Təhsil Nazirliyindən ali məktəblər arasında rəqabət yaradacaq qərar
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən ali məktəblər arasında rəqabət yaradacaq qərar

Təhsil Nazirliyi abituriyentlərin düzgün ixtisas seçiminə kömək etmək məqsədilə yeni layihəyə başlayıb. “İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır” adlı kampaniya çərçivəsində hər bir təhsil müəssisəsi öz baza məktəbini formalaşdıracaq və bu proses orada həyata keçiriləcək. Bu məktəblərdə ali məktəblərə hazırlaşan abituriyentlərlə iş aparılacaq, ixtisasların hədəfi, gələcək uğurları ilə bağlı onlara ətraflı məlumat veriləcək.

Nazirliyin məlumatında bildirilir ki, son 6 ay ərzində ali məktəblərdən nazirliyə edilən şikayətlərin əsas hissəsi ixtisas seçimi ilə bağlıdır. Bu qərarın isə mövcud problemi aradan qaldıracağı güman edilir. Artıq məsələ ilə bağlı ali məktəb prorektorları ilə görüş keçirilib.

Bəs bu iş necə təşkil olunacaq? Ali məktəblər “baza məktəbləri”ni formalaşdırıbmı?

Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru Qasım Məmmədov artıq məsələ ilə bağlı ötən gün kafedra müdirləri ilə müzakirələr apardığını dedi:

“Təkcə paytaxt yox, neft müəssisələri olan bölgələrdəki məktəblərlə də bu cür əlaqələrin qurulması planlaşdırılır. Bu il ən azı 7 məktəbi əhatə edəcəyik. Əvvəlcə bu barədə məktəb rəhbərliyi məlumatlandırılacaq, əsasən yuxarı sinif şagirdləri ilə görüş keçiriləcək. Məktəb rəhbərliyi münasib bilsə, bu iş aşağı siniflər üzrə də təşkil edilə bilər. ADNA-nın müəllimləri həmin məktəblərdəki şagirdlərlə görüşəcək, bizim ali məktəbi seçdikləri halda hansı sahələrdə çalışa biləcəkləri barədə məlumat verəcəklər. Həmçinin ali məktəblərin imkanları ilə bağlı bukletlər hazırlanacaq. Bu həm də ali məktəblərin özünün təbliğatıdır. Artıq bu məsələlərlə bağlı planlaşdırma aparılıb, yaxın həftələrdə bu istiqamətdə işlərə başlanılacaq”.

Prorektor bu cür əməkdaşlığın abituriyentlərin ixtisas seçiminə təsir edəcəyini bildirdi:

“Bununla da tələbələr sonradan ixtisas dəyişmə barədə düşünməyəcəklər. Abituriyent əvvəldən hansı ali məktəbdə, hansı istiqamət üzrə hazırlığın aparılacağını bilsə, daha düzgün seçim edəcək. Bundan başqa, bu cür seçim eyni ixtisas üzrə tələbə hazırlığı ilə məşğul olan ali məktəblər arasında rəqabət mühiti də yaradacaq. Çünki tələbə yalnız ali məktəb yox, həm də onların tələbə hazırlığı, imkanları barədə də məlumat alacaq. Bu imkanların eyni olduğu ali məktəblər arasında isə təhsil haqqı az olanı seçəcəklər”.

Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov hələ nazirlik bu qərarı vermədən əvvəl, universitetin orta məktəblərlə bu istiqamətdə iş apardığını dedi. O, nazirliyin təklifi əsasında tədbirlər planının da hazırlandığını bildirdi:

“190 saylı məktəbdə uzun müddətdir ki, BSU-nun “Ali və orta təhsil koordinasiyası” kefedrası var. Ötən il 190-la yanaşı, 232, 234, Musiqi Gimnaziyasında qəbula yaxın ərəfədə yuxarı sinif şagirdlərinə ixtisaslar, universitet həyatı barədə məlumat verildi. Bundan başqa, Azərbaycan dili və ədəbiyyatı, rus dili, ibtidai təhsil fakültələrinin tələbələri pedoqoji təcrübəsini rayonlarda məskunlaşmış məcburi köçkün məktəblərində keçir. Həmçinin, 208, 41, 44, 36 saylı və s. təxminən 50 - ə yaxın orta məktəblə əlaqəmiz var. Bu məktəblərlə birlikdə tədbirlər keçiririk. Universitetin özünün məktəb kompleksi var, burada müxtəlif kafedralar yaradılıb. Keçmiş rektor Kamal Abdulla Şamaxının Sabir qəsəbə məktəbində ustad dərsi keçdi. Bu yaxınlarda universitetin 8 əməkdaşı Biləsuvar, Beyləqan, Şəki, Mingəçevir məktəblərində olacaqlar. Həmin məktəblərdən olan şagirdlərlə mütəmadi “Tələbə-şagird” konfransı keçirilir. Tələbələrimizin təcrübə keçdikləri məktəblərin şagirdləri “Tələbə dünyası” qəzetimizdə yazılarını çap etdirir, həmçinin bayram tədbirlərində əməkdaşlıq etdiyimiz məktəblərin şagirdləri iştirak edir”.

O.Səmədov məlumatlandırmada yuxarı sinif şagirdləri ilə kifayətlənməyin düzgün olmadığını, digər siniflərə də məlumat verməyin vacib olduğunu dedi:

“Bu iş yalnız paytaxt yox, bölgələrdəki məktəblərdə də təşkil ediləcək. Artıq paytaxtın 10 məktəbi proqrama daxil edilib, 7-8 bölgə məktəblərində də bu əməkdaşlıq qurulacaq. Bu zaman müəllimlərlə yanaşı, tələbələrin də həmin məktəblərə iştirakını təmin edəcəyik. Bir sözlə, layihə şagirdlərin düzgün ixtisas seçimi üçün son dərəcə vacib qərardır. Çünki hazırda bu iş valideyn, yaxınların məsləhəti ilə həyata keçirilir. Bəzən isə müxtəlif problemlər yaradır”.

Azərbaycan Dillər Univeristetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov artıq 5 orta məktəbin “baza məktəbi” kimi seçildiyini dedi:

“Amma yalnız bununla kifayətlənməyəcəyik, bu iş bölgələrdə də davam etdiriləcək. Çünki bizi və Təhsil Nazirliyini maraqlandıran əsas məsələ tələbələrin düzgün ixtisas seçməməsidir. Nazirliyin apardığı monitorinq əsasında müəyyən edilib ki, bəzi ixtisaslar üzrə tələbələrin təxminən 40% - i I kursu bitirən kimi ixtisas dəyişmək istəyir”.

Prorektor D.Yunusov bu qərarın müsbət təsirlərindən də danışdı:

“Bu ilk növbədə yanlış seçimlərin qarşısını alacaq. Həm ali məktəblərin müxtəlif ixtisaslarına maraq yaradacaq. Şagirdlərə ixtisaslar barədə də məlumatlar da veriləcək. Həmçinin, bu ali məktəblərin təbliğatına xidmət edəcək. Çünki görüşlərdə bizim ali məktəbi bitirmiş tanınmış şəxslər barədə məlumat verəcəyik. Əvvəllər də orta təhsil komissiyası olub, həmin komissiyanın üzvləri region məktəblərilə görüş keçirib.

Həmin məktəblərin şagirdləri ADU-nun mərkəzlərində olublar. Bu eyni zamanda ali məktəblər arasında rəqabəti gücləndirəcək. Biz hər il qəbul sayını 500 nəfər artırırıq və boş yerlərimiz qalmır. Bu gün ingilis dilinin tədrisi ilə məşğul olan ali məktəblər çoxdur. Bu prosesdən sonra isə hansı ali məktəbin daha yaxşı təhsil verdiyini bilib sonra seçəcəklər”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm