Yasamal sakinlərini narazı salan tikinti - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yasamal sakinlərini narazı salan tikinti - FOTOLAR

İndi mən harda oynayacam?

Bu sual Şərifzadə küçəsi 150 ünvanında yaşayan uşaqları xeyli düşündürür.

Buna səbəb bir neçə gündür həyətlərində uşaqların oynadığı ərazinin hasara alınmasıdır. Ərazinin nə üçün hasarlanmasını yerindəcə öyrənmək üçün adını qeyd etdiyim ünvana yollandıq. Əvvəlcə ərazidə yerləşən binaların sakinləri ilə danışıb, problemin nə vaxtdan yarandığını, bu barədə rəsmi müraciət edib-etmədiklərini öyrəndik. Həyətdə keçirdiyimiz qısa sorğu zamanı sakinlərin əksəriyyətinin tikilən obyekt barədə xəbərsiz olduğunu öyrəndik. Baxmayaraq ki, onların hər biri balaca həyətdə tikintinin aparılmasından narahatdır. Elə söhbət etdiyimiz azyaşlı uşaqlar da, oyun məkanlarının əllərindən alınmasından narahat idilər.

Ərazidə olarkən uşaqların oyun yerlərindən tez-tez maşınların keçdiyini və oyun yerlərinin əsas hissəsinin hasara alındığını müşahidə etdik.

Tikintidən xəbəri olanları da tapdıq.

1969-cu ildən bu binada yaşayan adının açıqlanması istəməyən sakinlərindən biri həyətlərində tikilən bağçanın həm istirahətlərini pozduğunu, həm də yas məclislərinin təşkilinə maneə yaratdığını dedi. Onun sözlərinə görə, rəsmilərlə söhbət zamanı ərazidə bağça tikiləcəyi deyilib.

“Ərazinin yaxınlığında 2-3 bağça olub, indi işləmir. Onların yerində yarada bilərdilər. Camaat uşağını çıxardır, ölüləri üçün məclis qurur. Bu qədər məhəllədə kimsə rəhmətə getsə, məclis qurmağa yerimiz yoxdur. Gecə-gündüz maşınlar gedir bu yoldan, pəncərə aça bilmirik. “Bizim əsas istəyimiz odur ki, ərazinin ətrafını səliqəyə salsınlar, maşınların sayını azaltsınlar”.

Bina sakinlərindən Sona Hüseynova da yasayış binasının qarşısında belə bir obyektin salınmasının düzgün olmadığını deyir.

“Deyirlər bağça tikiləcək, amma inanmırıq, aldadırlar. Əvvəl yaşadığımız yerdə də binanın qarşısında belə obyekt tikdilər, satıb bura gəldik. İndi də burda tikirlər, indi hara gedək bilmirik?

Binamızdakılarda da birlik yoxdur ki, harasa müraciət edək. Heç kim demir, amma hamı əsəb içindədir. Əsəbdən səhərə qədər yata bilməmişik. Axşamlar çıxıb otururduq, amma indi bu imkanımız olmayacaq. Üç uşağım var, harda istirahət edəcək onlar bilmirik. Xeyir-şər məclislərinin qurulmasına da yer yoxdur”.

Bir digər sakin Təranə Məmmədova da ərazidə uşaq bağçası tikildiyini eşidib. Onun sözlərinə görə, nə qədər şikayət etsələr də baxan yoxdur.

“Uşaqlarımızın yerini tutdular, maşınlarımız həyətə girə bilmir. Ətrafdakı bütün binaların sakinləri həyətə düşüb otururduq, amma artıq hava almaq yerimiz də yoxdur. Şikayət elədik ki, bura yas yerimizdir, dedilər ki "burda yas yeri olar?" Axı nə edək xüsusi yerlərdə etməyə imkanımız yoxdur”.

Sakinlərin əsas problemi tikilinin onların istirahət məkanlarını əllərindən alması, yas məclisləri üçün ərazilərinin olmaması, uşaqların oynadıqları məkanlarda maşınların hərəkəti idi. Bəs tikintini aparan təşkilat bu barədə nə düşünür? Yaranan problemlər həll olacaqmı?

Biz orada olarkən ərazidə hasarlama işləri davam etdirilirdi. İşlərə nəzarət edən şəxsə yaxınlaşıb tikinti və əhalinin narazılığı barədə suallarımızı veririk.

Yasamal rayon icra hakimiyyətinin rəsmisi olduğunu deyən Məhərrəm Kərimov ərazidə 100 yerlik bağça tikiləcəyini, amma ərazinin seçilməsinə cavabdeh olmadığını deyir:

“İcra hakimiyyətinin başçısının sərəncamı əsasında uşaq bağçaları tikilir. Bunun üçün də Heydər Əliyev fondu tərəfindən vəsait ayrılıb. Yasamal rayonunun bir neçə ərazisində bu tip bağçaların tikilməsi planlaşdırılır. Yerin məhz bu ərazidə seçilməsini yaxın ərazidə bundan daha münasibini tapa bilmədiyimizə görədir. İcra başçısı bütün Yasamal ərazisini gəzib, şəxsən maraqlanıb. Müəyyən edilib ki, hazırda bunan uyğun yer yoxdur. Bağça tikiləndən sonra ətrafı da səliqəyə salınacaq, ola bilsin ki, yaxın binaların fasadı da yenilənsin. Bundan başqa ətrafdakı köhnə qarajlar söküləcək”.

Əhalinin narazılığına gəldikdə, icra hakimiyyəti nümayəndəsi bunu əsassız hesab etdiyini dedi:

“Burda mağaza, yeməkxana açmırıq ki, bağça yaradırıq. Uşaqları olmayanlar şikayət edir, olanlar isə razıdır. Uşaqları evdən çıxan kimi bağçada olacaq. Yasamal rayonunda uşaqların 20% - i bağça ilə təmin olunub. Ona görə də, 5 bağça tikiləcək. Bu bağça isə sentyabra hazır olmalıdır”.

Qeyd edək ki, Yasamal rayonu ərazisində və məhz həmin küçədə əvvəl bir neçə bağça olub. Həmin ərazilərin nə üçün istifadə edilməməsinin səbəbinə gəldikdə icra hakimiyyəti rəsmisi onların özəlləşdirildiyini, yerin alınması üçün isə sahibkarlar tərəfindən çox yüksək qiymətlərin təklif edildiyi bildirdi.

Yas məclislərinin qurulması üçün yerin qalmamasına münasibət bildirən icra nümayəndəsi söküləcək qarajların yerində çadırlar üçün imkan yaradılacağını dedi. Hərçənd ki, göstərdiyi ərazi heç münasib deyildi. Digər küçələr istiqamətində hərəkət edən maşınların bu həyətdən keçməməsi üçün də “şlaqbaun ” qoyulacağını, yalnız bina sakinlərinin kartla içəri daxil ola biləcəyini dedi.

İndi oturub tikintinin sonunda bağça, yoxsa başqa məqsədlərlə istifadə ediləcəyini gözləmək lazımdır. Bir də vəd olunan sözlərin yerinə yetirilib-yetirilmədiyini. Məsələni diqqətdə saxlayacağıq.

Gülxar Şərif

Fotolar Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm