• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Mikayıl Cabbarov Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri ilə görüşdü

Mikayıl Cabbarov Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri ilə görüşdü

Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) yeni seçilmiş üzvləri ilə görüş keçirilib.

Bu barədə Publika.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsilin məzmununun qabaqcıl beynəlxalq təcrübəyə və ölkənin inkişaf konsepsiyasına uyğun yenidən qurulması, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması nəzərdə tutulur. Bu işin tərkib hissəsi kimi, ümumtəhsil məktəbləri üçün kurikulum əsasında yaradılan yeni dərsliklərin qiymətləndirilməsi prosesinin daha səmərəli təşkilinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin 27 fevral 2014-cü il tarixli, 252 nömrəli əmri ilə “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə” təsdiq olunub. Əsasnaməyə uyğun olaraq, DQŞ-nin tərkibinin seçilməsi ilə bağlı elan edilmiş müsabiqə martın 18-də başa çatıb. DQŞ üzvlərinin seçilməsi məqsədilə təhsil nazirinin müavini Ceyhun Bayramovun sədrliyi ilə yaradılmış işçi qrup tərəfindən müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların sənədləri araşdırılıb, yeni tərkib müəyyənləşdirilib və təhsil nazirinin 3 mart 2014-cü il tarixli, 385 nömrəli əmri ilə təsdiq edilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov əsas diqqəti təhsil strategiyasında təhsilin məzmunu sahəsində aparılacaq islahatlara yönəldərək bu istiqamətdə hazırlanan yeni ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesində şəffaflığın və obyektivliyin təmin edilməsinin təhsil sistemi üçün həyati əhəmiyyət daşıdığını söyləyib. Nazir bu işdə DQŞ-nin üzərinə daha böyük məsuliyyət düşdüyünü, yeni tərkibdə təmsil olunan tanınmış mütəxəssislərin bu taleyüklü məsələnin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib. Sonra təhsil naziri dərslik islahatı sahəsində son vaxtlar atılan və gələcəkdə atılacaq addımlar barədə görüş iştirakçılarını məlumatlandırıb, tövsiyələrini nəzərə çatdırıb, bu məsul işdə DQŞ üzvlərinə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında DQŞ-nin qarşısında duran vəzifələrə diqqət çəkərək, dərslik yaradıcılığının son dərəcə ciddi bir iş olduğunu söyləyib. Bu istiqamətdə gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən danışan nazir müavini DQŞ üzvləri üçün səmərəli fəaliyyət şəraitinin yaradılacağını, onların əməyinin stimullaşdırılacağını, bütün bunların sayəsində dərsliklərin keyfiyyətinin yüksələcəyinə əmin olduğunu bildirib. Görüşdə DQŞ üzvlərinin sualları cavablandırılıb və müvafiq təklifləri dinlənilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR