• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Gömrükdən qəzet kağızına ƏDV tətbiqi ilə bağlı AÇIQLAMA

Gömrükdən qəzet kağızına ƏDV tətbiqi ilə bağlı AÇIQLAMA

Bu gün bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsinin qeyri-qanuni ƏDV tələbi” başlıqlı yazılar dərc edilmişdir.

Dövlət Gömrük Komitəsindən Publika.az-a bununla bağlı daxil olmuş məlumatda bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.2-ci maddəsinin tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına (əlavə və dəyişikliklərlə) əsasən Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızının idxalı əlavə dəyər vergisinin (ƏDV) tətbiqindən 01 yanvar 2016-cı il tarixinədək olan müddətə azad edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20.10.2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 1.18.3-cü maddəsi ilə Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv edilmiş və 01 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.01.2005-ci il tarixli 11 nömrəli qərarı hüquqi qüvvəsini itirərək XİFMN-in 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızı ƏDV-yə cəlb olunur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1-ci maddəsində göstərilir ki, “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:”

Göründüyü kimi Məcəllənin 164.1-ci maddəsində ixrac olunan mallar bütövlükdə ƏDV-dən azad olunmaqla, yalnız idxal deyil, həmçinin malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin ƏDV tutulmayan növləri sadalanmışdır.

Məcəllənin 164.1.7-ci maddəsində isə müəyyən edilmişdir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələrdən ƏDV tutulmur.

Yuxarıda qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi kütləvi informasiya vasitələri məhsullarının idxalını əhatə etmir, yalnız belə məhsulların satışı üzrə dövriyyələrin ƏDV-dən azad olunması müəyyən edilir.

Bu baxımdan hal-hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq idxal olunan qəzet kağızına 18% həcmində ƏDV tətbiq olunur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin şərhi ilə məşğul olan bəzi “ekspertlərin” məqalədə qeyd etdikləri məntiqlə yanaşılarsa, 27 yarımbənddən ibarət olan Vergi Məcəlləsinin 164.1-ci maddəsinin bütün yarımbəndləri idxal əməliyyatlarını əhatə etməlidir. Qeyd olunan ekspert şərhləri yanlışdır. Və mövcud qanunlara dair şərhləri yalnız həmin normativ hüquqi aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verə bilər.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Qüvvədə olan sahə qanunvericilik aktları müzakirə predmeti ola bilməz, yalnız icra olunmalıdır. Bu baxımdan kütləvi informasiya vasitələrinə “ekspertlər” tərəfindən “qəzet kağızlarının idxalı zamanı ƏDV-nin tətbiq olunmamalıdır” kimi verilən əsassız şərhlər heç bir məntiqə sığmır. Cəmiyyətdə bu barədə yanlışlıq yaratmağa çalışırlar. Bu isə qəbul edilməzdir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarına aid mal və nəqliyyat vasitələrinə mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada vergi və rüsumlarının tətbiqini həyata keçirməklə, ölkənin milli iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət göstərir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>