Botanika bağından kəsilən ağaclar nə üçün gizlədilir? - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Botanika bağından kəsilən ağaclar nə üçün gizlədilir? - FOTOREPORTAJ

“Bu ağaclar Botanika bağındandır, atmışdılar küçəyə götürüb əkirik”

Bu günlərdə Facebook-da, mətbuatda AMEA-nın Botanika bağında ağacların kəsilməsini əks etdirən fotolar yayılıb. Ağacların məhz akademiyanın bağından kəsilməsi isə ciddi səs-küyə səbəb olub.

Əslində səs-küy səbəbsiz deyil. Çünki yayılan məlumatlarda yaşlı ağacların yerində bina tikiləcəyi bildirilir. Oksigen mənbəyi olan ağacın yerində bina tikilməsi, üstəlik Botanika bağı ərazisində heç də məntiqli qərar deyil.

Bir neçə gündür səs-küyə səbəb olmuş məsələyə münasibət bildirən Botanika İnstututunun rəsmiləri ağacların ərazidə kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası olmadığını bildirirlər. Məlumatda bildirilir ki, yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqurma işlərinin aparılması gözlənilir.

Məlumatda həmçinin bildirilir ki, ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb. Bağın rəhbərliyi də bunu nəzərə alaraq, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək.

Yaranan bu iki fikirliliyə son qoymaq, eləcə də çıxarılmış ağacların sonrakı taleyini yerindəcə öyrənmək üçün Botanika bağında olduq. Bağın ətrafında gəzərək ağacların kəsildiyi sahəni tapdıq. Artıq ağacların yeri elə səliqə ilə şumlanmışdı ki, sanki burada ümumiyyətlə ağac olmayıb. Kommunikasiya xətlərinin bağdakı ağaclar üçün hansı təhlükə yaratdığını deyə bilmərik, Amma demək olar ki, bağın hasarına bitişik tikilən hündürmərtəbəli binaların ağac və bitkilərin inkişafına mənfi təsiri qaçılmazdır. Bundan başqa yaşlı ağaclar kəsilsə də, ərazidə yeni əkilmiş ağaclar da vardı. Yəni, həmin ağaclar da bir gün böyüyəcək və onların da kökünün inkişafına maneə olacaq. Ağac əkilərkən orada kommunikasiya xəttləri nə üçün nəzərə alınmayıb? Kommunikasiya xəttləri olan yerdə köhnələr qırılarkən yenilər nə üçün əkilib?

Bu suallara cavabı isə Botanika bağının rəhbərliyindən öyrənməyə çalışdıq.

Amma rəhbərlikdən əvvəl bağın yaxınlığında yaşayan sakinlərlə danışdıq.

Əllərində ağac aparan insanlar, ağacların kəsildiyi bir ərazidə diqqət çəkməyə bilməzdi. Elə biz də yaxınlaşıb, ağacları harda əkdikləri ilə maraqlandıq.

Onlar bağda ağacların kəsildiyini və yerində bina tikiləcəyini dedilər. Əkdikləri ağacların da həmin bağdan küçəyə atıldığını bildirdilər.

Yaxınlıqda meyvə-tərəvəz satışı, kişi salonu işlədən şəxslər kəsilmiş ağacların maşınlarla aparıldığını dedilər:

“Böyük ağacları maşınlarla apardılar. Hətta bir maşın da AZTV apardı, yəqin onlar da əkəcəklər həyətlərində. Balacaları isə gətirib bizim həyətə tökdülər. Biz də götürüb, boş qalan torpaqlarda əkirik. Cavan ağaclardır, böyüyüb həyətə kölgə salacaq. Onlar atıblar, biz ölməyə qoymamalıyıq, əkirik ki, yaşasınlar. Keçən il bizim uşaqlar qurumuş ağaclardan gətirib ocaq qalamışdılar, 5 uşağın hərəsinə 525 manat cərimə kəsmişdilər ki, ağacları qırmısınız. Amma indi özləri yaşlı, cavan deməyib ağacları kökündən çıxarıb, küçəyə atırlar. Buna görə kim cəzalandırılmalıdır?”

Sakinlər dedilər ki, ağaclar kəsiləndən sonra əraziyə daxil olmaq üçün arxa tərəfdən də yeni qapı açılıb. Amma həmin vaxt qapı bağlı olduğundan, əraziyə əsas girişdən girməli olduq.

Bağın girişindəki mühafizəçilər bizi görən kimi gəliş səbəbimizi anlasalar da, məqsədimizi, yəni rəhbərliyin məsələyə münasibət bildirməsini istədiyimizi dedik. Amma onlar direktorun işdə olmadığını, müavinlərinin də tədbirə getdiyini, bizə məlumat verəcək heç kimin olmadığını bildirdilər.

Elə bunu deyirdilər ki, səs-küy yarandı “rəis gəldi” deyərək, bizə kənara çəkilməyimizi bildirdilər. Maşını ilə əraziyə daxil olan rəhbərlə görüşməyimizin mümkün olmadığını dedilər. İsrarlarımızdan sonra isə cavabdeh şəxs kimi Yusif adlı birini çağırdılar. O isə telefonla AMEA mətbuat xidmətinin rəhbəri Səid Hüseynovla əlaqə saxladığını və əraziyə girişə icazə verilmədiyini dedi.

Daha sonra isə kassada oturan şəxs mühafizəçilərə yaxınlaşaraq AMEA mətbuat xidmətindən tapşırıq gəldiyi xəbərdarlığını etdi:

“Bir nəfər əraziyə icazəsiz daxil olub çəkiliş apararsa, altımız da gedəcəyik. Ona görə diqqətli olun”.

Məsələ ilə bağlı məhdudiyyət qoyulduğu iddia edilən S.Hüseynovla əlaqə saxladıq. O əvvəlcə çəkilişə icazə vermək səlahiyyətinin olmadığını desə də, heç çəkilişə ehtiyac olmadığını da vurğuladı:

“Bu barədə rəhbərliyə müraciət edilməlidir. Onlar qərar verə bilərlər. Çəkilişə icazə vermək mənim səlahiyyətimdə deyil”.

S.Hüseynov onu da bildirdi ki, bağdan kəsilən ağaclar elə bağın həyətində saxlanılır. Bağ ərazisində nəzərdə tutulmuş yerdə istifadə ediləcək. Onların başqa bir yerə aparılması mümkün deyil. Kökündən çıxarılmış ağacların yerləşdirildiyi ərazini görmək və çəkiliş aparmaq istəyimizə gəldikdə AMEA rəsmisi bunun üçün əvvəl rəsmi ərizə ilə müraciət etməli olduğumuzu bildirdi:

“Botanika bağı və ağaclar yerindədir. Ərizə yazın, ona baxılsın, lazım bilinərsə, çəkiliş aparmağınıza imkan yaradılar. İnstitut əməkdaşları da sizə bu işdə kömək edərlər. Amma hazırda həmin ağaclar üzərində, bağın ərazisində alimlər iş aparır. Çəkiliş onların işinə maneə olar”.

Bütün israrlarımıza baxmayaraq nə Səid Hüseynov, nə də Botanika İnstitutunun əməkdaşları çəkiliş aparmağımıza və əraziyə daxil olmağımıza icazə verdi. Üstəlik, bu israrlarımızın səbəbini anlamadıqlarını dedilər:

“Axı bağ ərazisində ağacların bir yerdən digər əraziyə köçürülməsi nə üçün bu qədər marağa səbəb olub anlaya bilmirik. Bu məsələ nə üçün bu qədər böyüdülür?”

AMEA mətbuat xidməti rəsmisi ağacların taleyi barədə isə rəsmi cavabın bütün redaksiyalara göndəriləcəyini dedi.

Qeyd edək ki, ərazidə olarkən bağın hasarı boyunca gəzdik. Ən azından gözlə görünən heç bir yerdə çıxarılmış ağaclara rast gəlmədik. Elə sakinlərin də torpaq tapdıqları yerdə əkdikləri şam ağacları bunu sübut edir. Axı sakinlər ağacları özləri almışdılarsa, nə üçün bağdan gətirildiyini desinlər? Bu məsələdə hansı maraqları ola bilər? Ən azı biz hər hansı maraq görmürük. Amma AMEA-nın israrla ağacları mətbuatdan gizlətməsi, deyilən fikirləri sübut edir. Əks halda, əraziyə gedən 2-3 müxbirə həmin ağacları göstərmək elə də çətin deyil. Bunun üçün bağın yetərincə bekar əməkdaşları vardı. Necə ki, biz ərazidən ayrılana qədər bizi tək buraxmadılar.

Amma görünür bu onların marağında deyil. Ağacları taleyi isə hər kəsi maraqlandırır. Sosial şəbəkədə ağacların necə çıxarılması, onların sonradan əkiləcəyini yox, məhv edildiyini göstərir. Bu fikrin yanlış olduğunu sübut etmək üçün yeganə imkan çıxarılmış ağacların əkildiyini göstərməkdir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm