Bu çimərliklərdə EHTİYATLI OLUN - TƏHLÜKƏ
Bizi izləyin

Qırmızı.az

Bu çimərliklərdə EHTİYATLI OLUN - TƏHLÜKƏ

Ekologiya Nazirliyi xəbərdarlıq edir ki, Sumqayıt, Şıx və Sahil çimərlikləri insan sağlamlığı üçün təhlükəlidir.

Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Buzovna və Mərdəkan çimərliklərində suyun keyfiyyət göstəriciləri mikrobioloji baxımdan yaxşılaşaraq əhalinin istirahəti üçün normal şərait yaradır.

Digər çimərlik sahələrində - Sumqayıt, Şıx və Sahil çimərlik sularında mikrobioloji baxımdan suyun keyfiyyət göstəriciləri qənaətbəxş hesab edilmir.

Bu barədə ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində öz əksini tapıb.

"Abşeron yarımadasının sahil zolağında yerləşən qəsəbələrin demək olar ki, heç birində tam mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bunun nəticəsində keçirilən monitorinqlər zamanı bir sıra ciddi ekoloji pozuntu hallarına rast gəlinib.

Aparılan müşahidələr zamanı Xəzər dənizinə tökülən Samur-Abşeron kanalına müdaxilələr aşkarlanıb. Belə ki, Binəqədi rayonu bələdiyyəsinin tərkibində olan Novxanı, Goradil və Fatmayi "bağ evləri" sahəsində formalaşan tullantı suları həmin ərazidən keçən Samur-Abşeron kanalına axıdılır.

Qeyd olunan sahil zolağında yerləşən, əhaliyə xidmət göstərən istirahət mərkəzlərində və fərdi yaşayış evlərində formalaşan bərk tullantıların idarə olunması Binəqədi bələdiyyəsi ilə "Qərb Təmizlik" MMC arasında bağlanmış müqaviləyə əsasən təmin edilməlidir.

Novxanı, Goradil və Fatmayi "bağ evləri" sahəsindəki fərdi yaşayış evlərində formalaşan bərk məişət tullantılarının ətraf ərazilərə, eləcə də Samur-Abşeron kanalına və onun ətrafına atılması, bəzi yerlərdə isə qalaqlanaraq yandırılması qeydə alınıb. Ekoloji pozuntu halları Xəzər rayonunun Türkan və Suraxanı rayonunun Hövsan qəsəbələrində də aşkarlanıb".

Bülletendə o da bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində monitorinq keçirilən zaman məlum olub ki, qəsəbənin sahil zolağında yerləşən istirahət mərkəzlərində və fərdi yaşayış evlərində formalaşan bərk məişət tullantılarının müqavilə əsasında daşınmasını Bakı şəhər Kommunal Xidmətlər Müəssisəsi təmin edir.

Lakin buna baxmayaraq, ərazilərə baxış keçirilən zaman bir çox yerlərdə tullantı qutularının dolub-daşması və tullantıların ətrafa yayılması müşahidə olunub. Sahil zolağında yerləşən Buzovna, Zuğulba, Mərdəkan və Şüvəlan çimərlik ərazilərinə yaxın yerləşən yaşayış massivlərində formalaşan bərk məişət tullantılarının, ümumiyyətlə, idarə edilməməsi keçirilən monitorinq zamanı müşahidə edilib. Bunun nəticəsində ətraf ərazilər çirklənməyə məruz qalır.

Binəqədi, Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərində formalaşan müxtəlif mənşəli tullantılar aidiyyəti qurumlar tərəfindən müvafiq qanunvericiliyə əsasən poliqona daşınaraq utilizasiya olunmazsa, infeksion xəstəliklərin daha da yayılmasına səbəb ola bilər.

Bəzi çimərliklərdə pərakəndə şəkildə müxtəlif mənşəli tullantıların atılmasının qarşısı alınmalı, aidiyyəti qurumlar tərəfindən tutumlar (urnalar) yerləşdirilməli və buna ciddi nəzarət olunmalıdır. Ərazilərə müxtəlif növ tullantıların atılması, onların düzgün idarə olunmaması, yerli İcra Hakimiyyəti orqanları və Bələdiyyələr tərəfindən bu sahəyə diqqət edilməməsi sözügedən ərazilərin tam yararsız vəziyyətə düşməsinə gətirib çıxara bilər.

Sözügedən rayonlarda ətraf ərazilərə atılan bərk məişət tullantılarının daşınması istiqamətində tədbirlər görülməzsə, həmin sahələr genişlənərək gərgin ekoloji vəziyyətin yaranmasına və infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər", - deyə bülletendə qeyd olunub. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm