Avropanın 30 QHT-sinin layihələrini biz maliyyələşdirik
Bizi izləyin

Qırmızı.az

Avropanın 30 QHT-sinin layihələrini biz maliyyələşdirik

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramı çərçivəsində maliyyələşdirdiyi Macarıstanın "Subyektiv Dəyərlər" Fondunun təşkilatçılığı ilə Budapeştd

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramı çərçivəsində maliyyələşdirdiyi Macarıstanın "Subyektiv Dəyərlər" Fondunun təşkilatçılığı ilə Budapeştdə insan hüquqlarının vəziyyəti və vətəndaş cəmiyyətlərinin əməkdaşlıq imkanları mövzusuna həsr edilmiş konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, toplantını açıq elan edən Fondun proqram koordinatoru Belent Yaşa ilk çıxış üçün sözü Azərbaycan Respublikasının Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyevə verib. Azərbaycan və Macarıstan dövlətlərinin iqtisadi, siyasi və mədəni sferada münasibətlərinin yalnız müsbət tarixə malik olduğunu bildirən səfir iki ölkə arasında əməkdaşlıq sahələrinin get-gedə artdığını vurğulayıb. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında yaranmağa başlayan QHT-lərin ölkənin ictimai problemlərinin həllində mühüm rola malik olduğunu bildirən Vilayət Quliyev milli donor inistitutu kimi 2008-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə Şuranın yaradılmasının bu sektorun inkişafına böyük töhfə verdiyini qeyd edib. Şuranın dəstəyi ilə ölkəmizin bir qrup QHT rəhbərinin Macarıstana səfəri hər iki dövlətin vətəndaş cəmiyyəti sektorlarının əməkdaşlığının güclənməsinə yardım göstərəcək.

Uşaq Hüquqları üzrə QHT Koalisiyasının sədri Nazir Quliyev Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının təminatı işinə hər zaman böyük önəm verdiyini bildirərək 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyamızın 158 maddəsindən 50-yə qədərinin məhz bu sahəylə bağlı olduğunu qeyd edib. İnsan hüquqlarının qorunmasında Ombudsman təsisatının mühüm rola malik olduğunu bildirən QHT sədri ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə hər zaman əməl etdiyini deyib.

Azərbaycan Prezidentinin fərmanı ilə qəbul edilmiş "İnsan hüquqlarının təminatı üzrə Milli Fəaliyyət Proqramı"nda bütün sahələrin əhatə olunduğunu bildirən N.Quliyev sənədin icrasının mütəşəkilliklə həyata keçirildiyini vurğulayıb. QHT sədri Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində doğma evlərindən köçkün düşən 1 milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün macar həmkarlarından dəstək istəyib.

"Demokratik İslahatçı Gənclər" İB-nin sədri Vüsalə Hüseynli Azərbaycanda qadınların hüquq və azadlıqlarının təminatı məsələsinin ölkənin ali qanununda təsbitini tapdığını bildirib. QHT sədri Azərbaycanın 1995-ci ildə Qadınlara qarşı ayrıseçkliyin bütün formalarının ləğvi ilə bağlı Konvensiyaya qoşulduğunu deyərək bilavasitə qadınlarla işləyən dövlət komitəsinin artıq 15 ildən artıq müddətdə fəaliyyət göstərdiyini qeyd edib.

Macarıstan ombudsmanının müavini Csikos Tmia fundamental hüquq və azadlıqların qorunmasında ombudsmanın rolundan bəhs edərək qanunvericiliyin qorunması istiqamətində onun üzərinə düşən vəzifələr və parlament qarşısında hesabatlıq məsələri haqqında məruzə edib.

Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycan Respublikasının 23 illik müstəqillik tarixində böyük inkişaf yolu keçdiyini bildirərək ölkəmizdə vətəndaş cəmiyyətinin ictimai, sosial, mədəniyyət və digər sahələrdə beynəlxalq təsisatlarla sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu bildirib. R.Zeyni vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu və dövlətin bu sektora dəstəyinin mexanizmləri haqqında da danışıb.

MQF-nin ölkədə ən böyük QHT koalisiyası olduğunu deyən R.Zeyni fəaliyyətlərini əsas istiqamətləri ilə toplantı iştirakçılarını tanış edib. Ermənistanın Cənubi Qafqazda yeganə monoetnik və işğalçı siyasət yeridən dövlət olduğunu söyləyən MQF prezidenti 20 ildən artıq müddətdə 1 milyondan çox Azərbaycan vətəndaşının köçkün vəziyyətdə yaşamasının, hüquqlarının kobud şəkildə pozulmasının bütün dünya üçün utancverici olduğunu qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yoluna nəzər salaraq dövlətin bu sahədə həyata keçirdiyi siyasətin QHT-lərin potensialıının artmasına və vətəndaş təşəbbüskarlığının dəstəklənməsinə istiqamətləndiyini bildirib. 2007-ci ilədək yalnız xarici donorlardan asılı olan QHT-lərimizin bütün sahələrdə azad fəaliyyət göstərməsi üçün dövlətimiz tərəfindən münbit şərait yaradıldığını qeyd edən F.Qurbanov Azərbaycanın sivil, müasir, inkişaf edən müstəqil siyasət yürüdən ölkə olduğunu vurğulayıb.

Şura nümayəndəsi Azərbaycanın maliyyə dəstəyi ilə hazırda 14 Avropa ölkəsinin 30 QHT-si tərəfindən layihələrin icra edildiyini bildirib. Şuranın bir qədər öncə xarici QHT-lər üçün ikinci qrant müsabiqəsinin elan olunduğunu bildirən F.Qurbanov artıq bu dövlətlərin sırasına Yaponiya, Kanadanın da daxil edildiyini söyləyib. Azərbaycanın tolerant, özünəməxsus milli dəyərləri olan ölkə olduğunu söyləyən nümayəndə heyətinin rəhbəri yeganə önəmli problemin Ermənistanın Azərbaycan toraqlarını işğal etməsindən doğan məsələlər olduğunu qeyd edib.

F.Qurbanov Şuranın Macarıstan və digər Avropa dövlətlərinin vətəndaş cəmiyyəti ilə mədəni, humanitar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bugünkü toplantının Azərbaycan QHT-lərinin macar həmkarları ilə təcrübə mübadiləsinə həsr olunduğunu deyən F.Qurbanov gördüklərindən məmnun olduğunu vurğulayıb. O, Şuranın vətəndaş cəmiyyəti sahəsində qazandığı təcrübəni paylaşmağa, mədəniyyətlərarası dialoqun inkişafına dair birgə tədbirləri, islamafobiya, ksenofobiya, irqçilik əlehinə olan layihələri dəstəkləməyə hazır olduqlarını qeyd edib. F.Qurbanov Şura olaraq Avropalı QHT-lərdən innovativ təkliflər gözlədiklərini bildirərək macar və Azərbaycan QHT-ləri ilə əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

"Subyektiv Dəyərlər" Fondunun İdarə Heyətinin üzvü Akos Dominus, Şotland Yeniliklər Kilsəsinin təmsilçisi Aaron Stevens, Əlil Uşaqlar üçün Bərabərhüquqluluq İmkanları Təşkilatının sədri Losonez Maria, "Dialoq Platfomasi" təşkilatının sədri Ömər Almak, Avropa Birliyi Komissiyasının Erasmus proqramının Ailə və Uşaq Problemləri İnistitutunun Macarıstan üzrə koordinatoru İvet Karvalits, "Sağlam İnkişaf və Maarifləndirmə" İB-nin sədri Anar Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Təranə Həsənova, "Əlil Qadınlar" Cəmiyyətinin sədri Məhluqə Rəhimova, "Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, "Sönməz Məşəl" Mədəni Əlaqələr İB-nin sədri Şəhla Nağıyeva çıxış edərək Şuranın dəstəyi ilə vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdiyi layihənin iki ökə arasında bütün sahələrdə müşahidə olunan inkişafın dinamikasının daha da yüksəlməsinə və mövcud potensialın səfərbər olunmasına müsbət təsir edəcəyini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm