarımız həmin sayğaca baxış keçirir və əgər texniki qüsur varsa, həmin sayğac "Azəriqaz" İstehsalat Birliyinin vəsaiti hesabına yenisi ilə əvəzlənir".

"Azəriqaz" dan bildirilir ki, sayğacın koda düşməməsi üçün qaz kəsiləndə sayğaca gələn qaz xəttinin vintilini bağlamaq lazımdır. Lakin şəkillərdən də göründüyü kimi, sayğaclar elə hündürlükdə quraşdırılıb ki, hər dəfə qaz kəsiləndə vintili açıb-bağlamaq asan olmur. Üstəlik, sakinlər qaz sönən kəsilən evdə olmaya bilərlər. Yəni, bu, çıxış yolu deyil.

"Azəriqaz" rəsmisi "104" və "189" qaynar xətt xidmətlərinin daim məşğul olması səbəbini isə belə izah etdi: "Gözləmə müraciətlərə verilən cavabdan asılı olur."Qaynar xətt" 24 saat fəaliyyət göstərir. Sadəcə növbə çatana qədər səbr etmək lazımdır. Hər abonentin suallarına sona qədər cavab verilir. Bəzi abonentlərlə 10-15 dəqiqə danışıqlar aparıla bilər. Ona görə də bəzən gözləmələr ola bilir".

Gülxar

FOTOLAR Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm