Sonsuzluğa son qoyanlar, yoxsa sonumuzu gətirən həkimlər?
Bizi izləyin

Qırmızı.az

Sonsuzluğa son qoyanlar, yoxsa sonumuzu gətirən həkimlər?

“Ailə qurmağımızdan xeyli vaxt keçməsinə baxmayaraq, övladımız olmurdu. Televiziyada “Doktor Canpolad Klinikası”nın reklamını gördük, ora müraciət etdik. Bir neçə ay müalicədən sonra göstəricilərimiz daha da aşağı düşdü. Həkimlər bunun normal olduğunu dedilər. Vəziyyətin getdikcə pisləşdiyini gördüm və ora bir daha getmədik. 2 min manatdan çox pulum çıxdı, əvəzində nə də övlad sahibi oldum. Əksinə, səhhətimdə problemlər yarandı”.

Bu, xeyli müddət özəl klinikalardan birində aldığı müalicədən xeyir əvəzinə zərər görənlərdən birinin sözləridir. Və o, mətbuata çıxmağa özündə cürət tapan çox az insanlardan biridir. İnternetdə kiçik axtarış edəndən, sonsuzluq problemlərindən əziyyət çəkənlərlə azacıq maraqlanandan sonra daha dəhşətli faktlar öyrənmək olar. Onlarla belə ailə sonsuzluğa son qoymaq ümidi ilə bu klinikalara üz tutur. Sayı durmadan artan bu klinikaların rəhbərləri, həkimləri isə reklam çarxlarında özlərini elə təqdim edirlər ki, sadə insanlar onları sonsuzluğun sonu, çarəsi, dərmanı, son ümidi kimi görürlər...

Girişi “Doktor Canpolad Klinikası” ilə başlasaq da, bu klinika tək deyil. Bu gün televiziya və internet bəzəyən belə klinikaların sayı onlarladır.

Sonu gətirən sonsuzluq

Əvvəlcə başlayaq yağışdan sonra göbələk kimi ortaya çaxan bu klinikların artım səbəbindən. Sonsuzluğu müalicə edən klinikaların sayı niyə artır? Səbəblər isə müxtəlifdir. İlkin səbəb ölkəmizdə özəl tibb müəssisələrinin fəaliyyətinə “yaşıl işıq” yandırılmasıdır. Yəni, qanun bu artımı dəstəkləyir və bu, kifayət qədər doğru qərardır. İnkişaf etmiş qərb dövlətlərində də səhiyyənin əsasını məhz özəl klinikalar təşkil edir. Digər səbəb isə müalicəyə ehtiyacı olanların sayında olan artımdır.

RƏSMİ STATİSTİKA: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə respublikada 12088 boşanma qeydə alınıb. Və maraqlıdır ki, bu boşanmaların yarıdan çoxu - 6840 boşanma uşaqsız ailələrin payına düşüb. Düzdür, ölkədə sonsuz ailələrin statistikası aparılmır və yuxarıda göstərilən rəqəmin də məhz bu səbəbdən ortaya çıxdığını birmənalı olaraq iddia etmək olmaz. Lakin bir çox uşaqsız ailənin dağılmasının kökündə məhz bu amılın dayandığını da istisna etmək olmaz. Azərbaycan mentalitetində ailənin ömrünün övladla bağlı olması faktı da gerçəklikdir. Və şübhəsiz ki, Statistika Komitəsinin açıqladığı bu rəqəmlər klinika açmaq istəyənlərin də nəzırindədir. Bunun səbəbidir ki, övladı olmadığına görə ayrılan cütlüklərin sayı ilə sonsuzluğu müalicə edən klinikaların sayındakı artımda mütənasiblik müşahidə edilir.

Tələb var, təklif necədir? Və ya pediatrdan androloqa

Araşdırmamızı bu sual ətrafında aparmaq qərarına gəldik. Sonsuzluğun artmasının kökündə nə durur? Həkimlər ətraf mühit, texnologiyanın inkişafı, oturaq həyat tərzi, düzgün qidalanmamaq, zərərli vərdişlər və s. bu kimi səbəbləri göstərirlər. Həqiqətən də, yuxarıda sadalananlar ciddi problemlərə səbəb olur. Bu gün müalicə kursları keçmədən övlad sahibi olan cütlüklərin sayı gün-gündən azalır. Bunun üçün isə statistikaya baxmaq lazım deyil. Ətrafımıza baxmaq kifayət edir...

Buna görə də, ölkədə “Doktor Canpolad Klinikası”, “Laçın” kimi klinikaların da sayı durmadan artır. Yuxarıda da dediyimiz kimi, belə klinikaların sayının artması problem deyil. Problem onların göstərdiyi xidmətin səviyyəsi ilə bağlıdır. Araşdırmalar göstərir ki, adıçəkilən klinikalarda insanları müalicə edən həkimlər heç də birbaşa ixtisas sahibləri deyillər. Elə yazının girişində sözlərini verdiyimiz xəstənin müalicədən razı qalmamasının səbəbi də budur. Çünki nə Azərbaycan Tibb Universitetində, nə də tibbi təhsil verən digər təhsil ocaqlarımızda androloq fakültəsi var. Bir sözlə, ölkədə androloq yetişmir! Pediatr, psixiatr ixtisaslarının sahibləri də Biləcəridən bir az kənara çıxaraq, hansısa xarici ölkənin orta səviyyəli tibb universitetinin qapısından girərək bir neçə günlük kurs keçəndən sonra əllərində androloq sertifikatı ilə Azərbaycanda “mütəxəssisə” çevrilirlər. Özəl klinikalarda əhaliyə “xidmət” göstərənlərin böyük əksəriyyəti belə “mütəxəssislərdir”. Ya da qarşımıza ixtisasca yerli həkimlərdən çox da irəli getməyən, öz ölkəsində qulaq, burun həkimi kimi tanınan xarici “təcrübəli mütəxəssislər” çıxarılır.

Gözdən-könüldən iraq olanlar

İllərdir ölkədə sonsuzluğu müalicə edirik deyə reklam çarxları ilə xəstə cəlb edən klinikalardan biri də “Laçın” klinikasıdır. Uzun illər klinikanın reklam siması olan, sonsuzluğa çarə tapacağı iddia edilən iranlı həkim Behnam Kazeminin adı çoxlarına tanışdır. Maraqlıdır ki, Azərbaycanda sonsuz ailələrə övlad bəxş edəcəyini, möcüzə yaradacağını deyən bu həkim ölkəsində burun-boğaz həkimi olub. Bəzi mənbələr isə onun heç lor həkimi kimi də tanınmadığını iddia edirlər. Əvvəl adıçəkilən klinikada işləmiş mənbənin məlumatına görə, onun müalicəsindən xeyir görməyənlər dəfələrlə klinikaya hücum edib. Hətta klinikaya bıçaqla gələnlər də olub. Buna görə də Kazeminin otağının qarşısında daima 3 mühafizəçi dayanırmış. Onun özü isə telefon nömrəsini tez-tez dəyişməsi ilə də məşhurlaşıb.

Araşdırmamız zamanı bəlli oldu ki, artıq Kazemi “Laçın”da çalışmır. İndi onu Ruslan Qüdrətov adlı başqa həkim əvəz edir. Amma doktor Qüdrətov da ixtisasca pediatrdır. Bu yerdə “Kazemiyə şükür” demək yerinə düşür.

Sonsuzluğu və kişi zəifliyini müalicə edən həkimlərdən söz düşən zaman reklam “ulduz”larından olan Canpolad İmanovu da unutmaq olmaz. Canpolad İmanov da bir müddət “Laçın” klinikasında işləyib. Sonradan orada əldə etdiyi maddi və “elmi” biliklərlə özünə yeni bir klinika açıb. Sabunçu rayonu Bakıxanov qəsəbəsində gözdən-könüldən iraq bir yerdə yeni tikilmiş binalardan birinin həyətində “Doktor Canpolad Klinikası” fəaliyyət göstərir. Deyilənə görə, “doktor” Canpolad da fərqli ixtisas sahibidir və hətta tibdən tamamilə uzaq bir çox işdə də çalışıb.

Darçın, zəncəfil, sarıkök - SONSUZLUĞA SON

Axı pediatr, lor və digər ixtisas sahibləri sonsuzluğu necə müalicə edə bilər?

Bir ildən çox “Laçın” klinikasında həkim-androloq işləmiş Vaqif Hüseynov bəzi gizlinlərə işıq salır: “O klinikada o qədər dəhşətli hadisələr baş verirdi ki... İranlı həkimlər ora toplanandan sonra işdən çıxdım. Onlar bəzi xəstələri 10-15 min manat aldadıblar. “Laçın”, “Doktor Canpolad Klinikası” klinikalarında çalışan androloqlar ixtisasca psixiatr, lor həkimləridir”.

Klinikalarda müalicə üsullarından, qeyri-ixtisas sahiblərinin necə işləməsindən danışan V.Hüseynov bildirir ki, bu klinikalarda işləyən “həkimlər” xəstələrə pul kisəsi kimi baxırlar və müalicə üsullarının heç bir elmi əsası yoxdur: “Kazımı ixtisasca burun-boğaz həkimi idi, onun andrologiya barədə heç bir məlumatı yoxdur. O xəstəni müalicə etmək üsulundan belə xəbərsiz idi. Onun lor həkimi olmasına belə şübhə var idi. Yalnız klinika rəhbərliyi ilə şəxsi tanışlığı hesabına orada işləyirdi, etdiyi müalicə qeyri-elmi, qeyri-tibbi müalicə idi. Sonsuzluğun müalicəsi üçün kiçik bankada xəstələrə 100 manata dərman satırlar. Dərman adı ilə satdıqları darçın, zəncəfil, sarıkökün guya balla qarışımı idi. Həmin qarışığın ümumi xərci 7-8 manat etmirdi. Heç bu qarışığın adı belə yox idi. Hər bir xəstə mütləq bu “dərmanı” almalı idi. Üstəlik, bu qarışığı həm kişi, həm də qadınlara verirdilər. Onların ikisinə də eyni müalicə tətbiq etmək mümkün deyil. Bu iradı tutanda isə “nəyinə lazımdı, sən maaşını al” deyirdilər. O klinikada işləyənlərin əksəriyyəti qeyri-ixtisas sahibləridir. Klinikanın rəhbəri Xuraman Muradovanın ixtisasının tibbə aidiyyatı yoxdur. İxtisası da texniki sahədədir. Hansısa zavodda anbarda işləyib. Onların rəhbərlərinin, həkimlərinin beynindəki yeganə fikir hansı yolla olursa olsun pul qazanmaqdır”.

Küçədən keçənlər laborant vəzifəsində

V.Hüseynov deyir ki, işə götürülən işçilərin savadı, həmin ixtisasa uyğun olub-olmaması rəhbərlik üçün maraqlı deyilmiş. İşə qəbulda ancaq şəxsi tanışlıq, dostluq rol oynayırmış: “Azərbaycan Beynəlxalq Universitetini bitirib diplom almayanları, küçədən tutub gətirdikləri insanları laborant qoyurdular. Heç bir müalicəvi əhəmiyyəti olmayan aparatlar işlədirdilər, MDB ölkələrində istismara yararsız olan aparatları gətirib, reklam edirdilər. Onların hansı qanunlarla işlədiyini heç özləri də bilmir”.

Onun sözlərinə görə, “Doktor Canpolad Klinikası” da “Laçın”dan fərqli deyil: “Canpolad İmanovun da ixtisası psixiatrdır. Hətta toylarda nağara da çalıb. Lakin xaricdə androloq ixtisası üzrə təhsil aldığını deyir. Lakin yaş 60-ı keçəndən sonra hansı klinikada, necə təhsil aldığı bəlli deyil. Onun klinikasında da ixtisasca androloq yoxdur. Onlar da xalqı aldatmaqla məşğuldur. “Laçın” klinikası kimi onlar da bir bankaya bir neçə bitkini yığıb satırlar. İstifadə etdikləri aparatların da heç bir əhəmiyyəti yoxdur. Çünki aparat nə qədər güclü olsa da, doğru müalicə üçün həkim, insan faktoru əsasdır. Həkim güclü deyilsə, aparatın heç bir əhəmiyyəti yoxdur. Həmin klinikada normal insanlar da işləmək üçün müraciət edir. Amma onlar da uzun müddət qala bilmir”.

Pediart, anestezioloq, yoxsa androloq

Həkim-androloq Xudaverdi Əliyev də Publika.az-a açıqlamasında bildirib ki, adıçəkilən klinikalarda pediatr, anestezioloqlar androloq işləyir: “Dövlət müəssisələrində seksopatoloq və androloq xidməti ləğv edilib, ona görə də özəl klinikalarda qeyri-ixtisas sahibləri bu xidməti göstərir. Məsələn, “Laçın” klinikasında uzun müddətdir insanları aldadan B. Kazemi də ixtisasca lordur. Bu klinikalar insanları aldatmaqla məşğuldur. Düzdür, Kazemi artıq orda işləmir, amma bildiyim qədər onu əvəz edən də əvvəllər anestezioloq işləyib”.

Diplomlu molla, falçılar

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uroloqu Vasif İsmayılov hesab edir ki, bu klinikaların insanları aldatmasına səbəb elə insanların özləridir: “Fikirlərim düzgün anlaşılmaya bilər, lakin hesab edirəm ki, bizim insanlar reklama aldanmağı, yalan eşitməyi sevir. Öz təcrübəmdə dəfələrlə olub ki, sonsuzluqdan əziyyət çəkən xəstəyə problemini başa salmışam, amma onlar bu sözlərlə razılaşmayıb, həmin “həkimlər”in yanına gedib, aylarla müalicə alıb, 3-4 min manat da pul xərcləyib sonra da şikayətlə üstümə qayıdıblar. Əvvəllər mən bu problemdən əziyyət çəkənlər üçün çox narahat olurdum. Amma indi hesab edirəm ki, maariflənmək üçün belə “həkimlər” cəmiyyətə lazımdır. Düzdür, onların tibblə heç bir əlaqəsi yoxdur, onların etdiyi işi dərvişlik, mollalıq, falçılıq adlandırmaq, özlərini isə diplomlu molla hesab etmək olar. Qəribədir ki, insanlar hələ də dərviş, molla istəyir. Əks halda onların yanına getməz, süni mayalanmaya xərcləyəcəyi puldan dəfələrlə artıq pulu onlara xərcləməz. Hətta tanıdığım şəxslər arasında da onlara müraciət edənlər var. Onlara süni mayalanma məsləhət görürəm, lakin buna razı olmurlar. Həmin “həkimlər”in yanına gedib, aldadılır, sonra da şikayət edirlər. Həmin xəstələr özləri-özlərini aldadırlar”.

V.İsmayılov hesab edir ki, insanların aldanmasının əsas səbəbi vədlərdir: “Həmin klinikalardan bir neçə dəfə əməkdaşlıq təklifi almışam. Amma mənim insanları hər hansı veriliş, proqramla aldadanlarla işim olmaz. Bu “həkimlər” insanları yalançı vədlərlə aldatmaqla məşğuldur. Biz xəstəyə övlad sahibi olmağının mümkünsüzlüyünü, ya da əməliyyatla mümkün olacağını deyirik. Amma bizə inanmırlar. Amma həmin klinikadakılar ilk “müayinədən” sonra bunun mümkün olduğunu deyirlər. Onlar kompüterdən istifadə edən mollalardır. Əminəm ki, həmin klinikalara müraciət edənlərin içində bir şübhə olur. Ancaq təəssüf ki, yenə də ora üz tuturlar”.

Sualımız cavab gözləyir

Bəs illərdir bu işlə məşğul olan klinika sahibləri onlara qarşı səsləndirilən fikrilər barədə nə düşünür?

İlk olaraq sonsuz ailələr “övlad paylamaqla” məşhurlaşan “Laçın” klinikası ilə əlaqə saxladıq. Klinikadan Behman Kazeminin bir müddət əvvəl rəhbərliyin qərarı ilə işdən azad edildiyini dedilər. Onun vəzifəsini isə Ruslan Qüdrətov əvəz etdiyini təsdiqlədilər. Lakin klinika ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirmək üçün baş həkimlə danışmaq cəhdimiz baş tutmadı. Klinikada bir çox qərarları verə biləcək səlahiyyətdə olduğunu deyən Mehriban adlı xanım, ehtiyac olarsa özlərinin bizimlə əlaqə saxlayacaqlarını dedi. Amma nədənsə, özünü səlahiyyət sahibi kimi təqdim edən xanım bizim suallarımıza cavab verə biləcək səlahiyyətdə olmadığını bildirdi. Biz dəfələrlə cəhd edərək, bir neçə gün gözləsək də, bizimlə əlaqə saxlayan olmadı.

Onların işi yoxdur

Canpolad İmanov isə adını daşıyan “Doktor Canpolad Klinikası” barədə istər mətbuatda yazılanlar, istərsə də həkimlərin onun haqqında söylədiklərinin əsassız olduğunu dedi: “Düzdür, ixtisasca psixoterapevtəm. Lakin mən Ukraynanın tibb elmləri namizədiyəm, terapevt androloqam, androloq vəsiqəm var. Mənim haqqımda danışanların işi yoxdur, xəstə müalicə edə, sağalda bilmirlər, belə işlərlə məşğuldur. Azərbaycanda bu ixtisas olmadığına görə, Ukraynada oxumuşam. Ləyaqəti olmayan, işi olmayan, məsuliyyətsiz insanların fikrinə uymaq olmaz, internetdə çox şey yazıla bilər”.

Hansı müalicə üsullarının tətbiqinə gəldikdə C.İmanov dünya andrologiya elmində tətbiq olunan üsullardan istifadə etdiklərini dedi: “Dünyanın tətbiq etdiyi üsulları istifadə edirəm, dədə-baba üsulları yox. Həkiməm, androloqam, psixoterapevtəm. Bu elmlər əsasında müalicə edirəm”.

Şübhə edək, etməyək?

Psixiatr, lor, pediatrın sonsuzluğa son qoymağına şübhələnək, yoxsa yox? Onların bu ixtisasla androloq işləmələri, darçın, sarıköklə müalicəyə iddia etmələri, insanların üstündə adı belə yazılmayan bu qarışığı dərman kimi qəbul etməsinin özü bir möcüzə deyilmi?

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm