Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin "ASAN xidmət" və "Təmiz Şəhər" ASC ilə birgə həyata keçirdiyi "Hər kağızı bir yarpağa dəyişək"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə
beynəlxalq dialoq) İctimai Birliyinin "ASAN xidmət" və "Təmiz
Şəhər" ASC ilə birgə həyata keçirdiyi "Hər kağızı bir yarpağa
dəyişək" layihəsi başa çatmışdır.
İctimai Birlikdən bildiriblər ki, fevralın 3-dən etibarən start
götürmüş layihə çərçivəsində vətəndaşlar Bakı şəhərində fəaliyyət
göstərən ASAN xidmət mərkəzlərinə xeyli miqdarda kağız təhvil
vermişdir. Layihənin şərtlərinə əsasən, təhvil verilən hər 50 kq
kağız 1 ədəd ağacın əkilməsinə imkan yaratmışdır. Beləliklə, 3 ay
davam edən layihə çərçivəsində toplanmış 78 810 kq kağız məhsulu
müqabilində 1576 ədəd ağac alınmışdır.
Layihənin yekunu olaraq aprelin 5-də İqtisadiyyat və Sənaye
Nazirliyinin və digər təşkilatçıların, eləcə də layihəyə dəstək
göstərən dövlət qurumlarının, özəl müəssisə və fiziki şəxslərin
iştirakı ilə "Təmiz Şəhər" ASC-yə məxsus Balaxanı şəhər
tullantılarının zərərsizləşdirilməsi poliqonunun ərazisində
ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı Balaxanı poliqonunun
5000 m2 yaxın ərazisi yaşıllaşdırılmışdır.
Ağacların əkilməsi üçün məhz bu ərazinin seçilməsində məqsəd
ərazinin havasını oksigenlə zənginləşdirmək, mövcud torpaq qatını
münbitləşdirmək və bununla da ərazidə ekoloji tarazlığın bərpasına
töhfə verməkdir.
Qeyd edək ki, 1 ton kağızın istehsalı üçün orta hesabla 17 ağac
kəsilir və bu kağızlar yararsız hala düşdükdən sonra tullantı
poliqonlarına daşınır. Bununla da, ağacların kəsilməsi ilə yanaşı,
torpaqlar tullantılarla çirkləndirilir, torpaq, yeraltı sular və
atmosferin çirklənməsi riski artır. Lakin adıçəkilən aksiya sübut
etdi ki, kağızı ağacları kəsməklə deyil, onu təkrar emala
yönəltməklə də istehsal etmək olar. Bununla yanaşı, "Hər kağızı bir
yarpağa dəyişək" layihəsi göstərdi ki, aksiya çərçivəsində
toplanmış və təhvil verilmiş kağızın hesabına uzun illər ekoloji
fəlakət mənbəyi kimi tanınan Balaxanı poliqonunu da yaşıllaşdırmaq
mümkündür. Bu gün bu ərazi artıq tullantı sahəsini deyil, parkı
xatırladır.
|
|