• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Xırda heyvanları qurudub skletlərinin kolleksiyasını yığırdı” – Cinayət tarixçəsi

“Xırda heyvanları qurudub skletlərinin kolleksiyasını yığırdı” – Cinayət tarixçəsi

Dünya yaranandan var-dövlət üçün çox savaşlar aparılıb. Dünya varı üçün bir-birinin canına qəsd edən qohumlar da az deyil. Pul-para üçün bir-birinin canına qəsd edənlər isə bu hərəkətlərinin cəzasını illərlə çəkməli olur. Bu dəfə bəhs edəcəyimiz hadisə də bu qəbildəndir. Məhkəmə qarşısında cavab verənlər qətl və oğurluqda təqsirləndirilib.

Publika.Az-ın məlumatəna görə, məhkəmə qarşısında cavab verənlər Nazim Hüseynovu qətlə yetirən 1971-ci il təvəllüdlü Ziyad Qurbanov və 1979-cu il təvəllüdlü Həsən Verdiyevdir. Paytaxtdakı tikintilərdən birində fəhlə işləyən Nazim Hüseynov qapalı xasiyyətili insan olub. Ətrafdakılara qaynayıb-qarışmayan orta yaşlı bu şəxs elə həmin səbəbdən də subay dolaşır.

Nazimin xasiyyətinə bələd olan yaxınları onun evinə get-gəl etməkdən belə çəkiniblər. Tək-tənha ömür sürən Nazim qəndə, çörəyə qənaət edərək aldığı məvacibin çox hissəsini hobbisinə daxil olan əşyaların sırasını genişləndirməyə sərf edib. Xobbisi isə qızıl - gümüş əşyaları, köhnə orden və medalyonlar toplamaq, quşları qurudub skletlərindən kolleksiya düzəltmək imiş. Nazimin zəif damarını tutmağı bacaran yalnız xalası qızı, imkansızlıqdan Novxanıdakı orta məktəbin gözətçi otağında məskunlaşan Xalidə və sonuncunun ailə üzvləri olub. Belə ki, Nazim yalnız ayda 2-3 dəfə bu ailəyə baş çəkib.

Ziyadla Nazimdən başqa hamı qonaqlığa yollanır

Nazim Xalidəgilə gələrkən sonuncunun oğlu Ziyad hər dəfə söhbəti Nazimin qızıl-gümüş kolleksiyasından salır. Hər dəfə bu kolleksiyaya əlavə olunan yeni qızıl və gümüş əşyaları barədə məlumatlar toplayırmış. Heç kəsin ağlına belə gəlmir ki, Ziyad bu məlumatları Nazimin evinə oğurluğa girmək üçün toplayır. Hadisə günü günorta saatlarında Nazim növbəti dəfə xalası qızıgilə gəlir. Bir qədər sonra Xalidə bildirir ki, ailəlikcə qonaq gedirlər və təklif edir ki, Nazim də onlarla birlikdə getsin. Lakin Nazim təklifdən imtina edir. Bunu görən Ziyad da son məqamda qonaq getmək fikrindən daşınır. Beləliklə, Ziyadla Nazimdən başqa hamı qonaqlığa yollanır. Elə hər şey də bundan sonra başlayır.

Məhkəməyə ifadə verən təqsirləndirilən Ziyad Qurbanov baş verən hadisəni belə təsvir edir. Hamı evdən gedəndən sonra Ziyad Nazimə təklif edir ki, məktəbdəki muzeyə getsinlər. Təklif Nazimin ürəyindən olur. Ziyad Nazimin şəhərdəki mənzilinə girmək üçün əvvəlcə onu aradan götürməyi düşünür. Onlar muzeyə keçəndən sonra Ziyad ətrafı nəzərdən keçirməyə başlayır. Bu zaman binanın çölə baxan pəncərəsinin arasına iki qaranquş qonmuşdu. Quşlardan birini Nazim, ikincisini isə Ziyad tutur. Sonra Ziyad pəncərəni açıb quşu çölə buraxırlar. Nazimsə quşu evə aparacağını və qurudacağını bildirir.

Ziyad Nazimi öldürməyə bəhanə axtarır

Ziyad Nazimdən də quşu çölə buraxmasını tələb etsə də, o buna əməl etmir. Bu səbəbdən də onların arasında mübahisə düşür. Onlar mübahisə edə-edə muzeydən çıxır. Çöldə mübahisə daha da qızışır və Nazim Ziyadı söyməyə başlayır. Mübahisə edə-edə onlar məktəbin zirzəmisinin qarşısına qədər gəlirlər. Əslində isə Ziyadı qaranquş maraqlandırmır. Ziyad mübahisəni qəsdən salıb ki, Nazimi öldürməyə bəhanə olsun. Bu zaman Ziyad əvvəlcədən cibinə qoyduğu bıçağı çıxarıb Nazimi vurur.

Zərbənin təsirindən Nazim yerə yıxılır və bir az çabalayandan sonra hərəkətsiz vəziyyətdə qalır. Bir qədər sonra Nazim dünyasını dəyişir. Ziyad onun keçindiyinə əmin olandan sonra zirzəminin qapısına tərəf itələyir. Sonra isə evə gedərək iri palaz götürərək geri qayıdır. Ziyad Nazimin meyitini palaza bükərək zirzəmidə gizlədir. Evdən gətirdiyi bir verdə su ilə asfaltdakı qan izlərini təmizləyir.

"Meyiti maşından düşürüb istifadəsiz neft quyulardan birinə tulladıq"

Z.Qurbanov bundan sonra evə qayıdaraq izi itirmək qərarına gəlir. Ziyad Nazimin mənzilinin açarlarını, ayaqqabısını, papağını və Xalidənin ütüləyib sellofan torbaya yığdığı paltarlarını götürərək zirzəmiyə qayıdır. Gətirdiyi əşyaları orada gizlədir. Ancaq elə həmin məqamda ağlına gəlir ki, zirzəmiyə tez-tez girib çıxan olur. Həmin şəxslər burada meyiti və əşyaları aşkarlaya bilər. bir qədər fikirləşdikdən sonra Ziyad maşını olan yaxın qohumlarının hansına ağız açmağı düşünür. Sonra yaxın qohumu Həsənin maşını olduğu üçün ona zəng vurub hadisə barədə ona üstü örtülü danışır. Həsən əvvəlcə Ziyadın dediklərinə inanmasa da, lakin evə gələndən və zirzəmidə meyiti görəndən sonra dəhşətə gəlir. Həsən əvvəlcə Ziyada kömək etmək istəməsə də, ancaq Ziyadın çoxlu yalvarışlarından sonra yumşalır. Onlar palaza bükülmüş meyiti Həsənin maşınının yük yerinə qoyur. Həsən maşını Novxanı-Binəqədi yolunun sol tərəfində yerləşən Sianşor adlanan ərazidəki köhnə, istifadəsiz neft buruqlarının arasına tərəf sürür. Daha sonra meyiti maşından düşürüb dərin quyulardan birinə tullayır. Sonra isə maşına oturub tələsik qəsəbəyə qayıdırlar. Geri qayıdarkən Ziyad məktəbin yanında düşür və Həsənə tapşırır ki, gecə saat 01-də dalımca gəlsin.

Əvvəllcə yataq otağındakı içi qızıl-zinət əşyaları ilə dolu mücrünü tapır

Həsən Verdiyev Ziyad Qurbanovun təyin etdiyi saatda sonuncunun yaşadığı yerin yaxınlığına - məktəbin həyətinə gəlir. Ziyad Həsənin maşınına oturandan sonra sonuncuya Nizami küçəsindəki ünvanlardan birinə sürməsini tapşırır. İkinci mərtəbəyə qalxaraq açarla qapını açıb içəri keçirlər. Ziyad əvvəlcə sellofan torbanı qonaq otağındakı masanın üstünə qoyur. Sonra isə otaqda axtarış aparmağa başlayır. Əvvəllcə yataq otağındakı içi qızıl-zinət əşyaları ilə dolu mücrünü tapır. Qızıl-gümüşləri, qab-qacaqları mələfəyə yığır. Sonra qapını açarla bağlayaraq oradan uzaqlaşırlar. Ziyad götürdüyü əşyaları Həsənə verib etibarlı yerdə gizlətməsini tapşırır. Hadisə vaxtı şalvarı və köynəyi qana bulaşdığı üçün onları soyunub şkafda təmiz paltarlarının arasında gizlədir. Bir neçə gündən sonra anası Ziyadın paltarlarını görüb onların nə üçün qana bulaşdığını soruşur.

Nazim xırda heyvanları, quşları qurudub skletlərinin kolleksiyasını yığırdı

Ziyad Qurbanov deməyə hər hansı söz tapa bilmir: "Söz tapmayanda anam söz verdi ki , əgər mən düzünü desəm, o bu barədə heç kəsə xəbər veməyəcək. Mən də baş vermiş hadisəni olduğu kimi anama danışdım. Ancaq anam sözünün üstündə dayanmadı və Yasamal polis idarəsinə gedib hər şeyi xəbər verdi".

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Nüşabə Əzizova Nazimin onun ögey qardaşı olduğunu bildirib: "Nazim xırda heyvanları, quşları qurudub skletlərinin kolleksiyasını yığırdı. Bununla yanaşı gümüş əşyaları, köhnə orden və medallar da toplayırdı. Mayın 7-də mənə zəng vurub bildirdilər ki, qardaşım 3 gündür ki, işə çıxmır. Mən onun niyə işə çıxmadığını aydınlaşdırmaq üçün evinə getdim. Ancaq içəri keçəndə polis işçiləri ilə qarşılaşdım. Onlar bildirdilər ki, mənzildə oğurluq baş verib və mənə heç nəyə əl vurmamağı tapşırırlar. Mən qardaşımın itkin düşməsi barədə Yasamal RPİ-nə müraciət etdim. Bir neçə gün sonra Nazimin meyiti neft quyusundan tapıldı".

Məhkəmə istintaqı zamanı törədilən hadisə tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə Ziyad Qurbanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Həsən Verdiyevi də 3 il müddətinə azadlıqdan məhrum edib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR