BANM-da 20 Yanvar faciəsi yad edilib
Bizi izləyin

Qırmızı.az

BANM-da 20 Yanvar faciəsi yad edilib

Bakı Ali Neft Məktəbində “Qanlı 20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbində “Qanlı 20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbirdə millət vəkili Mübariz Qurbanlı və ali məktəbin professor-müəllim və tələbə heyəti iştirak edib. Tədbiri giriş nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov bildirib ki, bir neçə gündən sonra Azərbaycan xalqının başına gətirilmiş "Qanlı Yanvar" faciəsinin 24-cü ildönümüdür. O qeyd edib ki, “Qanlı tarix” illər, əsrlər ötsə də, insanlarımızın xatirələrində hər zaman yaşayacaq. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. Lakin Azərbaycan xalqı bu günü yalnız hüzn və matəm günü olaraq qeyd etməməlidir. 20 Yanvar gecəsi baş verən faciə, eyni zamanda millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. 1990-cı ilin Yanvar ayının “Qanlı Şənbə” axşamı, illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar.

Yəni bizim bu günümüz üçün öz canlarını fəda etdilər. Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır, çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Rektor bildirib ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib, Azərbaycanın ləyaqətli övladları faciəni törədənləri hər zaman lənətləyib, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan işlər aparıblar. O qeyd edib ki, ümummilli liderimiz, cənab Heydər Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürüb.

H.Əliyev Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsini həyata keçirib. E.Qasımov çıxışını Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin “Biz vətənin azadlığı və mütəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır” sözləri ilə yekunlaşdırıb. Tədbirdə çıxış edən millət vəkili Mübariz Qurbanlı bildirmişdir ki, 24 il öncə Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalıb. Xalqımız təcavüzə uğrayıb, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların altına atılıb.

O vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. O qeyd edib ki, Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilib. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb.

Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dövlət və hökümət nümayəndələri var gücləri ilə çalışırlar ki, Azərbaycan xalqının başına gətirilmiş bütün müsibətlər və faciələr dünya dövlətləri tərəfindən tanınsın və bu hadisələrə hüquqi qiymət verilsin. Biz hamımız əl -ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmalıyıq. Tədbirdə “ 20 Yanvar” faciəsi zamanı lentə alınmış görüntülərdən ibarət film nümayiş etdirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm