Yəhudi uşaqları xilas edən azərbaycanlı kəşfiyyatçı
Bizi izləyin

Qırmızı.az

Yəhudi uşaqları xilas edən azərbaycanlı kəşfiyyatçı

“Bu yaxınlarda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edərək, bir daha əmin oldum ki, qəhrəmanlarsız tarix olmur. Əgər xalqın qəhrəmanı yoxdursa, deməli, heç tarixi də yoxdur. Bakıda mən azərbaycanlı kəşfiyyatçının, “Sadıqaşvili” (Həmzə Cümşüd oğlu Sadıqov) təxəllüslü qəhrəmanın oğlu ilə tanış oldum. Həmzə Sadıqov sovet hərbi kəşfiyyatının tərkibində Stalinqrad ətrafında döyüşlərdə Hitlerin yaxın silahdaşı, qəddarlığı ilə seçilən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb”.

Publika.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə İsrailin “Zamanın çağırışları” informasiya-analitik portalında dərc edilən “Yəhudi uşaqları xilas edən Azərbaycan kəşfiyyatçısı” məqaləsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut yazıb.

Məqalə müəllifinin yazdığı kimi, məhz Azərbaycan kəşfiyyatçısının cəsarət və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtulub. Bu şücaəti və qəhrəmanlığı ilə “Həmzə baba” ona minnətdar olan nəsillərin qəlbində cəsarət və ölümsüzlük abidəsi ucaldıb. Azərbaycan və yəhudi xalqları onun xatirəsini həmişə böyük minnətdarlıq və hörmətlə yad edəcəklər.

“SMERŞ polkovniki Abram Ratner şəxsi gündəliyində yazır: “Stalinqrad ətrafında döyüşlər zamanı “Sadıqaşvili” onlarla yəhudi ailəsini azad edib, onların arasında mənim də qohumum vardı. Bu barədə “NKVD-nin Xüsusi Hesabat”ında oxumuşam. Onu həmişə yəhudi uşaqların xilaskarı kimi xatırlayacağam”. SSRİ DTK-nın polkovniki Yakov Serebryanski şəxsi arxivində qeyd edir ki, yəhudi xalqının qəddar düşməni general-polkovnik fon Roddenburqun əsir alınması və hərbi tribunala təslim edilməsi mühüm hadisə idi. DTK polkovniki bu alman generalının əsir alındığını və yəhudi ailələrin isə Həmzə Sadıqovun cəsarət və qəhrəmanlıq sayəsində azad edildiyini eşidəndə çox sevinib. SMERŞ-in yerli şöbəsinə ünvanlandığı məktubunda kapitan Şuvalov yazır ki, alman generalının əmri ilə xüsusi otaq yaradılmışdı və orada gücləndirilmiş mühafizə altında çoxlu yəhudi saxlanılırdı. Nasistlər yəhudiləri təhqir edir, alçaldır və güllələyirdilər. Yalnız bir məqsəd vardı: bütün yəhudi uşaqları məhv etmək. Lakin cəsarəti sayəsində Sadıqaşvili (Sadıqov) məhbusları zirzəmidən çıxardı, sonra ikinci mərtəbəyə qalxıb general fon Roddenburqu əsir götürdü. Arxiv sənədlərində Tehran Konfransının təhlükəsizliyinə cavabdeh olan, kəşfiyyat polkovniki Vladimir Vertiporıxın imzaladığı maraqlı məlumatlar var. Vertiporıxın qeydlərindən: “1948-ci ildə İsrailə ezam olunmuşdum. Müharibənin başa çatmasından üç il keçsə də, İsrail mətbuatı itkin düşən və ya müharibədə həlak olan həmvətənlərini axtarmaqda davam edirdi. General fon Roddenburqun yəhudi ailələrə qarşı vəhşilikləri haqqında dəhşətli hekayətlər dərc olunurdu. Stalinqrad cəbhəsində yəhudi ailələrin azərbaycanlı xilaskarı kimi Cümşüd Həmzə oğlu Sadıqovun adı böyük hörmət və minnətdarlıq hissi ilə çəkilirdi”.

1943-cü il oktyabrın 4-də yüksək rütbəli zabitlərin iclasında çıxış edən general-mayor Tavartkiladze bildirmişdi ki, yəhudi ailələri amansızcasına məhv edən 76-cı diviziyanın komandanı general fon Roddenburqu şəxsən 25 alman əsgər və zabitini öldürərək və onlarla yəhudi uşağı labüd ölümdən xilas edərək 51-ci motoatıcı diviziyanın zabiti Həmzə Sadıqov əsir götürüb.

A. Qutun sözlərinə görə, uzun illər sovet kəşfiyyat və əks-kəşfiyyatında işləyən Mariya Fortus Həmzə Sadıqovu xatırlayaraq, onlarla yəhudi ailəni yəhudilərə patoloji nifrəti olan fon Roddenburqun əlindən qurtaran bu məşhur kəşfiyyatçı haqqında çox şey eşitdiyini bildirib. Maria Fortus deyib: “Bu Roddenburq öz qərargahı yanında onlarla əsir ailənin saxlanıldığı xüsusi “Ölüm sarayı” yaratmışdı. Biz bu cəsur qəhrəmanın - Həmzə Sadıqovun şərəfinə Volqoqradda abidə ucaldılmalıyıq”.

1949-cu il oktyabrın 2-də İsrailin “Maariv” qəzetində dərc edilən “Borc” məqaləsində jurnalist Yosef Feldman qeyd edir ki, Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqları labüd ölümdən xilas edib. Yosef Feldman məqaləsində yazırdı: “1942-ci il İsrailin yeni tarixində əsas səhifələrdən biri olacaq və biz tarixçilərimizdən xahiş edirik ki, bu azərbaycanlı, uşaqlarımızı faşist əsirliyindən xilas edən igid döyüşçü, onun qəhrəmanlığı, ailələrimizə və uşaqlarımıza təmənnasız yardımı haqqında yazsınlar. 1942-ci il noyabrın 20-də polkovnik Həmzə Sadıqov “Yəhudi İttifaqı” yanındakı Əlaqələndirmə Komitəsinin nümayəndələrinə alman generalı fon Roddenburqun əsirliyindən xilas etdiyi onlarla yəhudi ailəni təhvil verib. Biz bu tarixi unutmamalıyıq”.

İsrailli ekspert vurğulayır: Ən təəssüfedici məqam budur ki, heç kim yəhudiləri soyuqqanlı şəkildə məhv edən ən bədnam və qəddar alman generalını azərbaycanlının əsir götürdüyünə inanmaq istəmirdi. Əfsus ki, sovet rəhbərliyi də buna inanmadı, Stalin isə məlumatlara tamamilə laqeyd münasibət nümayiş etdirdi.

Ekspert yazır: “Yəhudi uşaqları xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçısının oğlu ilə görüşərkən, bu günə qədər Həmzə Cümşüd oğlu Sadıqovun, haqsız unudulan müharibə qəhrəmanının həyatının lazımi dərəcədə tədqiq edilmədiyi aydın oldu. Çox heyf ki, faşizmə qarşı vuruşan və yəhudi ailələri xilas edən igid Sadıqov Azərbaycanda çox az tanınır, halbuki Ermənistanda Dro və Njde kimi faşist generallar geniş miqyasda, pərəstiş səviyyəsində təbliğ olunur. Onların şərəfinə xatirə sikkələri zərb olunur, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib”.

Arye Qutun fikrincə, bu pərəstiş bəzi marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında dövlət durur. “Bir halda ki Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutu 30 mindən çox yəhudini məhv edən faşist və antisemitin adını daşıyır, daha nə deyəsən? 1942-ci ilin dekabrında Dronun Himmlerin qəbulunda olduğunu bildirən avstriyalı tarixçisi Erik Fayql yazır: “Dronun heç bir vicdan əzabı çəkmədən qətlə yetirmək səriştəsi və təcrübəsi vardı. Bu, Himmlerdə çox böyük təəssürat yaradırdı”.
Rəsmi Moskva həmişə faşistlər və onların əlaltılarına bəraət verilməsi cəhdlərinə qarşı sərt çıxış edib. Lakin bu gün bir çox Rusiya KİV-lərinin və Rusiya mədəni məkanının bu faşistləri milli qəhrəmanlar kimi təqdim edən kanal olması çox böyük narahatlıq doğurur.

İsrailin “Zamanın çağırışları” informasiya-analitik portalında Arye Qut yazır: “Literaturnaya qazeta”nın 2014-ci il 17 dekabr tarixli sayında dərc olunan Ermənistan Respublikasının Rusiyadakı səfiri ilə müsahibəni xatırlamaq kifayətdir. Səfir bu müsahibədə bildirib: “Xalqımızın görkəmli oğlu Qaregin Njde hesab edirdi ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin özünü təkmilləşdirməsi kimi mübarizə həyatın əsas qanunudur. Bu mübarizə ölkənin və xalqın tərəqqisinə sarsılmaz səydə əks olunur”.

İsrailli ekspert vurğulayır ki, Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın simasında erməni general Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın törədib. Serj Sarkisyanın yalnız bu sözlərini xatırlamaq kifayətdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındırdıq”.

Bu, real şəkildə sübut edir ki, Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan və onun klanı Dro və Njdenin həqiqi və layiqli varisləridir. Xocalıda inanılmaz qəddarlıq və vəhşiliklə törədilən qanlı soyqırımı aktı XX əsrin sonunda həyata keçirilən ən dəhşətli faciələrdən biri oldu. Bu kütləvi qırğının qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi qalacaq. Bu artıq tarixi faktdır ki, Ermənistan silahlı qüvvələri və muzdlu dəstələri şəhəri tərk edə bilməyən Xocalı sakinlərindən heç birinə rəhm etməyib. Ermənistan hərbi birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər həlak olub, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək misli görünməyən işgəncələrə, təhqir və həqarətə məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir”.

Arye Qut ümid edir ki, bu məsələlərlə məşğul olan alimlər və mütəxəssislər, gec də olsa, H.Sadıqovun döyüş yolu ilə maraqlanacaq və ona layiqli qiymət verəcəklər.

İsrailli ekspertin məqaləsində F.Sadıqov və R.Vəlizadənin “Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı” kitabındakı faktlardan istifadə edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm