Müəllimlərin əməkhaqqı qaldırllmayacaq - Səbəb
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin əməkhaqqı qaldırllmayacaq - Səbəb

Müəllimlərin əməkhaqqını çox qaldırllmayacaq - Səbəb

Publika.Az Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev “Media forum” saytına müsahibəsini kiçik ixtisarla təqdim edir..

- Təhsil Nazirliyi orta məktəblərdə 12 illik təhsil sisteminə keçiləcəyini elan edib. Buna ehtiyac varmı və təhsil sistemi buna hazırdırmı?

- Biz “Təhsil haqqında” qanunu yazarkən Azərbaycanda 12 illik təhsil sisteminə keçilməsini nəzərdə tutmuşduq. Lakin o zaman məktəblərin maddi-texniki bazası, proqramların səviyyəsi buna imkan vermirdi. Artıq bu məsələ təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulub. Hesab edirəm ki, 12 illik təhsil sisteminə keçilməsi üçün bütün əsaslar var. Bunun üçün lazımi zəmin mövcuddur, elə bir problem də yoxdur. Dünyanın əksər ölkəsində 12 illik təhsil sistemi tətbiq olunur. Bəzi ölkələrdə hətta 13 və 14 illik təhsil var. Biz də dünya, Avropa standartlarına uyğunlaşmalıyıq.

- 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda yerinə yetirilməyən məsələ çoxdurmu?

- Bəzi məsələlər var ki, hələ də yerinə yetirilməyib. Məsələn, birbaşa maliyyələşməni götürək. Yalnız ali təhsil müəssisələri adambaşına maliyyələşməyə keçib. Amma təhsilin digər pillələrində, səviyyələrində bunlar yoxdur. Hesab edirəm ki, təhsil sistemi bütövlükdə adambaşına maliyyələşməyə keçməlidir. Bunu etmək lazımdır. Həyata keçirilməli məsələ çoxdur.

- Ali təhsil ocaqlarına maliyyə müstəqilliyinin verilməsi haqda təkliflər səsləndirilir...

- Bu məsələ qanunvericilikdə var. Hazırda Azərbaycanın dörd-beş universiteti tam muxtariyyət hüququna malikdir. Amma “Təhsil haqqında” qanunun əsas strategiyası ondan ibarət idi ki, bütün ali təhsil müəssisələrinə muxtariyyət hüququ verilsin, yəni onlar sərbəst olsunlar, manevr imkanları geniş olsun, tədrislə bağlı bir sıra məsələnin həlli üçün çevik idarəetmə mexanizmlərini yarada bilsinlər. Ona görə də hesab edirəm ki, birbaşa maliyyələşdirmə, adambaşına maliyyələşdirmə, ali təhsil müəssisələrinə sərbəstliyin verilməsi çox vacibdir.

Ali məktəblərin vəsaitlərin yığılması, xərclənməsi, kadrların işə cəlb edilməsi sahəsində müstəqilliyi olmalıdır. Eyni zamanda insan, idarəetmə və digər resurslardan tam istifadə edilməsi üçün sərbəstlik vacibdir.

- Siz İqtisad Universitetinin rektoru olanda bu yenilikləri tətbiq etmişdinizmi?

- Biz İqtisad Universitetində elmi konfranslar, forumların keçirilməsi, beynəlxalq əlaqələr, proqramlarda iştirak, ikili diplomlar və başqa məsələlərin hamısını sərbəst formada tətbiq etdik və bu proses indi də davam edir. Bunun çox böyük nəticəsi oldu. İqtisad Universiteti dünyanın 120-dən çox universiteti ilə əlaqələr qurub, qarşılıqlı əməkdaşlıq edir. Universitetin maddi-texniki bazası möhkəmləndi, müasir texnologiyalar tətbiq edildi, imtahanlarla bağlı dəqiq və səlis test mexanizmi yaradıldı, beynəlxalq əlaqələrlə bağlı proqramlar həyata keçirildi.

- İqtisad Universitetində müəllimlər nə qədər maaş alır?

- İqtisad Universitetində dərs deyən və heç bir vəzifə tutmayan professorlar 1000 manat civarında maaş alırlar. Bu, universitetin vəsaitlərindən istifadə sahəsində bizə verilən sərbəstliklər nəticəsində mümkün olub. Eyni zamanda vəsaitlərin cəlb olunması, düzgün və qənaətlə istifadə də burada böyük rol oynayıb. Biz vəsaitlərdən maksimum effektiv istifadə etməyə çalışırdıq. Universitetdə bir nəfər müəllimə düşən tələbələrin sayı təxminən Avropa səviyyəsinə tam uyğundur. Yəni bir müəllimə təxminən 19-20 tələbə düşür. Amma bunu digər universitetlərə şamil etmək olmaz. Biz çox çevik və kompakt idarəetmə strukturu yaratmışdıq.

- Artıq universitet rektoru deyilsiniz. Milli Məclisin komitə sədri kimi nə planlarınız var?

- Mən bundan sonra bütün fəaliyyətimi Milli Məclisdə davam etdirəcəm. Görüləsi xeyli iş var. “Elm haqqında” qanunu başa çatdırmışıq. Yaxın günlərdə xərc tutumlu maddələrlə bağlı Maliyyə Nazirliyi ilə müzakirələr aparacağıq. Bu müzakirələr başa çatdıqdan sonra komitədə bunu müzakirəyə çıxaracağıq. Təbii ki, öncə ictimai müzakirə keçirəcəyik, AMEA-da müzakirə təşkil edəcəyik. Sonra isə Milli Məclisin plenar iclasına çıxaracağıq. “Ali təhsil haqqında” qanunun 80 faizi yazılıb. Məktəbəqədər təhsillə bağlı ayrıca qanun layihəsi hazırlanmalıdır. Təhsil kreditləri ilə bağlı bizim bəzi fikirlərimiz var. Yaxın günlərdə biz bir neçə maddədən ibarət qanun hazırlamağı düşünürük. Bu mənada işimiz çoxdur.

- Sizin deputat həmkarınız Qüdrət Həsənquliyev plenar iclaslarda dəfələrlə rektorların tələbələr tərəfindən seçilməsi məsələsini qaldırıb. Bu təkliflərin həyata keçməsi mümkündürmü?

- “Ali təhsil haqqında” qanunu yazarkən burada bir çox şey nəzərdə tutulacaq. Odur ki, qabağa qaçmayaq.

- Rektorluğun seçkili quruma çevrilməsi də olacaqmı?

- Bu indi də seçkilidir. Özəl ali təhsil müəssisələrində bu iş bir qədər ayrı cürdür. Amma bu məsələni təhsil qanununda təsisçinin səlahiyyətlərinə aid etmişik. Bu, təsisçinin, yəni dövlətin müstəsna səlahiyyətidir.

- Sizin subyektiv fikriniz necədir, rektoru tələbələr seçməlidirmi?

- “Ali təhsil haqqında” qanunu başa çatdıraq, onda müzakirələr apararıq. İndi tezdir. Məncə, hər ikisi məqbul sayıla bilər. Rektor həm təyin oluna, həm də tələbə və müəllimlər tərəfindən seçilə bilər.

- Təhsildə keyfiyyət məsələsi indi ciddi müzakirə olunur. Təhsilin keyfiyyətinin aşağı olması haqda ciddi iradlar səsləndirilir. Bu irad və tənqidlərə münasibətiniz necədir?

- Mən bununla razılaşa bilmərəm. Azərbaycan təhsili neçə illərdir ki, yeniləşir, təkmilləşir, son dövrlərdə Təhsil Nazirliyi səviyyəsində ciddi islahatlara başlanıb, yeniliklər çoxdur. Əsas odur ki, təhsil strategiyası prezident tərəfindən təsdiq edilib. Bu strategiyaya diqqət etsəniz görərsiniz ki, onun yalnız bir hədəfi var - keyfiyyətli təhsil, şəffaflıq, obyektivlik. Bunun həyata keçirilməsi təhsildə ciddi dəyişikliklərə səbəb olacaq. Həm də bu yalnız nazirlik səviyyəsində deyil, universitetlərdə də bu proses gedir. Bizim çox savadlı tələbələrimiz var.

- Bəs onda nədən orta məktəb şagirdləri repetitor yanına gedir?

- Bu başqa məsələdir. Dünyanın hansı ölkəsini göstərə bilərsiniz ki, orada orta məktəbi bitirən məzunların hamısı ali məktəbə daxil olur? Bu ola bilməz. Orta məktəbi bitirənlərin böyük qismi peşə-ixtisas təhsilinə cəlb olunmalıdır. Bunun üçün də ciddi işlər gedir. Əsas problem budur.

-Müəllimlərin sosial təminatı, əmək haqlarının artımı haqqında nə düşünürsünüz?

- Hesab edirəm ki, bir qədər gözləmək lazımdır. Bu, tədricən edilməlidir. Müəllimlərin əməkhaqqını çox qaldırmaq inflyasiya yaradar.

- Hazırda sizin İqtisad Universitetində pedaqoji fəaliyyətiniz varmı?

- Əlbəttə, var. Mən 26 ildir ki, kafedra müdiriyəm və fəaliyyətimi davam etdirirəm.

- Universitetin yeni rəhbərliyi ilə sizin aranızda problem yaranmırmı?

- Hansı problem? Heç bir problem yoxdur, niyə də olmalıdır?!

- Məsələn, sizin rektor olduğunuz dövrdəki maliyyələşmə ilə bağlı indi yoxlamalar aparılırmı?

- Biz universitetdə qanunvericilikdən kənar heç bir addım atmamışıq. Niyə maliyyə yoxlamaları aparılmalıdır? Bizim 6 illik fəaliyyətimizi Maliyyə Nazirliyi yoxladı. İndi təzədən bir də yoxlama olmasını istəyirsiniz? Vaxtı gələndə yenə də yoxlama olacaq, mənim rektor olduğum zaman bir şey olacaqsa, ona da mən cavabdehəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm