Qonşumun oğlu da Suriyaya döyüşməyə gedib – Reportaj - Fotolar
Bizi izləyin

Qırmızı.az

Qonşumun oğlu da Suriyaya döyüşməyə gedib – Reportaj - Fotolar

Qonşumun oğlu da Suriyaya döyüşməyə gedib – Reportaj - Fotolar

Bir neçə gün əvvəl mətbuatda Xaçmazda yerləşən “Nabran Village Holiday” istirahət mərkəzinin başqa adla fəaliyyətə başlamasına hazırlıq işləri görülməsi, Xudat şəhərində vəhabilərin şəriət məhkəməsi qurması və rayonda dini vəziyyətin qeyri-sabit olması barədə məlumatlar yer alıb. Sözügedən məlumatlara münasibət öyrənmək üçün Milli Məclisin Xaçmazdan seçilmiş deputatı İlham Əliyevlə telefon əlaqəsi saxladıq.

Deputat İlham Əliyev bizə mövcud vəziyyətə şahid olmaq və reallığı görmək üçün bizə rayona getməyi təklif etdi. Biz də Publika.Az olaraq Bakıda şənbə günü Xaçmaza yollandıq.

Xaçmazdan seçilmiş deputat mənə dedi ki, gəlişinizdən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yetkin Mehmanovun xəbəri var, məlumat vermişəm, istədiyiniz bütün məlumatların öyrənilməsində o sizə kömək edəcək.

Xaçmazdan Suriyaya göndərilən adamlar

Bu arada bizi aparan Əli adlı taksi sürücüsü də rayondakı vəziyyətdən danışırdı. Deyirdi ki, Xaçmazda vəziyyət heç də ürək açan deyil, bir qrup din adamı rayondan Suriyaya adam göndərir, əhalidə də buna qarşı narazılıqlar var: “Yəqin ki, dövlətin hüquq-mühafizə orqanlarının bunlardan xəbəri var”.

Soruşdum ki, o cür adamlardan tanıdığınız varmı? Dedi, bəli: “Xaçmazda qonşumun oğlu neçə aydır ki, yoxa çıxıb, deyirlər ki, o da Suriyaya döyüşməyə gedib. Ailəsi də, polislər də onu axtarır”.

İcra hakimiyyəti başçısının birinci müavininin tövsiyəsi

Təxminən 2 saatdan sonra biz Xaçmaz Rayon İcra Hakimiyyətinin binasının qarşısında olduq. İçəri daxil olarkən bizi Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanovun köməkçiləri – Emil Tağıyev və Emin Ağayev qarşıladı. Təqribən 20 dəqiqə sonra Y. Mehmanov da İcra Hakimiyyətinə gəldi və bizi qəbul etdi.

Görüş zamanı planlarımızı ona açıqladıq, dedik ki, rayondakı vəziyyəti gözlərimizlə görüb oxuculara çatdırmaq istəyirik. Y. Mehmanovun otağındakı kompüterdə Publika.Az saytı da açıq səhifə olaraq saxlanılırdı. Təxmin etdiyim kimi, Y. Mehmanov saytın Xaçmaz haqqında nələr yazıb-yazmamasını məndən soruşacaq.

Y. Mehmanov publika.az saytına baxaraq mənə sual verdi: -Axı niyə icra başçılarından bu qədər yazırsınız?

Mən isə dedim ki, biz olanı yazırıq, olmayanı deyil.

Xudatın rusdilli qəsəbəsindən bir gün...

İlk işimiz Xudat şəhərində vəhhabilərin şəriət məhkəməsi qurması və rayonda dini vəziyyətin öyrənilməsi məsələsi idi ki, bunun üçün də Xudat şəhərinin rusdilli ailəsi çox olan Müqtədir qəsəbəsindəki yeni inşa olunan “Şeyx Ömər” məscidinə getdik.

Burada bizi qarşılayan Məscidin İmamı və “Şeyx Ömər məscidi” dini icmasının sədri Məzahir Yəhyayev qəsəbə haqqında məlumat verdi. Bu qəsəbədə anadan olduğunu deyən M.Yəhyayev bildirdi ki, hazırda bu qəsəbədə azərbaycanlılarla yanaşı, ləzgilər və digər rus dilli əhali də çoxdur: “Rusdilli əhali də onlara yaradılan şəraitdən çox razıdırlar. Vallah, adam gərək Allahla danışsın. Gərək kor olasan ki, bu cür irəliləyişi görməyəsən. Buradakı əhali Sovet dövrü ilə indiki vəziyyəti yaxşı seçirlər. Bizim qəsəbədə sünni-şiə söhbəti də qalmayıb, hətta əvvəl burada məscid olmayanda şiə-sünni adamlar eyni məsciddə də namaz qılıblar”.

Hacı Salman mənə dedi ki,...

Məzahir Yəhyayev Xudat sələfilərinin başçısı hesab olunan Nadir Xosrovoğlunun fəaliyyətini də qiymətləndirdi: “Bir neçə il öncə həmin Nadir Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Salman Musayevin otağına gəldi. Sonra Hacı Salman mənə dedi ki, Məzahir bu Nadir imam(axund-red.) olmaq istəyir, sənin fikrin nədir? Mən də dedim ki, hacı, mən bir söz deyə bilmərəm, siz məndən daha yaxşı bilərsiniz.

O zamandan bəri də məsələ belə qaldı. İndi onlar Xudat kəndində namaz qılırlar, ibadət edirlər. Hər halda onların bu fəaliyyətindən dövlət orqanlarının məlumatı var”.

Nadir Xosrovoğlunu kim təyin edib?

Məzahir Yəhyayev Nadir Xosrovoğlu dini çağırışlar etməsi barədə yayılan məlumatlara da toxundu: “İnanmıram ki, Nadir Xosrovoğlu mənim yanımda hər hansı çağırış etsin. Çünki onlar yaxşı bilir ki, mən dövlət adamıyam. Mənim Nadir Xosrovoğlu ilə salamım var, ancaq bu adam dövlət tərəfindən təyin olunmayıb, axund, İmam deyil. Ona görə də onu tanımıram”.

İcma rəhbərindən dindarlara müraciət: “Gəlin bir yerdə olaq”

M. Yəhyayev qeyd etdi ki, hazırda Xudatda dini vəziyyət çox yaxşıdır: “Hazırda burada dövlət qeydiyyatından keçən 2 məscidimiz var. Bundan əlavə, Xudatda camaat tikən məscidlər və ziyarətgah da var. Mütəmadi olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nümayəndəsi ilə görüşürük, hər şey çox normaldır, heç bir gərginlik yoxdur. Dini Komitənin sədri Elşad İsgəndərov və onun müavini Səyyad Aran da bu yaxınlarda Xaçmazda iclas keçirmişdi.

Daxili İşlər Nazirliyi (DİN) də konfrans keçirmişdi. Həmin tədbirlərdə mən də iştirak etmişəm. Yəni, sağ olsun ki, dövlət bizə qayğısını əsirgəmir. Mən buradan hər kəsə də müraciət edirəm ki, gəlin bir yerdə olaq, bu dövlətə xidmət edək, hamımız bu dövlətin övladlarıyıq. Biz gözləməməliyik ki, nə isə baş versin. Biz hər şeyi qabaqlamalıyıq. Biz dindarlar bir yerdə iş aparmalıyıq. Bu məscidə gələn hər bir insan da ilk növbədə Azərbaycan qanunlarına hörmət etməlidir. Kim hansı dini cərəyana qulluq edirsə, bu onun öz işidir. “Din və vicdan azadlığı haqqında” qanunda göstərilir ki, hər kəs qanun çərçivəsində hərəkət etməlidir. Dindarlar bilməlidir ki, məscidlər özbaşına deyil, məscidlərin üzərində nəzarət var və sairə. Allah yerli hüquq-mühafizə orqanlarından razı qalsın. Mən onlara tez-tez müraciət edirəm, məsləhətləşirəm. Bizin təhlükəsizliyimizi təmin edirlər”.

Xudatda radikal dini təhlükə

M. Yəhyayev Xudatda şəriət məhkəməsinin yaradılmasını qarşı olduğunu söylədi: “Mən bunu etirazla qarşılayıram. Axı nə şəriət məhkəməsi ola bilər? Hansı şəriət məhkəməsindən söhbət gedə bilər? Biz müstəqil və demokratik dövlətdə yaşayırıq, Azərbaycan İslam dövləti deyil ki, burada şəriət məhkəməsi olsun. Azərbaycan müasir demokratik dövlətdir, din və dövlət ayrıdır, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, qeydiyyatdan keçən dini icmalar var. Şəxsən mən dini icma rəhbəri kimi Xudatda bu kimi məsələlərə cavab verirəm. Dövlətdən kənar hər hansı bir qurum yaratmaq və addım atmaq qanuna zidd hərəkətlərdir və bu pislənilməlidir. Mən buna çox pis baxıram və buradan hüquq-mühafizə orqanlarına da müraciət edirəm ki, bunların qarşı qəti şəkildə alınsın. Mən buradan təhlükə də hiss edirəm. Bu təhlükə istər-istəməz olacaq. Çünki din pərdəsi altında dövlətdən kənar addım atılırsa, sabah başqa nə isə də yaradıla bilər. Bu məsələyə çox ciddi baxılmalıdır. Bu məsələlər təhlükəli məsələrdir. Şəriət məhkəməsinin yaradılması məsələsi qınanmalıdır. əgər bununla bağlı məsələni boş buraxsaq, sonrası yaxşı olmayacaq”.

Döyüşmək əsl məkan Suriya deyil, Qarabağdır

M.Yəhyayev həmçinin deyir ki, Xudatın Müqtədir qəsəbəsindən Suriyaya döyüşməyə gedən adamlar yoxdur: “Bəlkə də başqa yerlərdə var, xəbərim yoxdur. Ancaq bizdə belə şey yoxdur”.

Müsahibəmiz başa çatandan sonra Məzahir Yəhyayev bizə Müqtədir qəsəbəsindəki parkda dəfn olunan şəhid olmuş ailə üzvlərinin və yaxınlarının məzarını göstərdi və bu haqda məlumat verdi. Bildirdi ki, qardaşı oğlu və yaxınları Qarabağ müharibəsi zamanı şəhid olublar: “Bizim üçün döyüşmək əsl məkan Suriya deyil, Qarabağdır, lazım gəlsə gedib Qarabağda şəhid olmalıyıq. Zalımla məzlumun mübarizəsi Qarabağda aparılmalıdır”.

“Nabran Village Holiday” sabiq MTN-çiyə icarəyə verilibmiş

İmam Məzahir Yəhyayevlə sağollaşıb yollandıq “Nabran Village Holiday” istirahət mərkəzinə ki, oradakı vəziyyəti yerindəcə öyrənək. Sözügedən məkana çatan zamanı ətrafda bir nəfər gözətçi var idi. İstirahət mərkəzinin əsas giriş qapısına isə “işləmir” sözləri yazılmış plakat asılmışdı. Gözətçi ilə bir neçə dəqiqəlik söhbətim oldu. Soruşdum ki, bura nə zaman açılacaq? Dedi ki, bilmirəm, belə getsə heç zaman açılmayacaq: “Çünki bu ayın sonunda Xaçmaz məhkəməsində “Nabran Village Holiday” istirahət mərkəzinin 4 əməkdaşının məhkəməsi keçiriləcək. Məhkəmənin qərarı olmadan isə buranın açılması mümkün deyil. Özü də indi vəziyyət çox pisdir, “Nabran Village Holiday”in əsas “arendatoru” olan Ramiz adlı şəxsi də həbs ediblər. Onunla 4 nəfər olub. Buranın “arendatoru” olan Ramiz MTN-də işləyib, Nizami İsgəndərovun tanışı idi. Hazırda burada gözətçidən başqa heç kəs olmur”.

Azərbaycanın 39 şəxsiyyətinin büstü olan muzey

Əsas işimiz demək olar ki, yekunlaşmışdı. Ancaq düşündük ki, Bakıdan Xaçmaza bu qədər yolu qət etmişkən Xaçmazın mərkəzi ilə də tanış olaq, xatirə foto çəkdirək. Odur ki, yollandıq ilk növbədə Xaçmazın mərkəzində yerləşən Şəxsiyyətlər Muzeyinə. Burada bizə məlumat verildi ki, Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulub. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılıb, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub. Muzeydə olan beş fəvvarə yenidən qurulub, ərazidə bulaq kompleksi inşa edilib və sairə. Yeri gəlmişkən, prezident İlham Əliyev də 2011-ci ilin sentyabrında bu muzeylə tanış olub.

Seyrəngah, Xalça Muzeyi, Qoşa qapı, bulaq və samovar kompleksləri

Daha sonra Heydər Əliyev Seyrəngahında olduq. Seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, samovar kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılıb. Kompleks müasir qaydada işıqlandırılıb.

Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilib. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılıb. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mozaika ilə portretləri işlənib. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınıb, 12 metr hündürlüyündə samovar kompleksi yaradılıb.

Samovar kompleksində fəvvarə quraşdırılıb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Bakı prospektində avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə xüsusi mozaika ilə işlənən 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilib.

Milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilib. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir.

Xaçmaz Xalça Muzeyi də 2006-cı ildə yaradılıb. 2011-ci ildə muzeyin binası sökülərək müasir üslubda inşa olunub. Muzeyin fondunda 153 eksponat var. Onlardan 130-u ekspozisiyada nümayiş olunur. Muzeydə nümayiş olunan ən qədim eksponat “Zeyvə” xalçasıdır. Uzunluğu 4 metr olan xalçanın 3 əsr yaşı var. Ondan keçmişdə süfrə kimi istifadə olunub. Ekspozisiyada nümayiş olunan xalçaların çoxu “Quba- Şirvan” qrupuna aiddir. Burada ən cavan eksponat isə, “Çiçi” xalçasıdır. O, XIX əsrin sonunda toxunub. Təbrizdə toxunan “Şah Abbas” xalçası isə XIX əsrin əvvəlində hazırlanıb.

İncəsənət mərkəzində ən çox Qubada toxunan xalçalar üstünlük təşkil edir. Azərbaycanda cəmi 3 Xalça Muzeyi fəaliyyət göstərir: Bakı və Naxçıvan şəhərlərində, biri isə Xaçmazda.

Ümumiyyətlə, Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Son illər Xaçmaz və Xudat şəhər mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilib, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılıb.

Xaçmaz şəhərinin əzəmətli Giriş qapısı, Qoşa qapı kompleksi, 4 ölkənin vaxtını göstərən Saatlar qülləsi, Heydər Bulağı və İlham Bulağı kompleksləri, avropa üslubunda tikilmiş Heydər Əliyev prospektinin girişi, Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin at üstündə abidələri Xaçmaza xüsusi gözəllik verir. Bütün bu yerlər doğrudan da çox maraqlı və əsrarəngiz idi. Fotoqrafım Elçin Muradla fürsəti əldən verməyib biz də olduğumuz bu yerlərdə xatirə fotolar çəkdirdik. Artıq hava qaralırdı və bizdə işimizi yekunlaşdırıb Bakıya geri qayıtdıq.

Vasif Həsənli

Bakı-Xaçmaz-Bakı

Fotolar Elçin Murada məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm