Dini Komitədən Suriyada döyüşən azərbaycanlılarla bağlı ikinci açıqlama
Bizi izləyin

Qırmızı.az

Dini Komitədən Suriyada döyüşən azərbaycanlılarla bağlı ikinci açıqlama

Mən belə halları xoşagəlməz sayıram. Hesab edirəm ki, ilahiyyatçılarımız, ziyalılarımız, dini icmalarımız bu istiqamətdə gənclər arasında geniş təbliğat aparmalıdırlar. Dövlət Komitəsi isə belə tədbirlərə dəstək verməyə hazırdır və bu bizim planımızda var

"Gənclərimizin dini müstəvidə olan münaqişələrdə iştirakı xoşagəlməz haldır. Bizim gənclərimiz Azərbaycanın milli maraqlarına uyğun olmayan yad çağırışlar əsasında həyata keçirilən münaqişələrə deyil, məhz Azərbaycanın milli maraqlarının təmin olunması üçün, o cümlədən Ali Baş Komandanın əmri ilə Azərbaycan torpaqlarının azad edilməsinə hazır olmalıdırlar. Onların enerjisi, düşüncəsi, həyatları bu istiqamətdə sərf olunmalıdır. Bizi bundan yayındıran hər hansı düşüncə milli maraqlarımıza ziddir və daxili dini mühitimizə də mənfi təsir göstərir".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri bunu xoşagəlməz hal saydığını qeyd edib: "Mən belə halları xoşagəlməz sayıram. Hesab edirəm ki, ilahiyyatçılarımız, ziyalılarımız, dini icmalarımız bu istiqamətdə gənclər arasında geniş təbliğat aparmalıdırlar. Dövlət Komitəsi isə belə tədbirlərə dəstək verməyə hazırdır və bu bizim planımızda var".

E.İskəndərov deyib ki, belə düşüncələrin yayılmaması üçün Dövlət Komitəsi tərəfindən geniş şəkildə maarifləndirmə tədbirləri görülür: "Bu tədbirlər kifayət etmədikdə qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycanın dövlət maraqlarına və qanunlarına zidd olan, insan ləyaqətini alçaldan dini nifrətin yayılmasını təbliğ edən həmin çıxışların, çağırışların və materialların müvafiq ekspertizası keçirilir. Onun nəticəsindən asılı olaraq, müvafiq və lazımi hüquqi addımlar atılır və bundan sonra da atılacaq".

Onun fikrincə, 20 yanvar şəhidləri, Qarabağ şəhidləri, atəşkəs dövründə öz həyatlarını Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün fəda edən şəhid mübarizlərimiz bizim gənclərimizə nümunə olmalıdır.

Komitə sədri əlavə edib ki, həm Dövlət Komitəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən dini toleranlığa, dinlərarası münasibətlərin sabitliyinə, dini zəmində nifrət yaymağa yönəlmiş istənilən təbliğatın qarşısı alınır. Bu təbliğatla məşğul olanların kimliyindən və səbəblərindən asılı olmayaraq, dini mühit üçün belə bir təsir yaranırsa, bu istiqamətdə lazımi addımlar atılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm