
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev sərəncam verib.
Publika.az-ın verdiyi məlumata görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikasında həyata keçirilən inkişaf
strategiyasının başlıca məqsədləri ölkədə davamlı və yüksək
iqtisadi artıma və sosial rifaha nail olub. Bunun üçün hazırkı
mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi,
qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf
mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların
gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun
yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və
idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət
göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır,
genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni,
şəhəri, qəsəbəni və kəndi əhatə edir.
Son illərdə Bakı şəhərində və onun qəsəbələrində də
tikinti-quruculuq işləri geniş vüsət almışdır. “Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı
ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları
çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı
şəhərində də irimiqyaslı infrastruktur layihələrinin
gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin
genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal
və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da
yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb.
Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və
kəndləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli
və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni iş yerləri
açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü
bəndini rəhbər tutaraq, Bakı şəhərinin və onun qəsəbələrinin
inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat
səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam
etdirmək məqsədi ilə qərara alıram:
1. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
birlikdə Dövlət Proqramının icrasını təmin edən tədbirlər
görsün;
2.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət
Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün
Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını
təmin etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
3.1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə
əlaqələndirsin;
3.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının
gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin”.