• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avropa Xəbər Agentliklərinin Alyansının konfransı keçirilir

Avropa Xəbər Agentliklərinin Alyansının konfransı keçirilir

Aprelin 8-10-da İspaniyanın paytaxtı Madriddə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "Yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar üçün xəbər məzmunu" mövzusunda növbəti konfransı keçirilir.

Konfransda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov iştirak edir.

Tədbiri EANA-nın prezidenti Piter Kropş və İspaniyanın EFE xəbər agentliyinin rəhbəri Xose Antonio Vera açaraq iştirakçıları salamlamışlar.

Piter Kropş Avropada baş verən siyasi və iqtisadi böhranın xəbər agentliklərinin işinə təsirindən danışmışdır. Baş verən hadisələrin fonunda EANA-nın xəbəryayma prinsipləri barədə danışan qurum rəhbəri əsas vəzifənin obyektiv informasiyanı çatdırmaq olduğunu demişdir. Bildirilmişdir ki, məhz bu istiqamətdə iş aparılır, müəllif hüquqlarının qorunması ilə bağlı fəaliyyət gücləndirilir, bu mexanizmin təkmilləşdirilməsi yolları axtarılır. Eyni zamanda, EANA çərçivəsində ikitərəfli treninq proqramları davam etdirilir.

EFE-nin prezidenti Xose Antonio Vera rəqəmsal xəbərlərin yayılması sahəsində meyllərin durmadan dəyişdiyini və inkişaf etdiyini diqqətə çatdırmışdır. O, jurnalistika sahəsində baş verən proseslərdən danışaraq, xəbərçilik prinsiplərinin sürətlə dəyişən meyillərə uyğunlaşmalı olduğunu vurğulamışdır.

Daha sonra iclasın gündəliyi təsdiq olunmuşdur.

Piter Kropşun moderatorluq etdiyi ilk hissədə "Müasir xəbərçilikdə sosial medianın rolu" barədə təqdimatla Amerika Jurnalist Tədqiqatları Mərkəzinin direktoru Emi Mitçell çıxış etmişdir. Məlumat verilmişdir ki, son illərdə Amerika Birləşmiş Ştatlarında aparılmış tədqiqatlara görə internet istifadəçilərinin böyük əksəriyyəti, xüsusilə də gənc nəsil xəbərləri məhz sosial şəbəkələrdə izləməyə üstünlük verir. Gündən-günə inkişaf edən mobil texnologiyalar bu sayın durmadan artması deməkdir. Populyarlığına görə sosial şəbəkələrin arasında ilk üçlük Facebook, Youtube və Twitterdir. Bu üçlük istifadəçilərin 50 faizini zəruri məlumatlarla təmin edir. Həmçinin istifadəçilərin 46 faizi özləri xəbər paylaşır. Videoxəbərlərin isə 64 faizi məhz sosial medialarda izlənilir.

Twitter sosial şəbəkəsinin xəbər agentlikləri arasında məsul əlaqələndiricisi Coanna Geri təqdimatında təmsil etdiyi qurumun xəbərçilik sahəsindəki operativliyindən danışmışdır. Vurğulanmışdır ki, hadisə baş verən anda istənilən şəxsin onu çəkib sosial şəbəkəyə yerləşdirməsi xəbərin operativliyini müqayisəedilməz dərəcədə yüksəldir. Məhz bu mənada ənənəvi və onlayn media sosial şəbəkələrdən xeyli geri qalır. Elə buna görədir ki, artıq bütün xəbər agentlikləri nəinki öz xəbərlərini sosial mediada da yaymağa çalışır, həmçinin onu əhəmiyyətli xəbər qaynağı hesab edirlər. Təbii ki, bu da bəzi hallarda qeyri-səhih xəbərlərin də yayılmasına səbəb olur, lakin təəssüf ki, bu qaçılmazdır.

İlk hissənin sonunda təqdimatlarla bağlı suallar cavablandırılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR