Avtobus və taksilərdə kameralar quraşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Avtobus və taksilərdə kameralar quraşdırılacaq

“Avtobus və taksilərin içərisində kamera quraşdırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən konsepsiya hazırlanır. Lakin bu gün bir sıra avtobuslarda kamera quraşdırılmasını biz həyata keçirmirik. Bunu digər aidiyyəti qurumlar cinayət işlərinin qarşısını almaq məqsədilə quraşdırır”.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova onu da əlavə edib ki, hazırlanan yeni konsepsiyada gələcəkdə bütün daşıyıcıların salonunda kamera quraşdırılması tələbi irəli sürülü: “Avtobuslarla bağlı hazırlanan konsepsiyada salonun təmizliyindən tutmuş texniki göstəricilər, ara məsafələri, interval, dayanacaqdan-dayanacağa saxlama qaydaları, nağdsız ödəmələrə keçilməsi, vahid formanın tətbiqi məsələləri nəzərdə tutulub. Bir sözlə, mükəmməl xidmətin göstərilməsi nəzərdə tutulub”.

N.Allahyarova bəzi istiqamətlər üzrə marşrutların xətdən çıxarılmasının yaratdığı narazılığa da toxunub və bu problemlə bağlı da planları açıqlayıb: “Dünyanın heç bir iri şəhərində sərnişinin bir avto nəqliyyatla mənzil başına çatması kimi şərtlər yoxdur. Bu, yalnız şəxsi minik avtomobili ilə mümkündür. Bunun üçün avtobuslar üçün ayrıca yollar müəyyən olunmalıdır. Bu məsələdə sərnişinlərin narazılığını anlayırıq. Məsələn, bu yaxınlarda 18 saylı marşrut sınaq rejimində xətdən çıxarıldı. Həddən artır təhlükəli idarə edilən nəqliyyat vasitələri müəyyən edilir. Sahibkara bununla bağlı qabaqlayıcı tədbirlər görülməsi məsləhət görülür. Müvafiq tədbir görülməzsə, avtobus sınaq rejimində xətdən çıxarılır. Buna alternativ olaraq “Baku Bus” istifadəyə verilir. Bəzi marşrut xətləri var ki, onlar “Şah İsmayıl Xətai” metro stansiyasına qədər hərəkət edir, lakin onun “28 May” stansiyasına–daha strateji məntəqələrə qədər uzadılması nəzərdə tutulub. Şəhərin bir çox ərazilərindən “20 Yanvar” metro stansiyasına qədər də hərəkət xəttinin uzadılması nəzərdə tutulub. Lakin istədikləri əraziyə sərnişinlərin bir avtobusla getməsi mümkün deyil”.

Avtobusların hərəkəti üçün əlavə zolaqların yaradılmasına gəldikdə, N.Allahyarova bu prosesin heç bir əlavə xərc çəkilmədən həyata keçiriləcəyini bildirib: “Bu məsələ bəzi mətbuat orqanlarına təhrif olunmuş formada verildi. Avtobuslar üçün ayrıca zolaq deyiləndə, yeni yolun çəkilməsi nəzərdə tutulmur. Bakının yol infrastrukturu avtobuslar üçün tamamilə ayrıca zolaqların yaradılmasına imkan vermir. Çox böyük vəsait tələb etməyən, yolun mövcud ifrasturukturunun verdiyi əlavə imkanlar vasitəsilə nəqliyyatda sıxlıq problemini həll etmək mümkündür. Azadlıq prospektindən M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində xüsusən səhər saatlarında sıxlıq olurdu. Bu yola alternativ küçədə isə çox az sayda nəqliyyat vasitəsi hərəkət edirdi. Heç bir əlavə zolaq yaratmadan avtobusları əsas yoldan çıxarıb, yardımçı yola keçirdik. Bununla da əsas yolun yükünü azaltmış olduq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm